Xəbər lenti

 

Nepalda yerləşən tarixi abidələrdən ibarət Katmandu Vadisi Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi təxirə salınıb. 

APA-nın məlumatına görə, bu qərar Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib. 

Bildirilib ki, 2015-ci ildə Nepalda baş verən zəlzələdən sonra Katmandu Vadisində yüzlərlə abidəyə zərər dəyib. Abidələrin bir çoxu tamamilə yararsız hala düşüb. 2019-cu ilin fevral ayında  üzv dövlətə tövsiyələr təqdim olunsa da, hazırda görülən işlər qənaətbəxş səviyyədə deyil. Verilən tövsiyələr sistematik şəkildə aparılmayıb, sahədə olan vəziyyət ağırlaşıb. 

Üzv dövlətə tövsiyə olunub ki, Monitorinq qrupunu tezliklə qəbul eləsin və Katmandu Vadisində aparılan işlərin yerinə yetirilməsi üçün abidə Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınsın. 

Nepalın nümayəndə heyəti isə öz növbəsində nəzər çatdırıb ki, üzv dövlət 2015-ci ildən Ümumdünya İrs Komitəsinin tövsiyələrini yerinə yetirməyə çalışıb və onlarla abidənin reabilitasiyasına cəhd edib: "Nepal hökuməti Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına düşməkdənsə, bu işləri davam etdirməyə cəhd edir. Biz düşünürük ki, Ümumdünya İrs Komitəsinin dəstəyi ilə Katmandu Vadisində restavrasiya işlərini tamamlaya bilərik. Buna görə də bizə əlavə bir il verilməsini xahiş edirik. Bildiririk ki, restavrasiya işləri yeni konvensiya əsasında aparılacaq. Nepal hökuməti müvafiq dəstək almaq üçün artıq UNESCO-ya və Ümumdünya İrs Komitəsinə müraciət edib və söz veririk ki, konservasiya işlərini vaxtında yerinə yetirməyə çalışacağıq".

Çin və Zimbabve nümayəndə heyətlərinin təkliflərindən sonra Katmandu Vadisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi təxirə salınıb və konservasiya və reabilitasiya işlərinin aparılması üçün Nepal tərəfinə 2020-ci ilə qədər vaxt verilib. 

Lahorda yerləşən Fort və Şalamar bağları Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınması ilə bağlı müzakirələr aparılıb. 
APA-nın məlumatına görə, Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyası çərçivəsində aparılan müzakirələr zamanı bildirilib ki, Fort və Şalamar bağları ətrafında yol salınması, yerli hökumətin metro xətti çəkməsi ilə əlaqədar abidəyə ciddi ziyan vurula bilər. 
Eyni zamanda Fort və Şalamar bağlarında yaşıllıqların məhvi fauna və floraya təsir göstərə bilər. ICOMOS məruzəçi bildirib ki, üzv dövlət Pakistan məşvərət şurasının əraziyə baxış keçirilməsinə razılıq verib: "Fort və Şalamar bağları ətrafında bufer zonasının yaradılmasına gəldikdə isə, onun ətrafında yaşayan əhalinin köçürülməsi ilə əlaqədar hələ yekun qərar verilməyib".
İndoneziya və başqa dövlətlərin nümayəndələri tövsiyə ediblər ki, Pakistan tərəfi Şalamar bağları ətrafında dairəvi yolun çəkilməsi ilə bağlı dəyişikliklər aparsın. 
Avstraliya tərəfi isə üzv dövlət Pakistana əlavə bir il vaxt verilməsi barədə təkliflə çıxış edib. 
Pakistan nümayəndəsi ölkəsinin mədəni irsin qorunmasına çox sadiq qaldığını bildirib: "Cari ilin aprelində beynəlxalq missiyanın iştirakı ilə əraziyə baxış keçirilib. Tövsiyə olunan məsələlərin bir hissəsi artıq öz həllinin tapıb, digərlərinin də həyata keçirilməsi davam etdiriləcək. Bəzi yerli və beynəlxalq ekspertlərin iştirakı ilə Lahor şəhərindəki tarixi abidələrin, Fort və Şalamar bağlarında fauna və floranın qorunması, yaşıllıqların bərpası istiqamətində verilən tövsiyələrə baxılıb və ölkə üzərimizə düşən öhdəliyi yerinə yetirməkdə maraqlıdır". 

Çıxır zamanı Azərbaycanın Pakistanla bağlı hesabata əlavə etdiyi dəyişikliklər müsbət qarşılanıb.

Müzakirələrin nəticəsi olaraq Pakistan hökumətinə əlavə vaxt verilib. 

Pakistandakı Makli və Thattada yerləşən tarixi məkanlar barədə də müzakirələr aparılıb. Bildirilib ki, Pakistanla bağlı bu layihədə hər iki şəhərdəki tarixi abidənin real vəziyyəti və onların konservasiyası ilə bağlı görüləcək işlərdən danışılıb.

Hər iki şəhərdəki tarixi abidələrlə bağlı qərar qəbul edilib.

Növbəti müzakirə olunan məsələlər sırasında Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın qorunması istiqamətindəki təkliflər dinlənilib. 

Regionda yerləşən - Çin, Şri-Lanka, Tailand, Yaponiya, Özbəkistan, İndoneziya, Banqladeş, Nepal və digər ölkələrdəki maddi-mədəni irsin qorunması istiqamətində hazırlanan hesabatla bağlı fikirlər səsləndirilib.

Sessiya öz işini müzakirələrlə davam etdirir. 




Ana səhifəyə qayıt        Baxış: 318          Tarix: 4-07-2019, 17:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma