Xəbər lenti

 

Bu günlərdə bir deputat əfəndinin başına gələnlərdən külli-məmləkət halidir. Külli miqdarda kreditə görə  milyonluq  villası əlindən getdi... Üstəlik, bir vəzifəsi ilə də vidalaşdı...

 

Adını çəkmirəm... Əvvəla, proseslərə münasibətimi heç vaxt şəxsiləşdirmək istəmirəm. İkincisi, yıxılana balta çalmaq kimi bir xislətim yoxdur. Üçüncüsü də, ad çəkəndə bəziləri düşünür ki, yəqin bu da qarşı klanın muzdlu jurnalistidir...

 

Məqsədim, sadəcə, bu olayın da Allahın bir ibrət dərsi olduğunu xatırlatmaq və onu çatdırmaqdır ki, sələmlə, kreditlə, yalanla SOSİAL RİFAH olmur, düşündüyümüz, xəyal etdiyimiz əsil firavan, qorxusuz-hürküsüz, vicdan ağrısı olmadan sakit keçirilən  həyat alınmır. Bu, yalnız Azərbaycanda deyil, Avropada, hətta Amerikada da belədir... “Xoşbəxtlər ölkəsi” sayılan ABŞ-ın əhalisinin böyük bir hissəsi ömür boyu banklara borc ödəyir, ödəyə bilməyənlər isə asanlıqla həbslərə atılır, ən azı, evsiz-eşiksiz “bomj”a dönüb küçələrdə gecələyir... Hətta krediti, sələmi rahat ödəyənlərin belə, nə isə həyatda bir insan kimi normal həyatı baş tutmur, ya ailəsi dağılır, ya doğmalarını itirir, ya əxlaqsızlığa, narkomanlığa qurşanır, nə bilim, ya cinsini dəyişir, ya həmcinsi ilə evlənir və s. İnsan insanlıq keyfiyyətlərini itirəndən sonra milyonlar qazansa da, onun həyatını necə firavan saymaq olar?..

 

Bir sözlə, sələmlə, kreditlə, yalanla, mənəviyyatsızlıqla istər ayrıca bir vətəndaşı, istərsə də bütöv bir ölkəni SOSİAL RİFAHA qovuşdurmaq olmur...

 

Bütün bunlar həm də ona görə baş verir ki, Allah Qurani-Kərimdə sələmlə dolanmağı Onunla müharibə etməyə bənzədir və bu yolla əldə edilən gəlirin sonunun PUÇ OLACAĞINI vəd edir...

 

Darıxmayın, hələ çox puç olanları görəcəyik... Bəzilərini bu dünyada, bəzilərini o dünyada...

 

Sultan Laçın 




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 23-01-2019, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma