Xəbər lenti

Bu ölkələr çaylarımızı çirkləndirib

Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları çaylara axıdılır.

Publika.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin apardığı monitorinq nəticələrində deyilir.

Məlumatda vurğulanır ki, adıçəkilən ölkələrdən axıdılan çirkab suların təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının I ongünlüyünə nisbətən 9.3 m3/san artaraq 66.3 m3/san təşkil edib.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3, Ağstafaçayda və Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.99-7.2 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.




Ana səhifəyə qayıt        Baxış: 768          Tarix: 23-09-2017, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma