Xəbər lenti

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bu barədə “Report”a vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin İ.Baxşıyev barəsində çıxardığı hökm dəyişdirilib. Məhkəmə onun barəsində şərti cəza verib.

A.Akimovanın isə apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onların 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. İttiham aktına əsasən, həmin cinayət işində o, İ.Baxşıyevlə əlbir olub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Akimova 12 il və İ.Baxşıyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasında məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti hərəkətsiz saxlanılıb, iş baxışdan çıxarılıb və birinci instansiya məhkəməsinə qaytarılıb. Daha sonra iş araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, "AMAY" Ticarət Mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.




Ana səhifəyə qayıt        Baxış: 948          Tarix: 23-11-2017, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma