Xəbər lenti

 

Onu ilk kəşf etdiyim zaman çox təsirləndiyimi xatırlayıram. Türkiyəli rejissor Mehmet Ulukanın Azərbaycan telekanallarından biri üçün çəkdiyi “Qaranlıqlar çiçəyi” teleserialında görüb tanıdım.

Bir çox serial və filmlərdə zaman-zaman qarşıma çıxan aktyoru daha sonra sosial şəbəkədən izləməyə başladım. Olduqca emosianal, açıq fikirli olan sənətkarın, bir vətəndaş kimi sosial problemlərə laqeyd olmaması açığı məni təəccübləndirmişdi. Çünki bizim ölkəmizdə bəzilərini çıxmaq şərti ilə bir çox sənət adamları adətən öz maraq dairələrindən bir addım da kənara çıxmır.

Həmsöhbətimiz “Fəryad”, “Dolu”, “Dərvişin qeydləri”, “Çaqqal nəfəsi”, “Bəhram Gur” kimi tam və qısametrajlı filmlərdə, bir çox yerli seriallarda bir-birindən maraqlı obrazlar yaradan tanınmış aktyor əməkdar artist Cavanşir Hadıyevdir. Hazırda Hindistan filmində əsas obrazlardan birinə çəkilən aktyor BakuPost.az -ın suallarını cavablandırıb.



- Cavanşir bəy, uzun müddətdir sosial şəbəkədə sizi izləyirəm. Çox sərt mesajlar verirsiniz. Bu qədər açıq sözlü olmaq sizə maneə yaratmır?

- Əgər düz danışıramsa niyə maneə olmalıdır? Məncə, biz azad bir ölkədə yaşayırıq. Hər kəsin azad fikri olmalıdır. Təbiətən çox emosional insanam. Hələ özümü mümkün qədər sıxıram. Əməkdar artist statusum bir qədər önümü kəsir.


- Sizi bu qədər emosianal edən nədir?

- İnsanların bir- birinə qarşı olan münasibəti. Paxıllığı bir- birini dəyərləndirməməsi, eqosu, sadəcə göstəriş üçün çabalamaları çox sarsıdır. Şəxsiyyətə pərəstiş çox güclüdür. Mən elə düşünürəm ki, kiməsə baş əymək olmaz.


- Bu sadaladıqlarınız sizin camiədə də çoxdur.

- Bizim camiədə bilirsiniz nə qədər yaltaq, paxıl, bir-birinin ayağından çəkənlər var? Amma mən onları sənətkar hesab etmirəm. Çünki əsl sənətçi, sənətini sevən adam başqa sənətçiyə kömək etməlidi, ayağının altını qazmamalıdı.


- Onda belə başa düşdüm ki, Azərbaycanda aktyor olmaq çox çətindir...

- Olduqca... Çünki sən ömrün boyu sənətlə məşğul olduğunu, sənətkar olduğunu kimlərəsə, hansı ki, kinodan sənətdən heç bir anlayışı olmayan, sənətə təsadüfi gələn insanlara sübut etməlisən. 90 faiz insan bu sənətə özünü dürtüşdürüb. Onları Azərbaycan kinosunun taleyi maraqlandırmır. Bu baxımdan onların arasında aktyor həyatı yaşamaq çox çətindir.

 



- Bəs maddi tərəfdən necə?

- Mümkün deyil. Elə olub sürücü, mebel sexində fəhlə işləmişəm. Məlumdur ki, Azərbaycanda filmlərdə yüksək qonorar olmur. Hər gün də filmə çəkilmirik. Ona görə də daimi iş yeri lazımdır. Kirayədə yaşayıram. Bəzən kirayə ödəmək imkanım olmayanda maşında yatıram. Təsəvvür edirsiniz, Azərbaycanın əməkdar artisti maşında yaşayır. Amma evə ehtiyacı olmayan, maddi imkanı çox yaxşı olan aktyorlarımıza ev bağışlanır. Hal-hazırda aktyor tanıyıram ki, axşam teatrda tamaşa oynayır, tamaşa bitən kimi səhərə kimi taksi sürür.


- Kommersiya filmlərinə çəkilən aktyorlar pis qazanmır amma...

- Düzdü, həmin o filmlərdə oynayan “aktyorlar” məndən çox qonorar alırlar. Hər filmə görə 25 min manat qonorar alanlar var. Onlar film deyil, biabırçılıqdır. Mənim şəxsən gülməyim gəlməyən bir şeyə 100 min adam gülür. Kütlənin zövqünü artıq korlayıblar.


- Hindistanda filmə çəkilirsiniz. Taleyiniz deyəsən, üzünüzə gülməyə başlayıb?

- Elə oldu (gülür). Çəkildiyim filmin adı “Jana-gana-mana-adhinayaka, jayahe”. Tərcüməsi budur ki, “Sən hamının zehinlərinin hökmüdarısan”. Bu Hindistan himninin ilk cümləsidir.


- Necə oldu ki, Hindistan kinematoqrafçıları sizi kəşf etdi?

- Tamamilə təsadüf nəticəsində. Mənim mütəmadi olaraq çalışdığım yerli bir prodakşın var. Onların Hindistan kinematoqrafçılarıyla əlaqələri var. Məkan olaraq Azərbaycanda çəkilən kadrlar onlara müraciət edirlər. Növbəti dəfə çəkiliş üçün Azərbaycanı seçəndə bildiriblər ki, bizə baş rollardan birini oynayacaq aktyor lazımdır. Onlar da mənim şəkilimi Hindistana yollayıblar. Elə oldu Hindistandan gələn ikinci rejissorla həmin studiyada görüşdük qısa söhbətimiz oldu və sağollaşdıq. Üzərindən bir neçə gün keçəndən sonra yenidən zəng gəldi ki, filmin baş rejissoru Bakıya gəlib. Mən getdim rejissorla görüşə. Elə qapıda məni gördüyü ilk anda dedi ki, aktyora nahaq əziyyət vermisiniz mən onu artıq təsdiq etmişəm.


- Bildiyim qədərilə çətin bir obrazınız var...

- Hindistanda on illərdir davam edən Kəşmir problemi var. Hindlilərlə müsəlmanlar arasında müharibə gedir. Filmdə Kəşmir əhalisinin milli lideri Əbu Həmzəni canlandırıram.


- Qonorarınız sizi qane edirmi?

- Hindistan səviyyəsində azdır. Amma Azərbaycan səviyyəsində çoxdur. Onlarda baş rolda oynayan aktyorlar 150 min dollardan çox pul alır.


- Xarici ölkədə filmə çəkilmənizin yerli film və seriallardakı qonorar sisteminə təsiri oldumu?

- Heç bir təsiri olmadı. Çünki biz hələ buna hazır deyilik. Aktyorlarımızı dəyərləndirə bilmirik. Bizim onlarla təşkilat, aktyora münasibət cəhətdən yerlə göy qədər fərqimiz var. Azərbaycanda aktyora birmənalı olaraq hörmət yoxdur. Bizim ölkədə aktyora dəyər verilmir. Hindistanda sözün əsl mənasında aktyoru əl üstündə tuturlar. Mən orda prodüserdən soruşdum ki, siz niyə aktyoru bu qədər yüksək səviyyədə tutursunuz. Dedi axı biz onun hesabına pul qazanırıq. Mənim obrazımın çox çətin və uzun sürən bir qrimi var. Hardasa 2 saata yaxın davam edir. İlk dəfə məni qrimləyib rejissora göstərəndə o bəyənmədi və yenidən qrimləmək lazım gəldi. Amma rejissor qrim edən qızları saxlayıb dedi ki, “Siz aktyordan soruşmusunuzmu ki, ikinci dəfə qrim etdirmək istəyir, ya yox?” Yaxud çəkiliş meydançasında mən bir kadr çəkilib kənarda dayandım. Uzaqdan gördüm ki, rejissor məni göstərib geyim üzrə rəssam xanıma nə isə dedi. Həmin xanım mənə yaxınlaşıb dedi ki, rejissor deyir, yəqin, sizə istidi, gedin onun əynindəki xalatı çıxarın. Bu rejissorun diqqətidir, insanın insana olan münasibəti və rejissorun aktyora olan münasibəti idi. Amma filmin Azərbaycanda çəkilən setində çəkiliş zamanı azərbaycanlı təşkilatçıdan soruşdum ki, soyuq su olmaz sizdə? O etinasız şəkildə cavab verdi ki, “yox, müəllim” yoxdu. Təsəvvür edirsiniz respublikanın Əməkdar artisti, xarici bir filmə çəkilən aktyor setdə su istəyir, onu tapıb vermək istəmirlər. Bu çox biabırçı bir şeydir.



- Hindistan kinematoqrafiyası Azərbaycan kinematoqrafiyası ilə müqayisədə güclüdür, yoxsa zəif?

- Onu deyim ki, kino cəhətdən onlar bizdən heç də üstün deyil. Onlar sırf melodram çəkirlər. Bizim elə kino sənətçilərimiz var ki, onlardan qat-qat üstündür. Hindistanda çox güclü operator məktəbi var. Operatorlar əsl rəssamdır, amma aktyorları o qədər də güclü deyil Fantastikaya meyillidilər. Amma mən maraqlandım, sən demə, onların xalqı da çox sadəlövhdürlər. Onlar hələ də inanırlar ki, bu bunun qardaşıdı və 20 il sonra gəlib çıxıb. Hindistanda insanlar beş rupi verib, gedib kinoteatrda ağlayıb çıxır.


- Sizin təbəqədən sonra Azərbaycanda kino aktyoru yetişirmi?

- İstedadlı gənc kino aktyorları var. Amma istedadlı aktrisalarımız yoxdur, yetişmir. Sabah hansısa bir rejissor “Leyli və Məcnun” filmi çəksə, Leyli roluna yarayacaq gənc, məsum, istedadlı aktrisa tanmımıram. Ümumilikdə götürəndə müstəqillik dövrünün yetişdirdiyi, Azərbaycanı silkələyən aktyor, aktrisa yetişmir.

Günel MUSA
Baku Post






Ana səhifəyə qayıt        Baxış: 409          Tarix: 15-09-2019, 13:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma