Xəbər lenti

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017 ci- ildə imzaladığı "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən ölkəmizdə şairə həsr olunan silsilə tədbirlər keçirilir.

Oktyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası Mədəniyyət kanalının birgə layihəsi əsasında baş tutdu.

Qarabağ xanının birinci vəziri XVIII əsrin məşhur siyasi və ictimai xadimi Molla Pənah Vaqif xalqımızın orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış görkəmli şairlərindəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.

Molla Pənah Vaqif öz ənənləri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır.O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri yaratmış, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir.

Unudulmaz şairimiz Səməd Vurğunun sözü ilə desək, Vaqif yaradıçılığı ictimai təfəkkürümüzün və poeziyamızın inkişafı tarixində yeni bir mərhələ olub. Şair Azərbaycan ədəbiyyatında məhəbbət, gözəllik lirikasının yaradıcılarından biri  və misilsiz usdadı kimi şöhrət qazanmışdır.

Konsertin bədii hissəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov "Baxdın maral kimi", xanəndələr Abgül Mirzəliyev "Sənə qurban", Babək Şuşalı "Şirin yuxu olaydım" , Zeynal Əhmədov "Gözlərin", Məmməd Nəcəfov -Humayun təsnifi, Xətai Hacıyev- Segah təsnifini  ifa etdilər.

Gecədə Azərbaycan Televiziyasının çəkdiyi "Vaqif" filmindən fraqmentlər nümayiş etdirildi.

Tədbirin aparıcısı Xalq artisti Eldost Bayram idi.

Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Beynəlxalq Muğam Mərkəzində silsilə konsertlər və tədbirlər davam edir. Oktyabrın 26- da saat 19-00 da Beynəlxalq Muğam Mərkəzində "Muğamat var olan yerdə" layihəsi çərçivəsində xanəndə Pərviz Qasımovun konserti keçiriləcək. Biletleri şəhərimizin kassalarından, Asan xidmət mərkəzlərindən, online itikcet.az saytından əldə etmək olar.




Ana səhifəyə qayıt        Baxış: 1 236          Tarix: 25-10-2017, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma