Xəbər lenti

Noyabrın 28-də Muzey Mərkəzinin sərgi qalereyasında tanınmış gənc rəssam Niyaz Nəcəfovun “Adsız” adlı fərdi sərgisi açılıb.  

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektoru, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov çıxış edərək deyib ki, sərgidə nümayiş etdirilən sənət əsərlərinin rəngkarlıq və rəsm arasında olan əlaqəsi, ənənəvi rəngkarlıq və yüngül karikatura texnikasının epik kombinasiyası rəssamın stilinin əsas xüsusiyyətlərindəndir. Rəssamın mükəmməl yaradıcılığından söz açan natiq deyib ki, onun əsərlərindəki təsvirlər nikbinlikdən kənar olmasına baxmayaraq, qeyri-adi şəkildə insanın diqqətini çəkir. Rəssamın bəzi əsərlərini yalnız karikatura kimi qiymətləndirmək olar. Bəzən onun yaratdığı əsərlər ifadəli satira, bəzən isə gizli yumordur.

Qeyd edilib ki, rəssamın yaradıcılığında insan daim yeni stilistik həllər axtarışındadır. Ümumbəşəri mövzular və şəxsi həyat arasında yaratdığı bu paralel sənətkarın yaradıcılığını xarakterizə edir.

Diqqətə çatdırılıb ki, Niyaz Nəcəfovun əsərləri hər zaman Bakının aparıcı qalereyalarında nümayiş etdirilir. 2009–cu ildə Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamlardan olan fırça ustasının iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. Rəssamın əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka da daxil olmaqla bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.

Sonra qonaqlar sərgi ilə tanış olublar. İki yüzədək sənət əsərinin nümayiş olunduğu sərgi dekabrın 2-dək ziyarətçilər üçün açıq qalacaq.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 28-11-2017, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma