Xəbər lenti

"Nardaran işi" üzrə təqsirləndirilənlərə hökm oxundu

2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər hökm oxunub.

Məhkəmənin hökmü ilə Zülfüqar Mikayılov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, digər təqsirləndirilən şəxslər - Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 12 il 3 ay, Eldar Bünyatov 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Mübariz İbrahimov 13 il, Cabir Əliyev 14 il, Ramil Seyfullayev 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı üç qrupda cinayət işi üzrə məhkəmə araşdırması gedir.

Bundan əvvəl Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 üzvü, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar.

Müsəlman Birliyi Təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrlik etdiyi kollegiyada aparılır.

Bundan başqa, əməliyyat zamanı həbs edilən daha 10 nəfərə yaxın şəxs isə ayrı-ayrı icraatlarda mühakimə ediliblər.

Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı Taleh Bağırovun tərəfdarları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında silahlı qarşıdurma yaranıb. Silahlı qarşıdurma zamanı iki polis əməkdaşı öldürülüb, 5 nəfər isə yaralanıb.

Əməliyyat zamanı 4 nəfər əli silahlı olan Nardaran sakini zərərsizləşdirilib.




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 6-12-2017, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma