Xəbər lenti

 

Yeni dərs ili başlar-başlamaz məktəblərdən şikayətlər gəlməkdədir. Abşeronun Saray qəsəbəsində 3 saylı məktəbin birinci sinif şagirdi Vaqif  Balayev müəllimi tərəfindən şiddətə məruz qalıb.

Ovqat.com xəbər verir ki, bu barədə Lent.az-a Vaqifin valideyni Aytən Əliyeva məlumat verib. Onun sözlərinə görə, uşaq sinifdən çıxanda vahimə içində olub və müəlliminin onu vurduğunu deyib:

– Sentyabrın 15-də sadəcə şəkil çəkdirib evə gəldik. İlk dəfə bu gün uşaq müəllimi görüb. Sinif otağından müəllimin səsi gəlirdi. Elə hey balacalara qışqırırdı. Oğlum dərsdən çıxanda gördüm əhvalı yaxşı deyil. Soruşdum, dedi, müəllim məni vurdu. Sonra bütün uşaqlara deyib ki, ayağınızı divara vursanız, ayaqlarınızı kəsərəm, evə qulaqsız, ayaqsız gedərsiniz.

Birinci sinif şagirdinə qarşı ağlasığmaz hərəkəti məktəbin rus bölməsi üzrə müəllimi Təranə Kair qızı edib. Təzə dəftər-kitablarına maraq göstərən Vaqif dəftərlərini açıb baxmaq istəyib. Bu da müəllimin xoşuna gəlməyib və uşağın əlindən çimdikləyib. Üstəlik xəbərdarlıq da edib ki, bu hərəkəti bir daha edərsə, elə çimdik alacaq ki, qanı töküləcək.

A. Əliyeva əslində Vaqifi başqa müəllimin sinfinə qoyduğunu deyir.

– Uşağı Yeganə müəllimin sinfinə qoymuşdum. Analıq məzuniyyətində idi, sonra də işdən çıxıb. Bu haqda məktəb rəhbərliyi tərəfindən sinfin heç bir valideyninə məlumat verilməyib. Biz Yeganə müəllimi gözləyirdik, Təranə müəllim gəldi. Direktor dedi, əvəzedici müəllimdir. Nazirliyə məlumat verib, Yeganə müəllimin yerinə təzə müəllim gələcək. Gəlməsə, elə Təranə müəllim dərs keçəcək. Təranə müəllimin isə öz sinfi var. İkinci siniflərə dərs keçir.

A. Əliyeva uşaqlarla düzgün davranmağı bilməyən Təranə müəllimin övladına dərs keçməsini istəmir: “Bu haqda Təhsil Nazirliyinə, Təhsil İdarəsinə də şikayət etmişəm”.

Bütün yayı həvəslə məktəbi gözləyən Vaqif indi məktəbə getmək istəmir.

– Vaqif çox qorxub. Məktəbə getmək istəmir. Bilmirəm, sabah onu məktəbə necə aparacağam?! Onun hələ 6 yaşı var. Müəllim məktəbi sevdirmək əvəzində, əksinə məktəbdən soyudur. Psixoloji travma alıb. Müəllimin cəzalanmasını istəyirəm.

Məsələ ilə bağlı Abşeron rayon Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən Lent.az-a məsələnin araşdırıldığını, əlavə məlumat verə bilməyəcəklərini dedilər.




Ana səhifəyə qayıt        Baxış: 835          Tarix: 18-09-2017, 20:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma