Xəbər lenti

 

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Xəzər rayon şöbəsinin sabiq rəisi Rafiq Səfərov ifadə verib.
O, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan iş adamları - Sahib Qurbanov və Zaur Əzimovun qanunsuz saxlanılmaları, onlardan külli miqdarda pul alınması epizodu üzrə dindirilib.
Rafiq Səfərov deyib ki, ölkəyə qaçaqmalçılıq yolu ilə siqaretlərin gətirilməsi barədə onlara "siqnal" məlumatı verilib. Bundan sonra əməliyyat keçirmələrindən danışan Rafiq Səfərov bildirib ki, Zaur Əzimov və Sahib Qurbanovu saxlayıb.
Sahib Qurbanovun suallarına cavab verən Rafiq Səfərov 55 qutu siqareti onlardan müsadirə etmələrinin səbəbini izah edə bilməyib.
Rafiq Səfərov MTN ləğv olunandan sonra Sahib Qurbanova pul verməsini belə izah edib: "MTN ləğv olunandan sonra Sahib Qurbanov məni şantaj etdi. Mən də məcbur qalaraq ona pul verdim. Sahib Qurbanovun hərəkətlərindən dövlət qurumlarına şikayət edə bilmirdim. Çünki bizə yaxşı münasibət bəsləmirdilər, mən də heç yerə şikayət etmədim".
Daha sonra Sahib Qurbanovun vəkili Rafiq Səfərova cinayət işi ilə bağlı suallar verib. Şahid vəkilin suallarına cavab verə bilməyib.
O, Sahib Qurbanov və Zaur Əzimovun saxılanılması, onlara məxsus əmlakların ələ keçirilməsi sifarişini MTN-nin Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudovdan alıb.
O, hazırda həbsdə olan, Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovdan heç bir sifariş almadığını söyləyib.
Digər zərərçəkmiş Zaur Əzimov da çıxış edib. İş adamı çıxışı zamanı Rafiq Səfərovu ittiham edərək, onların törətdikləri əmələ görə borca düşdüyünü, uzun müddətli həbsxana həyatı yaşadığını deyib.
Qeyd edək ki, Rafiq Səfərov Milli Təhlükəsizlik Nazirliyində 2004-cü ildən 2007-ci ilədək antiterror mərkəzində, 2011-ci ildən 2015-ci ilin yanvar ayınadək isə MTN-nin Xəzər rayon idarəsinin rəisi, 2015-ci ilin yanvar ayından MTN-nin Binəqədi rayon idarəsinin rəisi vəzifəsində işləyib.
İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
Vüqar Mahmudovun barəsində 2017-ci ilin noyabrın da həbs edilib.
Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Bunlar iş adamları - Sahib Qurbanov, Elşən Tağıyev, Maqsud Mahmudov, Tural İsgəndərli, Zaur Əzimov, Bakı metropolitenini sabiq rəisi Tağı Əhmədov, onun oğlu Şövqü Əhmədovdur.
Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.
Zaur Əzimov ümumilikdə 320 min, Sahib Qurbanov isə 100 min manat məbləğində mülki iddianı məhkəməyə təqdim ediblər.(Teleqraf.com )



Ana səhifəyə qayıt        Baxış: 269          Tarix: 7-11-2019, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma