Xəbər lenti

"Yehova Şahidləri" dini sektasının üzvləri İrina Zaxarçenko və Validə Cəbrayılovanın Azərbaycan Maliyyə Nazirliyinə qarşı məhkəmə iddiası üzrə proses başa çatıb.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə baxılıb.

Hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən iclada qərar elan olunub. Qərara əsasən, Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməyib. Nəsimi Rayon Məhkəməsinin "Yehova Şahidləri" dini sektasının üzvlərinin xeyirinə çıxarılan qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Yehova Şahidləri" dini sektasının üzvləri İ.Zaxarçenko və V.Cəbrayılova qanunsuz olaraq dini ədəbiyyat paylamaqda təqsirli bilinərək, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb. 2016-cı ildə Pirallahı Rayon Məhkəməsinin qərarı ilə 7 min manat məbləğində cərimələniblər. Lakin onlar istintaq dövründə 17 fevral 2015-ci il tarixdən 28 yanvar 2016-cl il tarixədək 11 ay 11 gün həbsdə qaldıqları üçün məhkəmə cəriməni ləğv edib və 2016-cı ilin yanvar ayında həmin şəxsləri məhkəmə zalından azadlığa buraxıb.

Hökmdən narazı qalan İ.Zaxarçenko və V.Cəbrayılovanın müdafiəçiləri apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2016-cl il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib.

Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, həmin şəxslərin barəsində bəraət hökmü çıxarıb.

Daha sonra İ.Zaxarçenko və V.Cəbrayılova Maliyyə Nazirliyini məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsinə müracət edən "Yehova Şahidləri" dini sektasının üzvləri qanunsuz hərəkətlərə görə əsas hüquq və azadlıqların pozulması ilə əlaqədar ədalətli kompensasiyanın ödənilməsi barədə tələb irəli sürüblər. Məhkəmə iddianı təmin dərək qətnamə çıxarıb. Daha sonra Maliyyə Nazirliyi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 29-11-2017, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma