Xəbər lenti

 

Bəzən biz özümüz də bilmədən qeyri-ixtiyari kimlərinsə sözlərinə inanıb, müəyyən xəstləklərimizin və qorxularımızın çarəsini türkəçarələrdə axtarırıq. Əbəs yerə deməyiblər ki,  suda boğulan saman çöpündən də yapışar. Bəziləri türkəçarələrə həddən çox  inanır, bəziləri üçün isə bu, heç bir effekti olmayan xürafatdır. Tibb elmi türkəçarələri qəbul etməsə də, bu yolla rahatlıq tapdıqlarını, türkəçarələrin effektini gördüklərini iddia edənlər az deyil.  


İnsanlar  canlarında  yaranmış qorxuları dəf edə bilmək üçün müxtəlif vasitələrə üz tuturlar. Kimi yatanda yastığının altına çörək, kimi bıçaq qoyur, kimisi qorxduğu yerə mismar vurur və sair. Bəzi insanlar üçün isə qorxularından qurtulmağın yolu Çildağdan keçir.


Çildağ sözünün kökündə “dağ basmaq” dayanır. İnsanın canından qorxuluğu götürmək üçün ona dağ basaraq, diksindirilən bir müalicə üsuludur.

Çildağa inanmaq lazımdır, yoxsa bu, xürafatdan başqa bir şey deyil? Bu sual beynimdə dolaşa-dolaşa üz tutdum Digah qəsəbəsinə,  Hüseyn kişinin ocağına.


Deyirlər ki, Çildağa adətən hava qaralanda gedərlər. Çünki günün o saatında daha kəsərli olurmuş. Bir də çərşənbə və şənbə günləri gedilən Çildağın effekti daha yaxşı imiş. Hüseyn kişi çəkilişə icazə verməsə də, qorxuluğu, azar-bezarı götürmək üçün edəcəyi prosedur barədə ətraflı məlumat verdi. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, Çildağda adam əlindən yer yox idi. Hətta növbəyə dayandıq. Növbəsini gözləyənlər arasında kimlər yox idi ki? Üç aylıq körpəsi ilə Çildağa pənah gətirən analardan tutmuş əsgərə qədər hər kəs öz növbəsini gözləyirdi.

 

Hüseyn kişi buranın vaxtilə ocaq olduğunu dedi. Elə özü də seyid nəslindən imiş.  Anasına  yuxuda vergi verilib. Anası düz 45 il çildağçılıqla məşğul olub. Bir neçə il öncə dünyasını dəyişib və  ölməzdən qabaq oğluna vəsiyyət edib ki, sən də mənim yolumu davam elə. Hüseyn kişi bizimlə söhbətində anasının ölüm döşəyində onun ağzına tüpürdüyünü, bu yolla vergi aldığını iddia etdi. Hüseyn kişinin arvadı da çildağçılıqla məşğul olur. Kişilərə Hüseyn kişi özü, qadınlara isə həyat yoldaşı baxır.

 

Nəhayət növbə mənə çatdı. Əvvəlcə başımın üstündə bir kasada su hərləyərək, qıraqda bir qaşıqda isitdiyi qurğuşunu o suyun içinə tökdü. Qurğuşun suya töküləndə qəribə bir səs gəldi. Həmin vaxt qeyri-ixtiyari səsdən dikdindim, elə bildim ki, qaynar qurğuşun başıma töküldü. Sən demə belə də olmalı imiş.

Gərək qorxasan ki, bədənində qorxuluq çıxsın. Sonra 3 dəfə mənə tərəf əyilib “Bismillah!” dedi. Daha sonra nəsə bir əski bükümünü yandırdı  və bədənimdə müxtəlif yerlərə dağ basdı. Kürəkdən başladı, sinə, qol, diz və ayaqlarda qurtardı. Sonra həmin o sudakı qurğuşunu bir kağıza tökərək mənə verdi ki, gecə yatanda yastığımın altına qoyum, səhər isə  təmiz bir yerə atım. Və bir də qurğuşuna baxaraq, nədən qorxduğumu dedi.


Oradan çıxanda hələ də növbəsini gözləyən insanların çoxluğunun şahidi oldum. Söhbətləşdiyim  Sevinc adlı  bir qadını bura gətirən səbəb isə nəvələrini göstərmək imiş. Dediyinə görə, nəvəsi gecələr yatmırmış, pəncərədən kiminsə onu izlədiyini deyirmiş: “Bura gələndən sonra qorxuluğu götürülüb və yuxusu qaydaya düşüb, artıq gecələr rahat yatır. İndi də yeni doğulan nəvəmi gətirmişəm ki, ona da baxsınlar”.


Çildağa gətirən səbəblər, qorxular, azar-bezarlar müxtəlifdir, amma istək birdir. Bu qorxulardan qurtulmaq. Elə Çildağdan çıxanların fikirləri də müxtəlifdir. Kimi özündə yüngüllük tapdığını, qorxularından qurtulduğunu deyir. Kimi də Çildağın xürafat olduğu düşüncəsində qalır.




Ana səhifəyə qayıt        Baxış: 349          Tarix: 17-09-2019, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma