Xəbər lenti

 

Rusiya prezidenti Vladimir Putinin baş nazir Dmitri Medvedevlə Liviyaya görə dalaşması məlum həqiqətdir. Çünki sonuncu prezident vəzifəsini icra edərkən, Müəmmər Qəddafinin süqutuna yol açan BMT qətnaməsinin səsverməsində bitərəf qalmışdı. Bunu Rusiya internet resurslarında peyda olmuş müəmmalı mənşəli, lakin keyfiyyətli bir sənədli film də isbatlayır.

Anonim təhkiyəçi Medvedevi Rusiya maraqlarını Amerikaya təslim edən zəif lider kimi təqdim edir. Eyni filmdə keçmiş baş nazir və KQB-nin Yaxın Şərqdəki “əli” Yevgeni Primakovla müsahibə də nümayiş olunur.

O, Moskva ətrafındakı bir silah zavodunda çalışan fəhlələrlə də görüşür. Fəhlələrdən biri deyir: “Maddi itkilərdən başqa, mənəvi itki də var. İllər boyu üzərində işlədiyiniz hər şeyin artıq lazım olmadığı hissi…”

Rusiyada qərbyönlü liberalizmlə anti-Qərb millətçiliyi arasındakı toqquşma haqqında nümunə lazım olsaydı, bu film icbari izlənilərdi.

Bəhs etdiyimiz sənədli filmdə təhkiyəçi təkcə Medvedevi axmaqlığa görə qınamır, həm də onu xəyanətdə günahlandırır.

Yeltsin və Qorbaçov haqqında da eyni şey deyilir. Hər ikisinin Rusiyanın strateji maraqlarını təslim etdiyi düşünülür.

“Rusiya yalnız beynəlxalq birliyin səsinə dəstək vermədi. Medvedev ona daha dəyərli bir xidmət göstərməyə çalışdı və bu, xəyanət idi”.

Film Medvedevin dövlət xadimi kimi karyerası üçün ölüm hökmünü səsləndirir.

Rusiya geri döndü

Rusiyanın baş nazir və prezident rollarını dəyişdirən tandemlə iki adam tərəfindən idarə olunmasına bir çoxları şübhə edir: Medvedev indi çıx-daş edilmiş fiqurdur.

Qəddafinin biabırçı ölümü Putinə obyektiv bir dərs olub. Oliqarxa çevrilmiş Rusiya prezidenti nə müdafiə satışlarında milyardlarla rubl itkisinə, nə də müttəfiqinin itkisinə çox ağlamayıb.

2003-cü ildə İraqın işğalı deyil, 2011-ci ildə Liviya ağrılı itki olub. Rus çəkmələrinin Yaxın Şərqə qayıtması fikri onda doğulub. Ancaq bu gün Yaxın Şərqdəki Rusiya ticari maraq barədə çox düşünmədən pul xərcləyən Sovet İttifaqından fərqlənir.

Putin nəticəyə vurğu edir.

Obamanın Suriya vətəndaş müharibəsinə qoşulmaqdan imtinası Putinə dünya səhnəsində güc tətbiq etmək inhisarını itirmiş Ağ Evdəki rəqibinə özünü göstərmək üçün mükəmməl fürsət verib.

Buna görə də, Rusiya qüvvələrinin 2011-ci ildə köhnə süqutlarının səhnəsi olan Liviyada yenidən meydana çıxması sürpriz sayılmamalıdır.

 

“Fərdi şəxslər”

Ukraynada və Suriyada olduğu kimi, rus muzdlular inkaredici qüvvələrdir və rəsmən orada olmadıqları üçün “rahatca öldürülə” və ya “itkin düşə” bilərlər.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü “fərdi Rusiya vətəndaşlarının xaricdə cangüdən kimi fəaliyyət göstərməsinin qarşısını almaq üçün” qanuni olaraq heç bir əsasının olmadığını söyləyib.

Əslində, Rusiyada və xaricdə hər kəsin bildiyi kimi, Liviyada fəaliyyət göstərən Rusiya qüvvələri xüsusi təyinatlı qüvvələrdir. Onlar Putinin doğma şəhəri Leninqradda köhnə “hot-doq” satıcısı, Kremlin aşbazı kimi tanınan Yevgeni Priqojinin başçılıq etdiyi “Wagner” qrupuna aiddir.

“Wagner”-in yalnız Liviyada deyil, Afrikanın digər bölgələrində də mövcudluğu, iyun ayında başqa bir rus oliqarxı, sürgün həyatı yaşayan Mixail Xodorkovskinin veb sayt əməkdaşları tərəfindən aşkar edilib. Priqojinin işçiləri tərəfindən paylaşılan sənədlər və elektron poçtlar Rusiyanın Cənubi Afrika və Zimbabvedən tutmuş Liviyaya qədər 13 Afrika dövlətində geri qayıtmaq planlarını şəffaflaşdırıb.

Hazırda bir neçə yüz rus əsgərinin Liviya generalı Xəlifə Həftər üçün döyüşdüyü güman edilir.

Müharibəni alovu

Oktyabr ayında onlardan 35-i Tripolinin ətrafındakı hava hücumunda öldürülüb. Bir ay sonra Tripoli hökumətinin daxili işlər naziri Fəthi Başaqha “Wagner” qrupunu Liviyada vətəndaş müharibəsinə müdaxilə etməkdə günahlandırıb.

“Bloomberg”-ə açıqlamasında nazir deyib: “Ruslar tonqala yağ tökmək və böhranı dərinləşdirmək üçün müdaxilə etdilər”.

“Sübut – “Wagner”-ın Liviyaya yerləşdirilməsidir. Onları əvvəllər Suriyaya və Mərkəzi Afrikaya göndərmişdilər…”

“New York Times” qəzeti cəbhə xəttində Rusiya snayperlərinin varlığını qabardıb. Onların istifadə etdiyi güllələr cəsəddən çıxmır və insanı dərhal öldürmür.

Hərbi oyun meydançası

Liviya, bir tərəfdən, Həftərı dəstəkləyən Fransa, Birlşmiş Əmirliklər, Misir xüsusi təyinatlı qüvvələri və təyyarələri, digər tərəfdən, Tripolidə və Misrata bölgəsində hökuməti dəstəkləyən Türkiyə dronları və zirehli maşınları üçün beynəlxalq hərbi meydançaya çevrilibsə, ruslar niyə orada olmamalıdırlar ki?

Bu siyahı tam deyil. BMT-nin son hesabatında Sudan və İordaniyanın da Həftərə qanunsuz hərbi dəstək verməsi qənaətinə gəlinib.

BMT-nin mütəxəssis heyətinin fikrincə, Sudanın Becid Dəstək Qüvvələrinə (BDQ) aid min əsgərin Həftərın hava bazası olan əl-Cufrada yerləşdirilib. Bu yaxınlarda türk dronları vasitəsilə “Liviya Milli Ordusu”nun bu bazası bombalanıb.

İordaniya təlim və hərbi texnika ilə təmin edir. “İordaniya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri bəzən mənbəyi gizlətməklə, bəzən də açıq-aşkar silah verir”, – deyə hesabatda qeyd olunur.

Müstəmləkə səhvi

Bəs niyə ruslar da?

Suriya Rusiya hərəkəti üçün qəlib hesab ediləcəyi təqdirdə, Liviyada baş verənlərlə bağlı dərin narahatlığa səbəb var. Rusiya hava bombardmanına başlayana qədər Suriya prezidenti Bəşər Əsəd üsyançı qüvvələrə uduzurdu və Dəməşq asanlıqla süqut edə bilərdi.

İran və “Hizbullah”ın birləşmiş hərbi çəkisi Suriya ordusuna “əl-Qaidə” ilə əlaqəli qruplarla yanaşı döyüşən suriyalı üsyançı qüvvələri dayandırmaq üçün kifayət deyildi.

Rusiyanın hava gücü Suriyadakı vətəndaş müharibəsinin tarazlığını pozub.

Həftər Tripolinin kənarında ilişib qalıb, şəhəri ələ keçirmək gücündə deyil. Rusiya Suriyadakı kimi Liviyadakı hərbi güc tarazlığına poza biləcəkmi?

“Wagner” qrupunun muzdluları Liviyada bunu yerinə yetirməlidir.

Liviyada, eyni zamanda, Rusiya və Türkiyə qüvvələri bir-birinə qarşı vuracaq və rusların Amerikanın bölgədəki təsirini azaltmaq üçün faydalı hesab etdiyi Moskva-Ankara strateji münasibətləri də təhlükə altına düşə bilər.

Hər şeydən əvvəl, Rusiyanın Liviyadakı iştirakı sülh və güzəştə investisiya deyil. Müharibə və dağıdıcıl üçün bir sərmayə qoyuluşudur. Həmçinin Qərbin dəstəklədiyi hegemonluğa və Yaxın Şərqə müdaxiləyə qarşı da təkan verməkdir.

Eyni müstəmləkə səhvlərini təkrarlamaq hər iki tərəfin aqibətidir.




Ana səhifəyə qayıt        Baxış: 1 772          Tarix: 16-11-2019, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma