Xəbər lenti

 

ABŞ-ın ən ekstravaqant prezidenti olan Donald Trampın başı üzərində qara buludlar sıxlaşır. ABŞ Nümayəndələr Palatası ona qarşı impiçment prosedurunun başlanması barədə qətnamə qəbul edib. 232 konqresmen qətnamənin lehinə, 196-sı əleyhinə səs verib. Əleyhinə olanlar içində 194 respublikaçı, 2 demokrat deputat var.

Sənəddə  Konqresin 6 komitəsinə, xüsusilə də, xarici işlər və kəşfiyyat komitələrinə demokratlar tərəfindən başladılan təhqiqatı davam etdirmək tapşırığı yer alıb. Onlara həvalə edilib ki, prezidentin vaxtından öncə istefaya göndərilməsi üçün əsaslar araşdırılsın.

Nümayəndələr Palatasının qərarından dərhal sonra ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə bunu “Amerika tarixində ən böyük əcinnə ovu” adlandırıb.

Qeyd edək ki, bütün baş verənlərə baxmayaraq, Trampın vaxtından əvvəl öz postunu itirəcəyi real görünmür. Bununla belə, onun fəaliyyəti sağdan və soldan tənqid edilir. Amerikalıların Trampa münasibəti birmənalı deyil. Tənqidə daha çox məruz qalan isə onun yürütdüyü xarici siyasətdir. Demokrat Partiyası hesab edir ki, Trampın xarici siyasətdə göstərdiyi sərt mövqe fəsadlar verib, nəticədə Vaşinqton çoxlu düşmən qazanmaqla yanaşı, geosiyasi anlamda tərəfdaşsız qalıb. Rusiya və Çinə qarşı iqtisadi sanksiyaların tətbiq olunması Şimali Koreya ilə danışıqlarda Vaşinqtonun bu ölkələrin dəstəyindən məhrum olması ilə nəticələnib. Venesuelaya qarşı sərt siyasət Cənubi Amerika qitəsində yeni müharibə ocağı yaratmaq üzrədir. Artıq Maduro hərbi təlimlərə başlayıb və ABŞ Rusiyanın bu ölkədə yaxın və orta məsafəli raketlər yerləşdirməsindən sığortalanmayıb. Bir sözlə, Trampın ziddiyyətli xarici siyasəti bir çox halda problemlər yaradır.

Trampın əleyhdarları bəyan edirlər ki, İran və Rusiya Suriyada hərbi fəallıqlarını artırmaqla ölkənin böyük hissəsi üzərində nəzarəti Vaşinqtonun düşməni olan Əsədə qaytara bilib. Digər tərəfdən, Avropa ölkələri də Birləşmiş Ştatlara qarşı açıq çıxışlar etməyə başlayıb.

Demokratların ən çox tənqidinə məruz qalan nüans isə ABŞ-ın İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək planıdır. Onların fikrincə, səfirliyin Qüdsə köçürülməsi Yaxın Şərqdə İsrail-Fələstin barışığı ilə bağlı Vaşinqtonun indiyə qədər təşəbbüs göstərdiyi bütün sülh təkliflərinin iflasa uğraması anlamına gəlir.

Trampın Yaxın Şərqə sülh gətirmə səylərinin yetərli olmadığı hələ seçkiqabağı dövrdə özünü büruzə verirdi.

Digər tərəfdən, Trampın Yaxın Şərq turnesindən dərhal sonra Səudiyyə Ərəbistanı başda olmaqla 8 ərəb ölkəsinin Qətərlə diplomatik münasibətləri kəsməsi və onu terroru maliyyələşdirməkdə ittiham etməsi Donald Trampın regiona yeni gərginlik gətirməsi kimi qəbul edilir.

Görünən odur ki, Donald Tramp administrasiyasının ardıcıl Yaxın Şərq konsepsiyası mövcud deyil və dünyanın bu narahat regionu hələ çox fəlakətlər çəkəcək.

Prezident Trampın son addımları göstərir ki, o, kənarda aparılan savaşları durdurmaq yox, savaşın formasını dəyişmək niyyətindədir. ABŞ-ın neft istehsalı üzərində qadağasının aradan qaldırılması, dolların uçot dərəcəsinin artırılıması dünyanı son illər maliyyə-iqtisadi böhrana salan proseslərə yeni stimul verir.

Eyni zamanda Tramp iqtisadi baxımdan ölkə üçün bir çox mühüm iş görə bilib. İqtisadi  uğurlar kimi Trampın qərarı ilə vergilərin və büdcə kəsirinin azalmasını göstərmək olar. Bununla belə, dövlət borcu keçən illə müqayisədə 7% artıb və Tramp vergidən azalan gəliri qiymətli kağız satmaqla əvəz etməklə gələcək üçün yeni maliyyə böhranının əsasını qoymuş ola bilər. Vergi gəlirini azaltmaq və dövlət borcunu artırmaqla infrastruktura dəstək iqtisadiyyatda Keynesian mövqeyi kimi tanınır. Belə ki, bu nəzəriyyəyə güvənən iqtisadçılar, iqtisadiyyatda böyümənin dövlət investisiyası hesabında daha effektiv olduğuna inanırlar. Lakin qeyd etdiyimiz kimi, belə qərarın qısa müddətli effekti müsbət olsa da, uzun müddətdə iqtisadiyyata ciddi ziyan vura bilər. Keynesian mövqeyini dəstəkləyən iqtisadi proqramların əsas mənfi cəhəti ondan ibarətdir ki, bu dövrdə iqtisadiyyatı bazar və ya “görünməz əl” yox, birbaşa dövlətin iqtisadi siyasəti müəyyən edir və bu da iqtisadiyyatın idarə olunmasını asanlaşdırsa da, effektivliyi azaldır.

Təhlillər belə deməyə əsas verir ki, Tramp demək olar ki, Obama Administrasiyasının və FED-in 2008-ci ildən davam edən proqramlarının bəhrəsini görür. Əlbəttə, vergi azaldılması tarixdə Tramöın adı ilə qalacaq və bunun effektləri qısa müddətdə hələ hiss olunacaq. Ancaq hər bir Keynesian mövqeli iqtisadçının qərarlarının əsl effekti uzun müddət sonra bilindiyi kimi, bu vergi azalması və dövlət borcunun artmasının da əsl təsiri gələcəkdə görünə bilər. Əsas sual bu böyümənin davamlı olub-olmaması və uzun müddətli təsirinin nə olacağıdır. Amerikalılar diplomatiyadakı məğlubiyyəti Trampa bağışlaya bilərlər. Lakin iqtisadi xaosu heç kəsə bağışlamazlar. Bu baxımdan, impiçmentin nəticəsindən asılı olmayaraq, qarşıdan gələn mərhələ Tramp üçün əlverişli deyil.

Lakin bir nüansı unutmayaq - bu gün ABŞ prezidentinə impiçment tətbiq etmək yüksək siyasi dairələr, hətta demokratların özləri üçün o qədər də arzulanan deyil. Bu, ABŞ-ın  nüfuzuna ciddi xələl gətirəcək bir addım ola bilər. Daha məqsədəuyğun variant Trampı idarəetmə ənənələrini özündən əvvəlki prezidentlər kimi davam elətdirməsinə məcbur etməkdir. Hazırda impiçment hədələri, KİV vasitəsilə basqılar, kütləvi etirazlar da məhz buna xidmət edir. Tramp siyasi kursunda əsaslı dönüşlər edə bilsə, impiçment təhlükəsi də arxa plana keçəcək.

APA Analytics




Ana səhifəyə qayıt        Baxış: 338          Tarix: 2-11-2019, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma