Xəbər lenti

Xəbər verildiyi kimi, noyabrın 5-də Avropa Azərbaycanlıları Konqresinin (AAK) 15 illik yubileyi münasibəti ilə Belçika Krallığının paytaxtı olan Brüsseldə “Azərbaycan diasporu və media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda konfrans keçirilib.
Avropanın siyasi mərkəzi hesab olunan bu şəhərin "Gresham Belson" Hotelində təşkil olunan tədbirdə Azərbaycanın bəzi dövlət rəsmiləri və QHT rəhbərləri ilə yanaşı, AB üzvü olan bir sıra ölkələrdən nümayəndələr, o cümlədən media əməkdaşları, diaspor fəalları və s. şəxslər iştirak ediblər. Bunlardan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, “Hədəf Global” qrupunun rəhbəri, “Ustad” jurnalının baş redaktoru Şəmil Sadiq və digər şəxslərin adını çəkə bilərik.
Məlumat üçün bildirək ki, bu konfrans Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 3-7-də Brüsseldə “Avropada diaspora və media lobbiçiliyi” layihəsinin icrası çərçivəsində baş tutub. Mediada yayılan informasiyalardan aydın olur ki, tədbir ATXƏM və AAK-ın birgə təşkilatçılığı ilə keçirilib.
Əlbəttə, Avropanın siyasi mərkəzində Azərbaycanla bağlı bu kimi tədbirlərin təşkil olunmasını ilk baxışdan təqdir etmək olar. O cümlədən, məlum qrant layihəsi çərçivəsində bəzi beynəlxalq təşkilatların nümayəndələri ilə hətta aşağı səviyyəli görüşlərin keçirilməsini də müsbət dəyərləndirmək lazımdır. Çünki, bu görüşlərdə ən azı Azərbaycanın hansısa problemi dilə gətirilir və qarşı tərəfə ölkəmiz haqda daha dolğun məlumatlar verilir. Amma onu da təəssüflə qeyd etməliyik ki, indiyə qədər keçirilən bu kimi tədbirlərin dövlətimiz üçün heç bir fayda vermədiyi praktik cəhətdən öz təsdiqini tapıb. Yəni biz toplum olaraq dəfələrlə şahidi olmuşuq ki, bu tipli konfranslar adətən hansısa dövlət rəsmilərinin "turistik səyahətə çıxmasına", yaxud hansısa təşkilatların dövlətdən aldığı qrantların bir hissəsini bu yolla silməsinə xidmət edir. Belə olduğu halda isə bu tədbirlərin dövlətə və millətimizə hər hansı faydasından danışmaq mümkün deyil.

Bu fikrimizə görə kimlərsə bizi qərəzli olmaqda, yaxud bu tədbirə "qara yaxmaqda" ittiham edə bilər. Lakin qətiyyən elə deyil və dediklərimizi əsaslandırmaq üçün bir neçə misal çəkə bilərik. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin (Türk XİN SAM) birgə əməkdaşlığı çərçivəsində 26-30 noyabr 2018-ci ildə Ankarada keçirilən “Azərbaycan həftəsi”ni xatırladaq. Hansı ki, Azərbaycan jurnalistlərinin bir qrupunun da iştirak etdiyi "Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi" mövzusunda keçirilən bu konfrans haqlı olaraq etirazlara səbəb olmuşdu. Tədbirdə iştirak edən jurnalist həmkarlarımızdan biri öz narazılığını bu şəkildə dilə gətirmişdi: "Bir halda ki, Türkiyədə təşkil olunan bu tədbirdə özümüz danışıb, özümüz dinləmişik, belə bir toplantının keçirilməsinə nə ehtiyac vardı?! Əgər bu səfər sadəcə 4 günlük gəzinti məqsədilə təşkil olunmuşdusa, o zaman adını da mahiyyətinə uyğun qoymaq lazım idi. "Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi"ni birtərəfli qaydada müzakirə etmək axmaqlıq deyilmi?!"
Yeri gəlmişkən onu da xatırladaq ki, bu qalmaqaldan az sonra ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ləğv olundu.
Və yaxud Prezident Administrasiyası əməkdaşının iştirakı ilə 20-27 sentyabr 2019-cu ildə Polşada keçirilən tədbiri misal göstərək. Hansı ki, ATƏT-in tədbiri zamanı Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov boş zalın qarşısında 1 saatdan çox çıxış etmişdi. Həmin vaxt yenə də Azərbaycan dövlətinin vəsaiti hesabına 200 nəfərlik zal icarəyə götürülmüş, azı 100 nəfərlik yemək masası açılmış, o cümlədən əlavə videoçəkən və fotoqraf kirayələnmişdi. Zalda isə cəmi 2 nəfər olmuşdu.
Şübhəsiz, bu kimi xoşagəlməz halların sayını artırmaq da olar. Amma, güman edirik ki, bizim "qərəzli" olduğumuzu düşünənlər üçün bu faktlar yetərli ola bilər.
“Azərbaycan diasporu və media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusu adı altında Brüsseldə baş tutan konfransa gəldikdə isə, bu toplantının da yuxarıda sadalanan digər iki tədbirdən ciddi bir fərqi olduğunu düşünmürük. Yenə də üzülərək qeyd edirik ki, bu tədbirdə də, belə demək olarsa, “özümüz danışıb, özümüz dinləmişik”. Çünki yayılan fotolardan aydın olur ki, burada Azərbaycanın haqq səsini dünyaya car çəkə biləcək nüfuzlu qonaqların iştirakından söhbət getmir. Əgər yenə də özümüz danışıb, özümüz dinləyəcəydiksə, o halda bu qədər məsafə qət edib Belçikaya səfər etməyə nə ehtiyac vardı?! Həmin tədbiri daha az vəsaitlə və daha səmərəli şəkildə Bakıda da təşkil etmək olardı. Doğrudur, bu halda bəzi siyasi mühacirlər toplantıda iştirak edə bilməyəcəkdi. Amma, zənnimizcə, bu tədbirdə siyasi mühacirlərin iştirakına xüsusi zərurət də yox idi. Belə deyək ki, onlar onsuz da Azərbaycandan kənarda öz maraqları və potensialları çərçivəsində fəaliyyətlərini sürdürürlər. Yox, kimlər, hansısa rəsmi şəxslər məlum səfər çərçivəsində sözügedən mühacirlərlə ayrıca görüş keçirməkdə maraqlı olubsa, o başqa məsələ...

Hələlik mühacir məsələsinə bir kənara qoyub, yenidən diqqətləri noyabrın 5-də Brüsseldə keçirilən tədbirə cəmləyək. Xüsusən də tədbirin mövzusuna: “Azərbaycan diasporu və media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları”. Gəlin, ilk öncə “Azərbaycan diasporu" məsələsinə diqqət yetirək. Hər kəsə bəllidir ki, Azərbaycanda Diaspor Komitəsi adlı bir qurum var və son vaxtlar bu komitənin fəaliyyətində ciddi dönüş olduğu da göz önündədir. Yəqin elə ona görə də bir vətəndaş kimi ilk olaraq diqqətimizi çəkən bu oldu ki, Azərbaycan diasporunun problemləri və onların həlli yolları müzakirə olunan bir tədbirdə Diaspor Komitəsinin rəhbərliyindən nə üçün kimsə iştirak etməyib? Əgər bu tədbirə Komitədən kimsə dəvət olunmayıbsa, bu, çox pis haldır. Belədrisə, deməli Prezident Administrasiyası, ölkə daxilində olduğu kimi, xaricdə baş verən prosesləri, o cümlədən diaspor təşkilatlarının fəaliyyətini də öz nəzarəti altında saxlamağa çalışır...
Amma onu da nəzərə almalıyıq ki, Diaspor Komitəsi rəhbərliyi yeni dönəmdə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında barışdırıcı mövqenin əldə olunması istiqamətində kifayət qədər məsafə qət edib. Belə olduğu halda, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyevin dəvət olunduğu bir tədbirdə Diaspor Komitəsindən kimsənin təmsil olunmaması heç də xaricdə yaşayan soydaşlarımızın birliyinə xidmət etmir.

Əlbəttə, ola bilər ki, bizim burada bilmədiyimiz səbəblər var. Bu baxımdan, növbəti yazılarımızda bu məsələni daha dərindən araşdırmağa çalışarıq. Ona qədər isə daha bir fakta - 27 fevral 2017-ci ildə Niderlandın paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin yeni prezidentinin seçildiyi qurultaya diqqət edək. Hansı ki, Avropanın 27 ölkəsindən 91 nümayəndənin qatıldığı bu tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Diaspor Komitəsinin sabiq sədri Nazim İbrahimov da iştirak etmişdilər. Qurultayda Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilmişdi. AAK-ın birinci vitse-prezidenti isə səsvermə nəticəsində iş adamı Füzuli Məmmədov olmuşdu.
Həmin vaxt belə fikirlər səslənirdi ki, AAK rəhbərliyi Prezident Administrasiyasının, hətta şəxsən Əli Həsənovun "xeyir-duası" ilə seçilib. Bizə elə gəlir ki, Prezident Administrasiyası rəsmisinin patronajlığı altında keçirilən 5 noyabr toplantısı bunu bir daha təsdiq edir.

Lakin, çox təəssüf ki, Brüsseldə yaşanan bu kimi xoşagəlməz hallar Azərbaycan disporunun gücünü birləşdirməyə çalışan Diaspor Komitəsinin fəaliyyətinə ciddi problemlər yaratmaqla yanaşı, xaricdə yaşayan soydaşlarımız arasında bölücülük toxumu səpir.
İndi isə Brüsseldə baş tutan tədbirin media ilə bağlı olan ikinci hissəsinə diqqət yetirək. Fotolardan məlum olur ki, bu toplantıda Mətbuat Şurasının sədri Əflatun Amaşov da daxil olmaqla, cəmi 3-4 nəfər yerli media nümayəndəsi iştirak edib. Belə olduğu halda bu konfransda medianın problemlərindən, jurnalistlər arasındakı əməkdaşlıqdan danışmaq nə kimi fayda verə bilər? Digər tərəfdən, Azərbaycanda müstəqil medianı "boğub", xaricdə media orqanları arsındakı əməkdaşlıqdan söhbət açmaq nə dərəcədə səmimiyyət göstəricisidir?! Yaxud "Azərbaycan diasporu və Azərbaycan mediası arasında əməkdaşlığın genişləndirilməsinə" çağırış etməklə hansısa irəliləyişə nail olmaq mümkün olsaydı, bu, indiyədək baş tutardı. Axı, Nazim İbrahimovun sədrliyi dönəmində Azərbaycan diasporunun oratda ciddi bir fəaliyyəti olmadığı halda ölkə mediası nədən yazmalı idi?! Müxtəlif tədbirlər adı altından “silinən”, yaxud ayrı-ayrı təşkilatların bank hesabına keçirildikdən sonra ən yazı yarı hissəsi Komitə rəhbərliyinin cibinə qayıdan dövlət vəsaitindən?   Şübhəsiz, gələcəkdə hər hansı fəaliyyət olarsa, bunun üçün mediaya müraciət etməyə, bu istiqamətdə hansısa tədbirlər  keçirməyə heç ehtiyac da olmaz. Sadəcə, bunun üçün ortaya elə bir ciddi fəaliyyət qoymaq lazımdır ki, bu, təkcə yerli medianın deyil, Avropanın nüfuzlu mətbuat orqanlarının da marağını özünə cəlb etdin. Əks halda, mediaya öz işinin nədən ibarət olduğunu “öyrətmək” faydasızdır...

Eynilə, bu toplantıda bəzi siyasi mühacirlərin hədəfə alınmasına, bəzilərinin isə yuxarı başda əyləşdirilməsinə də ayrıca diqqət yetirməkdə fayda var. İlk olaraq ATEV sədri Tənzilə Rüstəmxanlınını tədbirdə iştirak edən qaynı, Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev haqda fikirləri ilə oxucularımızı tanış edək: "Almaniyadan sırf bu tədbirə qatılmaq üçün gələn tanınmış ictimai xadim Əlövsət Əliyev öz çıxışını əsasən təkliflər üzərində qurdu. Avropanın müxtəlif ölkələrində yaşamaq məcburiyyətində qalmış soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli yollarından danışdı. Səfirimiz Fuad İsgəndərov isə bu sahədə görülən işlər haqqında geniş məlumat verdi".
Əlbəttə, Əlövsət Əliyevin şəxsiyyəti və gördüyü işlərlə bağlı mənfi, yaxud müsbət nə isə yazmaq fikrində deyilik. Amma bu günlərdə Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində həbsə atılması sübut etdi ki, bu ölkədə siyasi mühacir kimi fəaliyyət göstərən hüquq müdafiəçisi heç də dövlətimizin maraqları naminə çalışmayıb. Təbii ki, biz heç bir halda Ə.Əliyevin həbsə atıəlmasını istəmir, əksinə tezliklə azadlığa çıxamsını arzu edirik. Bununla yanaşı, onu da qeyd etməyi özümüzə borc bilirik ki, Ə.Əliyevdən fərqli olaraq, Avropanını bir çox nüfuzlu ölkələrində Azərbaycan dövlətinin maraqlarına xidmət edən, bu istiqamətdə çox ciddi işlər görən mühacirlərimizin sayı heç də az deyil. Bəs, nə üçün həmin şəxslər bu toplantlya dəvət almayıb, Azərbaycan səfiri Fuad İsgəndərov və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyevin qatıldığı tədbirdə Ə.Əliyevə hətta çıxış etmək haqqı da tanınıb?! Avropada yaşayan siyasi mühacirlərin hamısına "radikal müxalifət" damğası vurmaq kimə lazımdır? Axı, bu soydaşlarımız arasında "söyüş kampaniyası"na qarşı çıxan, dövlətimizin və millətimizin  maraqlarını hər zaman uca tutan insanların olduğu hər kəsə bəllidir. Əgər biz birlikdən danışırıqsa, bəs nə üçün Belçikada baş tutan toplantıya onlardan bircə nəfər belə, dəvət olunmayıb? Yoxsa, həmin şəxslərin "söyüş kampaniyası"na qarşı çıxması kimlərisə narahat edir...

Haşiyə çıxaq ki, zaman-zaman Avropada həyata keçirilən "söyüş kampaniyası"nın Azərbaycandan idarə olunduğu haqda fikirlər də səslənir. Odur ki, həmin çirkin kampaniyaya qarşı çıxan insanların bu tədbirlərə dəvət olunmasına daha çox ehtiyac var.
Konkret olaraq Əlovsət Əliyevin bu tədbirə dəvət olunmasına və çıxış üçün söz verilməsinə gəldikdə, şübhəsiz ki, təşkilatçılar bunun üçün öncədən dövlət rəsmilərinin razılığını almaya bilməzdi. Əgər, “Leqat” sədri bu konfransda iştirak edibsə, deməli, bu, rəsmi razılıq əsasında baş tutub. Bəs, Ə.Əliyevin bu tədbirə qatılması hansı rəsmi şəxsin maraq dairəsində olub?!
Bu suala cavab vermək üçün əlimizdə yetərli faktlar olmasa da, Əlövsət Əliyevin saxta sənəd alverində ittiham olunaraq həbsə atılması bəzi şübhələri ortaya çıxarır. Öncə ondan başlayaq ki, hələ illər öncədən Azərbaycandan Avropaya "mühacir kanalı" açıldığı haqda geniş informasiyalar vardı. Nə qədər qəribə olsa da, bu işdə Ə.Əliyevin himayədarı qismində ATEV sədri Tənzilə Rüstəmxanlınını da adı hallanırdı. Şübhəsiz, bu informasiyalar digər dövlət qurumları ilə yanaşı, Prezident Administrasiyasına da çatmamış deyildi. Amma, görünür, hansısa səbəblərdən indiyə kimi bu məsələyə göz yumulması məsləhət olub...
Prezident Admininstarsiyasının ictimai-siyasi məsələlər şöbəsində sektor müdiri vəzifəsində çalışan Qafar Əliyevin iştirak etdiyi konfransda "siyasi mühacir kanalı"nın əsas simalarından olan (Almaniya polisinin araşdırmasına əsasən bu fikirdəyik - müəl.) Ə.Əliyevin çıxış etməsi isə daha böyük şübhələrə yer açır. Görəsən, bu kanalın himayədarları arasında Prezident Administrasiyasının yetkili şəxsləri də varmı?...

E.MUSTAFAZADƏ,
Muxalifet.az
P.S. Əldə etdiyimiz məlumatlara əsasən, bir neçə gün əvvəl Almaniyadan Azərbaycana deport olunan soydaşlarımızla bağlı məqalələr sonradan kimlərinsə göstərişi ilə bəzi saytlardan silinib. Bu faktın özü də maraqlı şübhələrə yol açır...




Ana səhifəyə qayıt        Baxış: 1 234          Tarix: 20-11-2019, 14:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma