İctimai Televiziyasında yayımlanan "3D" verilişinin növbəti qonağı Yazıçılar Birliyinin katibi Rəşad Məcid olub.

Rəsad Məcid verilişdə niyə millət vəkili ola bilmədiyini açıqlayıb: "Yəqin ki, xalqın etimadı mənə mane oldu. Bir neçə dəfə namizədliyimi irəli sürsəm də, sonuncu dəfə iştirak etmədim".

O verilişdə jurnalistikadan da danışıb: "Bir dəfə Bakida "Hər kəs jurnalist ola bilər" şüarı altında seminar keçirilirdi. Mən də ordaydım, amma tədbirin ortasında çıxıb getdim. Çünki belə düşünmürəm. Hər kəs jurnalist ola bilməz. Bunun üçün genetik keyfiyyətlər, yazma, müşahidə qabiliyyəti, intuisiya olmalıdır. Düzdür, sonradan qazanılan təcrübə hardasa rol oynayır, amma yenə də..."

Yazıçılar Birliyinin katibi quruma üzvlüklə bağlı sualı da cavablayıb: "Yazıçılar Birliyinə üzv olmaq indi bir o qədər də, çətin deyil. Son illərdə bir çox gəncləri qəbul etmişik. Əsas narazılığım onların mütaliəsizliyi, oxumamalarıdır. Düzdür, yaradıcı insanlarda vaxtından öncə özünü dahi hesab etmək iddiası olur. Onlarda ulduzluq xəstəliyi yaranır. Gənclərdə belə şeylər olur. Yazıçılar Birliyinin təxmini 1200-1500 üzvü var. Müxtəlif rəqəmlər deyilsə də, onlardan əsasən 200 –ü ciddi ədəbiyyatçıdır. Bir çoxlarının heç altıncı sinifin ədəbiyyatında olanlar haqda məlumatları yoxdur, amma iddiaları böyükdür. Üç-dörd qafiyəli misra yazıblar, elə bilirlər ki, yazıçıdırlar. Amma qəzetlərə tələbat çox azalıb. Jurnalist kimi hesab edirəm ki, rəsmi qəzetlər olmamalıdır. Qəzet müstəqil olmalıdır, hadisələrə münasibətini özü müəyyənləşdirilməlidir. Normal reklam bazarı olmalıdır. Yeni media, qəzetlər məhz reklamın hesabına yaşamalıdır".

Rəşad Məcid aparıcının "Qəzetinizdə sifarişli yazı dərc etmisinizmi" sualına maraqlı cavab verib: "Biz onun ağını çıxartmamışıq, amma olub. Tərifləyəndə də, tənqid edəndə də əndazəni aşmamışıq". \\News24.az