Xəbər lenti

Əbülfəz Elçibəy bir çox müsbət xüsusiyyətlərə malik olmaqla  yanaşı, həm də  o, çox sadə, səmimi və diqqətcil insan idi. Bunu onunla ilk, həm də son olan görüşümüzdə bir daha yəqin etmişdim.

….Ötən əsrin 80-ci illərin sonlarındakı meydan hərəkatının qızğın çağı idi. Mən həmin vaxt aspiranturada təhsil alırdım və Azərbaycan Neft və Kimya İnstitutunun indiki Ceyhun Hacıbəyli küçəsində yerləşən yataqxanasında qalırdım. Hər gün  səhər evdən çıxaraq Hökumət Evinin qarşısındakı meydana gedir, bir də gecəyarı evə qayıdırdım.

Belə payız günlərindən biri idi və hava artıq qaralmışdı. Mən meydanda gəzərkən iki nəfərin bir tərəfdə durub qəmgin-qəmgin siqaret çəkdiklərini görüb onlara yaxınlaşdım, haradan gəldiklərini və nə üçün qəmgin olduqlarını soruşdum.

– Naxçıvandan birtəhər gəlmişik və Əbülfəz bəylə görüşmək istəyirik. Orada vəziyyət yaxşı deyil və biz istəyirik ki, Əbülfəz bəylə görüşub vəziyyəti ona deyək və bizə köməklik göstərməsini xahiş edək. Ancaq hələ ki, onunla görüşə bilməmişik.

Sonra həmsöhbətlərim bildirdilər ki, onlar  Naxçıvan Dövlət Pedaqoji İnstitutunun müəllimləridir və Naxçıvanda o vaxtlar keçirilən mitinqlərin təşkilatçılarındandır. Həmin dövrdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi işləyən Nurəddin Mustafayev bütün mitinq təşkilatçılarının hamısını hədələyərək onları  həbs etdirəcəyini bildirmişdi. Ona görə də bu iki nəfər xəlvəti olaraq  təyyarə ilə Bakıya  uçaraq  Əbülfəz  bəylə görüşüb onları sözun həqiqi mənasında  N.Mustafayevin əlindən xilas etməyi xahiş etmək istəyirdilər: çünki həmin vaxt N.Mustafayevin “qılıncının qabağı və dalı da kəsirdi”.

Vəziyyətin nə yerdə olduğunu biləndən sonra mən onlara dalımca gəlmələrini xahiş etdim və biz birlikdə “Ordubad  rayon cəbhəsi” yazılmış çadıra yaxınlaşdıq. Mən çadırın qabağında yanar ocağın üstündə böyük bir qazanda xörək bişirən orta yaşlı kişiyə yaxınlaşdım və Əbülfəz bəylə görüşmək istədiyimizi bildirdim. O, başını qaldırmadan:

– Bir azdan Bəyin özü bura çörək yeməyə gələcək və onda siz onunla görüşə bilərsiniz – dedi. Biz bir qıraqda durub Əbülfəz bəyi gözləməyə başladıq.

Təxminən yarım saatdan sora Əbülfəz Elçibəy bir neçə nəfərlə çadıra tərəf gələndə mən ona yaxınlaşıb Naxçıvandan gələn müəllimlərin onunla görüşmək istədiklərini dedim. O, bizim üçümüzü də çadırın içərisinə dəvət etdi və biz yan-yana oturduq. Həmin iki nəfər Naxçıvanda olan vəziyyəti Əbülfəz bəyə ətraflı danışdı və onlara kömək etməyi xahiş etdilər. Əbülfəz bəy gülumsəyərək Naxçıvandan gələnlərə belə dedi:

–  Narahat olmayın, sizi həbs etsələr mən sizdən əvvəl gedib həbsxanada yataram: onsuz da həbsxanaya öyrəşmiş adamam.

Bu sözlərdən sonra çadırda oturanların, o cümlədən Naxçıvandan gələn həmin o iki nəfərin üzlərinə zərif təbəssüm qondu və hətta gülüş sədaları belə eşidildi.

– Biz Naxçıvanda olan vəziyyət barədə respublika rəhbərliyi ilə ətraflı söhbət etmişik və bu günlərdə Nurəddin Mustafayev öz vəzifəsindən azad olunacaq. Ona görə də heç bir narahatçılığa əsas yoxdur – deyən Əbülfəz bəy əli ilə süfrəyə qoyulmuş bozbaş dolu kasalara işarə edərək qonaqlara və ətrafda oturanlara xörəyi soyutmamağı və çörək yeməyi təklif etdi. Mən həmin an bu iki nəfər qonağın gözlərində ümidli sevinc hisslərini gördüm. Əbülfəz bəylə bu ilk və son görüşdə isə onun necə böyük insan olduğunun şahidi oldum.

Çörək yeyib çay içəndən sonra biz üç nəfər Əbülfəz bəylə və oturanlarla salamatlaşıb çadırdan çıxdıq və bir az aralıda əllərində bir dəstə kağız tutmuş arıq və orta yaşlı kişiyə yaxınlaşdıq: bu adam Zərdüşt Əlizadə idi və o, Azərbaycan Xalq Cəbhəsinin Proqram və Nizamnaməsi yazılmış həmin kağız dəstəsindən bir neçəsini bizə verdi və onları Naxçıvanda yaymağı qonaqlardan xahiş etdim.

Həqiqətən də Əbülfəz bəyin dediyi kimi, bir neçə gündən sonra  Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi  Nurəddin Mustafayev vəzifəsindən azad olundu. Həmin vaxt mən “Vışka” qəzetinin Naxçıvan MR üzrə səyyar ştatdankənar müxbiri işləyirdim və tez-tez ora gedirdım. Təəssüflər olsun ki, əlaqə telefonlarını və ünvanlarını bilmədiyim üçün mən həmin qonaqların sonrakı taleyi barədə xəbər tuta bilmədim. Ancaq bildiyimə görə, oradakı mitinqlərin təşkilatçılarından heç biri həmin vaxt həbs olunmadı.

Tale elə gətirdi ki, bir xeyli vaxt ötəndən sonra bir qonaqlıqda mən Əbülfəz bəyin böyük qardaşı, rəhmətlik Murad kişi ilə onun haqqında xeyli söhbət etdik. Murad kişidən Əbülfəz Elçibəyin mitinqlərdə iştirakına və çıxışlarına münasibətini öyrənəndə o, qayğılı şəkildə mənə belə dedi:

– Hələ Sovet dövründə o, (söhbət Əbülfəz Elçibəydən gedirdi) siyasi fəaliyyətinə görə həbs olunanda həbsxanaya onun yanına ən çox mən gedirdim. İndi də ona deyirəm: bax, yenə sən ortada tək qalacaqsan və səni həbs edəcəklər. O vaxt olduğu kimi həbsxanaya sənin yanına məndən başqa heç kim gəlməyəcək.

Sovet dövründə yaşamış və həmin reıimin hər üzünü görmüş Murad kişi ola bilsin ki, haqlı idi. Ancaq müstəqillik əldə etdikdən sonra xalq və Əbülfəz bəyin yaxın səmimi silahdaşları ona arxa oldu və Əbülfəz Elçibəy hətta müstəqil Azərbaycanın Prezidenti seçildi.

Mənim ikinci dəfə Əbülfəz Elçibəylə görüşmək şansım da olmuşdu, ancaq təəssüflər olsun kl, məndən asılı olmayan səbəblərə görə görüşümüz baş tutmamışdı.

Belə ki, 1993-cü ilin iyun ayında Əbülfəz Elçibəy respublikada yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq Kələkiyə gedəndə mən Bakıda nəşr olunan “Naxçıvan” qəzetində müxbir işləyirdim və qəzetin ovaxtkı redaktoru Rizvan Cəbiyevin təşəbbüsü ilə Əbülfəz bəydən müsahibə almaq üçün həmin ilin iyul  ayının əvvəllərində Ordubada ezamiyyə olundum. O vaxtlar Kələkiyə getmək çox çətin idi və qoyulmuş postlardan keçmək üçün şəxsən Əbülfəz Elçibəyin razılığı lazım idi. Ona görə də mən anadan olduğum Üstüpü kəndinə getdim və bizim kənddən Əbülfəz bəyin yanına sərbəst gedib-gəlmək imkanı olan bir nəfərdən Əbülfəz Elçibəydən “Naxçıvan” qəzeti üçün müsahibə götürməyimə razılıq alınmasını xahiş etdim. Kənddə bir neçə gün gözləməyimə baxmayaraq, təəssüflər olsun ki, belə razılıq əldə olunmadı (ola bilsin ki, buna  “Naxçıvan” qəzetinin təsisçisinin və redaktorunun tutduğu mövqe  səbəb olmuşdu) və mən məcbur olub əliboş Bakıya döndüm. Bakıda isə mən “sürprizlə” qarşılaşdım: qəzetin redaktoru R.Cəbiyev ezamiyyəyə getməzdən əvvəlki tarixlə (bərəkallah “savadına”!) məni işdən azad etdi. Məni heç bir əsas olmadan işdən azad etdiyi üçün (yeri gəlmişkən, onu da qeyd edim ki, mən qəzetdə həmin ilin əvvəlindən işləyirdim və yaxın bir imkanlı tanışım mənim qəzetdəki illik bütün xərclərimi ödəmişdi) sözsüz ki, baş redaktoru məhkəməyə verdim və məhkəmə mənim işə bərpa olunmağıma dair qərar çıxardı. Ancaq mənim belə redaktorla daha işləmək həvəsim olmadığı üçün qəzetdən aralandım.

Bir neçə il öncə anamın vəfatının ildönümü ilə əlaqədar kəndimizə getmişdim və həmin vaxt böyük qardaşımla Əbülfəz Elçibəyin Kələkidəki evində ayrıca bir otaqda təşkil olunmuş ev-muzeyinə baş çəkdik. Muzeylə tanışlıq məndə təəssüflər olsun ki, xoş təəssürat yaratmadı: eksponatlar şüşə altında deyil, açıq şəkildə necə gəldi düzülmüşdu, onların əksəriyyəti kitab, qəzet, jurnal və əlyazmaları olduğu üçün artıq saralmağa başlamışdı, otaqda nəmişlik hiss olunurdu və hava təmizləyici yox idi. Bir sözlə, muzeyin qeyri-peşəkarcasına təşkil olunduğu ilk baxışdan hiss olunurdu (Sonradan məlum oldu ki, bu muzey dövlət tərəfindən deyil, Əbülfəz bəyin ailəsinin öz səyi və gücü ilə yaradılıb). Əlbəttə, rayonun, eləcə də Muxtar Respublikanın müvafiq dövlət qurumlarının Azərbaycan Respublikasının Prezidenti olmuş Əbülfəz Elçibəyin ev-muzeyinə belə ögey münasibəti ancaq və ancaq təəssüf doğurur.

Ümid etmək olar ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi qeyd olunan bu ildə Azərbaycan Respublikasının eks Prezidentinə layiq bir şəkildə istər Kələki kəndində, istərsə də Ordubad, Naxçıvan və Bakı şəhərlərində ev muzeyləri təşkil olunacaq,  adının əbədiləşdirilməsi üçün bu şəhərlərdəki küçələrin birinə onun adı veriləcəkdir.

 

Yasin Azərtürk

Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir

 

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 712          Tarix: 19-05-2018, 14:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma