Xəbər lenti

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilk dəfə baş redaktoru olduğu “Qobustan”ın 30 illiyi ilə əlaqədar 1998-ci ildə yazdığı “Ömrümün “Qobustan” illəri” adlı yazısında maraqlı məqamlara toxunub. Yazıda jurnalın güclü nəzarət altında necə fəaliyyət göstərməsi də öz əksini tapıb. Anarın yazdığına görə, həm baş redaktor, həm də əməkdaşlar sorğu-sual ediliblər. Ən maraqlı məqam isə azərbaycançılıq ideologiyasının banilərindən olan Əli bəy Hüseynzadənin adının məqalələrin birində çəkilməsinə görə jurnalın üzləşdiyi təqiblə bağlıdır.  
“Mən o vaxtlar da güman edirdim, indi isə dəqiq bilirəm ki, “Qobustan”ın bağlanması üçün Azərbaycanın rəhbərliyinə həm Moskvadan, həm də öz içimizdən nə qədər təzyiqlər edilib. “Qobustan”ın bir  nömrəsində Qubad Qasımovun Üzeyir Hacıbəyli haqqında  xatirələrini vermək istəyirdik. Yazının bir yerində Üzeyir bəyin  də iştirak etdiyi qonaqlığın iştirakçıları sırasında  Əli bəy  Hüseynzadənin adı çəkilmişdi və yalnız buna görə materialın dərc olunmasına icazə verilmədi. Mənə “Qobustan”da yenə pantürkistlərin təbliğiylə məşğul olursunuz” – deyə ittiham verildi. Belə ittihamlarla toplunu bağlamaq da, redaktorunu cəzalandırmaq da çox asan məsələ idi. Ancaq “Qobustan”ı da, onun redaktorunu da çox bəlalardan,  o cümlədən öz əli altında işləyən partiya məmurlarından  qoruyan Mərkəzi Komitənın birinci katibi Heydər Əliyev idi.
Əlbəttə, “Qobustan”a hücumlar yalnız onun dili ilə deyil (dili ən tez gözəçarpan cəhət olsa da), daha çox məzmunuyla bağlı idi. O vaxt Nəriman Nərimanov haqqında film çəkilirdi və filmin ssenari müəllifi, görkəmli nasirimiz İsa Hüseynov  “Qobustan”a verdiyi müsahibəsində gənclərimizi  “nərimanlaşmağa” çağırırdı. Buna görə nə mərəkə qopdu. İlahi? “Necə yəni “nərimanlaşmaq”? Bəs Lenin, partiya? Məsələ yoğunuyub Sov.İKP MK katibi Kapitonova qədər  çıxmışdı. İş ondadır ki, o vaxt SSRİ ərazisində nəşr olunan hər  bir dövri mətbuat orqanı, istisnasız, Sov.İKP MK-da təsdiq olunmalı, reyestrdə yoxdur, rəsmi təsdiq edilməmişdi, almanax kimi (yəni kitab statusunda) nəşr olunurdu. Halbuki, kitabın (ya almanaxın) daimi ştatlı işçiləri ola bilməz. Odur ki, “Qobustan” haqqında verilən siyasi donoslar Moskvaya ümumən bu nəşr  haqqında Bakı qarşısında məsələ qaldırmağa imkan verirdi. Gizli donoslara mətbuat səhifələrindəki böhtan və bədxahlıqla dopdolu yazılar da əlavə olunurdu. Həm də bu yazıların məhz Azərbaycan KP MK orqanları “Kommunist” qəzeti, “Azərbaycan kommunisti” jurnalı, “Kirpi” jurnalında dərc  edilməsi “Qobustan”a qarşı partiyanın mövqeyi kimi  qavranılırdı. Odur ki, ayıq-sayıq “Qlavlit” “Qobustan”ın hər  nömrəsinə zərrəbinlə baxırdı,  ən aşağı vəzifəli senzorda “ilişən” material daha yuxarı vəzifəli məmurlara, oradan Mərkəzi Komitəyə ötürülürdü və son nəticədə ideoloji katibə çatdırılırdı. İdeoloji katib isə artıq Cəfər Cəfərov deyildi və onun yerini tutmuş adam əvvəlcədən “Qobustan”a şübhəylə yanaşmağa başladı və sonacan (işdən çıxarılanacan) şübhəli qaldı”.
Hazırladı: Elmin Nuri



Ana səhifəyə qayıt        Baxış: 699          Tarix: 6-11-2017, 15:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma