Xəbər lenti

 

Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun Milli.Az-a müsahibəsi.

- Məmməd, bir müddət əvvəl səhhətinizdə ciddi problemlər yaranmışdı. Xəstəliyiniz tam aradan qalxıb ,yoxsa hələ də həkim nəzarətindəsiniz?

- Şükür Allaha, hazırda özümü çox yaxşı hiss edirəm. Bütün bunlara baxmayaraq, arada bir müayinə olunuram, bir sözlə daim həkim nəzarətindəyəm. Əsas odur ki, əmək qabiliyyətimi itirməmişəm, işləməyə səhhətim imkan verir.

- Bir müddət əvvəl açıqlamanızda ata olacağınız xəbərinin müjdəsini vermişdiniz. Bu Eldəniz müəllimin sayca neçənci nəvəsidir?

- 7 ildir ki, övladım olmurdu, amma buna baxmayaraq ümidimizi itirmirdik. Həyat yoldaşım da onkoloji xəstəlikdən əziyyət çəkirdi. Hazırda o da tam sağalıb, özünü yaxşı hiss edir. Xəstəliyimlə bağlı başım özümə qarışmışdı, ata olma xəbərini də xəstə yatağında olarkən eşitdim. Eldəniz müəllim sağlığında nəvə görməmişdi. O həmişə istəyirdi ki, çoxlu nəvələri, nəticələri olsun, çox təəssüf ki, nəvə görmək ona qismət olmadı. Hal-hazırda qardaşımın iki oğlu var.

- İncəsənət sahəsində olmaq atanızın arzusu idi, yoxsa özünüz bu sənəti seçdiniz?

- Atam heç birimizin sənətdə olmağını istəmirdi. Çünki o sənətin çətinliklərini görmüşdü, istəmirdi ki, övladları əziyyət çəksin. Onun arzusu tam başqa idi.

- Necə düşünürsünüz, sənətdə bəxtiniz gətirib?

- Mənim həyatda bəxtim onda gətirib ki, atam xalqın sevimlisi, xalq artisti idi. Məşhurluq birində gec olur, birində tez. İnşallah ki, uğurlu bir rol ilə mən də tanınaram. Mən heç vaxt efirə can atmamışam. Heç bir rejissora məni çəkməsi üçün yaltaqlanmamışam. Bu xasiyyətimə görə atama oxşamışam. Heç kastinqlərə də getmirəm. Bir iki dəfə getmişəm, görmüşəm ki, ancaq öz adamlarını çəkirlər. Kastinq yalnız kütləvi səhnələrə lazım olur. Vaxt var idi, tələbəlik illərində kütləvi səhnələrə çox gedirdim, çünki pula ehtiyacım var idi. Çoxu heç bilmirdi ki, mən kimin oğluyam. Rejissorlara da kimin oğlu olduğumu bildirmirdim. Kasıbçılıq idi, dolanmaq olmurdu, pula ehtiyacım var idi. Təsadüfən rejissorlardan biri məni tanıdı və dedi ki, sən niyə deməmisən ki, Eldəniz Zeynalovun oğlusan? Bir kəlmə desəydin, səni çəkərdim qabağa. Sadəcə özüm istəmirdim bilsinlər ki, Eldənizin oğlu "massovka"-da çəkilir.

- Əslində sizin kimi xarakterik aktyoru rejissorlar öz seriallarında çəkə bilərlər. Bəlkə bizim vasitəmizlə rejissorlara müraciət edəsiniz?

- Mən həm dramatik, həm də komik rollar oynaya bilərəm. Hal-hazırda yalnız İrəvan teatrında çalışıram. Dəvət gəlsə, məmnuniyyətlə seriallarda çəkilərəm. Müraciətim o ola bilər ki, oyun tərzimi hansı rejissor bəyənirsə o da çəksin. Yenə də deyirəm, buna görə heç kimdən xahiş edən deyiləm.

- Çox istərdim evinizdə olan mühitdən danışaq. Evdə valideynlərinizin bir-birinə münasibəti necə idi?

- Ümumiyyətlə bizim ailəmiz söz-söhbətdən çox uzaq idi. O ki, qaldı atamla anamın münasibətinə... Çox mehriban idilər, biz heç vaxt onların dava etdiyinin şahidi olmamışıq. O qədər bir-birlərini sevirdilər ki, anam atamın ölümünə dözməyib, ondan sonra 5 il yaşadı.

- Atanız sənət adamı idi, hər zaman yanında gözəl sənətçi xanımlar ola bilərdi. Ananız heç atanızı qısqanmırdı?

- Xeyr, anam qətiyyən atamı qısqanmırdı. Çünki o ailə həyatı quranda bilirdi ki, məşhur aktyorla evlənir. Taleyi ilə çoxdan barışmışdı.

- Bacı, qardaşınızla münasibətiniz nə yerdədir? Siz xəstə olanda yalnız həyat yoldaşınız və bacınız mətbuata açıqlama vermişdi. Olmaya qardaşınızla münasibətiniz yoxdur?

- Xeyr, həm bacımla, həm də qardaşımla çox yaxşı münasibətim var. Sadəcə olaraq qardaşım müsahibə verməyi sevmir. Qardaşım AzTV-də rejisor işləyir, rejissorlar həmişə kadrarxasında qalmağı sevirlər.

- Xəstə olarkən maddiyat baxımdan çox əziyyət çəkdiniz. Atanızın sağlığında da bu kimi əziyyətlər çəkirdiniz?

- Xeyr, atamın vaxtında hər şey çox yaxşı idi. Xəstəxanada olanda da dərmansız, pulsuz qalmırdıq. Gileylənməyə ixtiyarım yoxdur, hər günümə şükür edirəm.

- Bəlkə də çoxları bilmir ki, siz məşhur aktyorun oğlusunuz. Yoxsa tanıyanlar var?

- Məni Eldənizin oğlu kimi tanıyanlar çoxdur. İstedadım da onun qədər olmasa da var. 2007-ci ildə mən bir il ştatdan kənar AZDRAMA-da çalışdım. Teatrda tamaşa oynayanda bir çox aktyorlar bilmirdi ki, mən onun oğluyam."İmzanın hökmü" tamaşasında Yaşar Nurinin nökərini oynayırdım. Firəngiz Mütəllimova, Kübra Əliyeva premyeradan sonra mənə yaxınlaşıb təbrik etdilər. Məşq vaxtı gözümdən təbii yaş gəlirdi. Həqiqətən ağlayırdım. Yalandan ağlaya bilmirdim, çünki səhnəyə ürəklə yanaşırdım. Çox təəssüf olsun ki, 1 ildən çox teatrda qala bilmədim. Çünki ştatdan kənarda idim, hər dəfə direktor deyirdi ki, səni ştata götürəcəyik, amma vədinə əməl etmirdi. Səbrim çatmadı deyə işdən çıxdım.

- Eldəniz müəllimə görə sizə hörmət etmirdilər?

- Atama görə mənə hörmət edənlər çox idi, sadəcə olaraq ştatda yer yox idi. Hər dəfə söz verilirdi, amma əməl olunmurdu. Hətta Siyavuş Aslan da mənə görə direktora ağız açmışdı. Ona da söz vermişdilər ki, düzələcək. Hamı maaş alırdı, amma mən yox. İndi də fikirləşirəm ki, gərək dözərdim, bir az dözsəydim, məni ştata götürəcəkdilər.

- Eldəniz müəllimin hansı xasiyyəti sizə keçib?

- Atam həmişə kimləsə görüş təyin edəndə vaxtında gedərdi, heç yerə gecikməzdi. Həm evdə ciddi, həm də zarafatcıl idi. Yeməyi vaxtında verilməyəndə çox əsəbləşirdi. Əyin-başına həmişə diqqət yetirər, səliqəli geyinərdi. Ayaqqabısı həmişə parıldayırdı, elə vaxt yox idi ki, səliqəsiz görünsün. Onun bu xüsusiyyətləri mənə və digər övladlarına keçib. O həmkarlarına da deyirdi ki, necə aktyorsan ki, ayaqqabın təmiz deyil. Dəfələrlə sənət dostlarına ayaqqabı hədiyyə etmişdi. Onlardan biri də Arif Quliyev idi. Bir dəfə Arif Quliyev bizə qonaq gəlmişdi. Atamla oturub söhbət edirdilər. Mənim bir itim də var idi. Arif müəllimin ayaqqabısının bir tayını götürüb itə atdım. İt ayaqqabını parçalamağa başladı. Balkona çıxanda gördülər ki, it ayaqqabını parçalayır. Bu zaman atam şkafdan bir ayaqqabı götürüb ona hədiyyə etdi. O son qəpiyini də dostları üçün xərcləyib.

- Atanızın sağlığında yanında olmuş sənətkarlar rəhmətə gedəndən sonra sizi axtardılar?

- Atam rəhmətə gedəndə sənət yoldaşları gəlib-gedirdilər, maraqlanırdılar. Onunla vaxtilə bir səhnədə oynayan sənətkarların çoxu hazırda dünyasını dəyişib. Xəstəxanada yatanda Arif Quliyev ziyarətimə gəlirdi. Mən onun oğlu ilə də dostluq edirəm. Arif müəllim atamın ən yaxın dostu olub, o bizdən heç vaxt köməyini əsirgəməyib.

- Son günlərini necə xatırlayırsınız?

- Əmim bizə gəlmişdi, atamdan icazə alıb məni bağa apardı. Atam xəstə yatağında uzanmışdı. Çıxanda sağollaşdıq, amma gözü arxada idi. Onun baxışları indiyə kimi yadımdan çıxmır. Çox kədərli baxırdı (kövrəlir) Sən demə bu onun axırıncı baxışı idi. O heç vaxt mənə elə baxmamışdı. Səhər evə gəldik, dedilər ki, atan rəhmətə gedib. Təxminən saat 5 olardı.

Əli Rəhimoğlu




Ana səhifəyə qayıt        Baxış: 761          Tarix: 14-09-2017, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma