Xəbər lenti

 

Onun adı müharibə tarixinə 200 gün davam edən Stalinqrad döyüşünün baş qəhrəmanlarından biri kimi düşüb...

1981-ci ilin iyul ayında 81 yaşlı marşal Vasili Çuykov Mərkəzi Komitəyə kiçik bir məktub ünvanlayır. Marşal bu məktubu ilə ölkə rəhbərliyinə son arzusunu çatdırır:

“Artıq ömrümün sonuna yaxınlaşıram. Bunu düşünürək sizə müraciət etmək qərarına gəldim. Xahiş edirəm, mən öləndən sonra məni Volqoqradda (keçmiş Stalinqrad), Mamayev kurqanında, “Ana Vətən çağırır” abidəsinin qarşısında dəfn edəsiniz. 12 sentyabr 1942-ci ildə həmin yerdə mənim komanda məntəqəm yaradılıb. Hazırda orada mənim minlərlə döyüşçüm uyuyur...”

Bu məktubun yazılmasından səkkiz ay sonra marşalın arzusu yerinə yetirilib, o, Volqoqradda dəfn olunub. SSRİ tarixində Çuykov Vasili Petrovdan sonra ikinci və sonuncu marşal olub ki, Moskvadan kənarda dəfn olunub.

Müasirləri və həmkarları Vasili Çuykov haqqında həmişə yüksək fikir söyləyiblər. Nikita Xruşov xatirələrində marşal haqqında bu fikirləri qeyd edib:

“Vasili Çuykov bəlkə də orduda yeganə adam idi ki, tabeliyində olanlar ona rütbəsi, yaxud da vəzifəsi ilə deyil, adı və atasının adı ilə müraciət edirdilər. O, hərb sənətinin bütün incəliklərini bilirdi. İstər müharibə illərində, istərsə də müharibədən sonra Çuykov xidmət etdiyi yerlərdə böyük nüfuz sahibi olub. O cümlədən ölkənin siyasi elitasında da onun adı böyük hörmətlə çəkilib. Peşəkar hərbçi olmaqla yanaşı, Çuykovun siyasi təhlilləri də dolğun və mükəmməl olub. O, həmişə intellekti, zəngin dünyagörüşü ilə fərqlənib...”

Vasili Çuykov 1900-cü ildə Moskva ətrafında, Serebryannı Prud qəsəbəsində anadan olub. Ailədə 12 uşaq olublar, səkkiz qardaş, dörd bacı. 4 illik təhsildən sonra 12 yaşlı Çuykov ailəyə kömək etmək üçün Leninqrada işləməyə gedib. Bir müddət kiçik sexlərdə fəhləlik etdikdən sonra o, hərbi xidmətə yollanıb.

Vətəndaş müharibəsi zamanı Vasili Çuykov rota komandirinin köməkçisi vəzifəsində xidmət edib. O, bu müharibədə dörd dəfə yaralanıb.

Sonrakı taleyini bötövlükdə hərbə bağlayan Vasili Çuykov Frunze adına Hərbi Akademiyada təhsil alıb. O, 1940-cı ilə qədər ayrı-ayrı hərbi hissələrdə qərərgah rəisi, hərbi hissə komandiri vəzifələrində çalışıb.

1940-cı ildə Vasili Çuykovu Çinə hərbi attaşe göndəriblər. 1941-ci ildə müharibə başlananda o, bir neçə dəfə Dövlət Müdafiə Komitəsinə, şəxsən İosif Stalinə cəbhəyə getməsi ilə bağlı müraciət edib. Nəhayət, 1942-ci ildə Stalin onu yanına dəvət edib:

- Vasili İvanoviç, mən qərara gəldim ki, sizi Tulaya göndərim. Hazırda orada Stalinqrada yollamaq üçün yeni bir ordu formalaşdırılır. Siz həmin 62-ci orduya rəhbərlik edəcəksiniz.

Qısa fikir mübadiləsindən sonra Çuykov kabineti tərk edəndə, Stalin onu qapının qarşısında saxlayıb:

- Yoldaş Çuykov, nəyin bahasına olursa-olsun, bir addım geri çəkilmək olmaz...

Vasili Çuykov haqqında tez-tez bir ifadə işlədiblər: “Məğlub olmağı bacarmayan adam”. Bu ifadə haqqında Stalinin də məlumatı olub. Bəlkə də elə buna görə o, müharibənin gedişində köklü dönüş yaradan Stalinqradın taleyini ona tapşırıb.
Beləliklə, 1942-ci ilin avqust ayında Vasili Çuykov Tuladan Stalinqrada göndərilən 62-ci ordunun komandanı vəzifəsinə təyin olunub.

Qeyd etdiyimiz kimi, Stalinqrad döyüşü müharibənin gedişində böyük dönüş yaradıb. Bu döyüşdə Vermaxt qoşunlarından 300 min, Almaniyanın müttəfiqlərinin döyüşçülərindən isə 200 min nəfər həlak olub. Bu döyüş itkilərlə yanaşı, alman qoşunlarının şəxsi heyətində, Adolf Hitlerin də etiraf etdiyi kimi, ruh düşkünlüyü yaradıb.

Stalinqrad cəbhəsinin komandanı marşal Semyon Timoşenkonun rəhbərliyi ilə aparılan əməliyyatlarda komandanı Çuykov olan 62-ci ordunun hərbi-döyüş qabiliyyəti və taktikası hətta gözlənilməyən uğurlarla nəticələnib.

Vasili Çuykov xidmət illərində ən yüksək mükafatlarla, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, 9 dəfə “Lenin”, 4 dəfə “Qırmızı Bayraq”, 3 dəfə “Suvorov” və digər ordenlərlə təltif olunub.

Marşal Vasili Çuykov 1982-ci ildə, 82 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 546          Tarix: 2-09-2019, 00:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma