Xəbər lenti

 

2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər Nazirliyinə həvalə edildiyindən, Dövlət Sosial Müdafiə Fondunun əmək müqavilələri sahəsində yoxlamalar aparmaq səlahiyyəti ləğv olunub. Hazırda əmək müqavilələrinin bağlanılması vəziyyəti ilə bağlı yoxlamaları iki dövlət qurumu - Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi həyata keçirir. 
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Sonxeber.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilirlər.

Qeyd olunub ki, əmək müqaviləsiz işlədilən işçilərin sayının cərimənin məbləğinə təsiri yoxdur. Əmək müqaviləsiz işlədilən 1 işçi üçün də, 5 işçi üçün də eyni məbləğdə cərimə tətbiq olunur. Hüquqi şəxslərin cəriməsinin fiziki şəxslərlə müqayisədə təxminən 20 dəfə artıq olması diqqətçəkən məqamlardandır. Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6000 manat cərimə tətbiq olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 286          Tarix: 17-08-2019, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma