Xəbər lenti

 Moskvada Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub

 Moskvada tanınmış müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, xatirə lövhəsi Maqomayevin vaxtı ilə yaşadığı Leontyev döngəsində yerləşən binada vurulub.

 Açılış mərasimində Müslum Maqomayev Mədəni İrsi Fondunun təsisçisi, iş adamı Araz Ağalarov, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, xatirə lövhəsinin müəllifi Salavat Şerbakov, tanınmış Rusiya rəssamı Aleksandr Şilov, iş adamı Emin Ağalarov, Moskva merinin müavini Leonid Peçatnikov və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 Açılış mərasimində çıxış edən Tamara Sinyavskaya bildirib ki, xatirə lövhəsi mərhum müğənninin anadan olmasının 75 illiyində açılır: "Müslüm avqustun 17-də, doğum günündə həmişə vətənində, Bakıda dostları ilə birlikdə olurdu. Sentyabrın 17-də isə Rusiyadakı dostları onun başına yığışar, ad gününü qeyd edərdilər. Xatirə lövhəsi də məhz bu ərəfədə açılır".

 Müslüm Maqomayevin yaxın dostu, iş adamı Araz Ağalarov isə çıxışında yaxınlarından başqa bu vaxta kimi heç kəslə bölüşmədiyi bir epizod haqqında danışıb: "Müslüm vəfat edəndə, biz Tamara ilə fikirləşdik ki, onu harada dəfn edək. Qərara gəldik ki, Bakıda dəfn olunsun. Bu barədə indiki Moskva meri Sergey Semyonoviç Sobyanin bildi. O zaman Sergey Semyonoviç Prezident Administrasiyasına rəhbərlik edirdi. Müslümün vəfatı ilə bağlı Yuri Lujkov da məlumatlandırıldı və o, Müslümün dahi şəxslərin dəfn olunduğu Novodeviçi məzarlığında torpağa tapşırıla biləcəyini söylədi. Bu gün Sergey Semyonoviç burda yoxdu, lakin mən ona bu hüznlü gündə bizə kömək etdiyinə görə təşəkkürümü bildirirəm".

 Daha sonra isə xatirə lövhəsinin müəllifi Salavat Şerbakov və Rusiyanın xalq rəssamı Aleksandr Şılov Müslüm Maqomayev haqqında xatirələrini bölüşüblər.




Ana səhifəyə qayıt        Baxış: 884          Tarix: 15-09-2017, 06:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma