Xəbər lenti

 

Aqşin Yenisey yazır...

“Edmund Husserl ölümündən üç il əvvəl, 1935-ci ildə  Vyana və Praqada Avropadakı insanlıq böhranına həsr etdiyi məşhur konfranslarını verdi. Haqqında danışdığı böhran Husserlə o qədər dərin gəlirdi ki, Avropanın öz-özünə bu böhrandan sağ-salamat çıxıb-çıxmayacağını sual edirdi. Böhranın köklərinin, modern çağın əvvəlində, Qaliley və Dekartda, dünyanı texniki və riyazi baxımdan araşdırılacaq bəsit bir nəsnə halına salan və həyatındakı dünyanı, onun öz sözü ilə “die Lebenswelt”i (yaşanan dünyanı) öz üfüqlərindən çıxaran Avropa elminin birtərəfli xarakterində olduğuna inanırdı” (Milan Kundera). 

Xatırladaq ki, 1935-ci ildə Husserl Avropada insanlığın böhranı haqqında mühazirə oxuyanda almanlar uran atomunun neytron bombardımanı ilə bölündüyünü və nəticədə çox böyük enerji yarandığını kəşf etmişdilər. Husserl bir Roma qazı kimi cəmi on ildən sonra  Almaniyadan 20 min km uzaqda yerləşən Naqasaki və Xirosima şəhərlərinin başına gələcək fəlakəti hiss etmişdi, amma Romanı xilas edən qazlardan fərqli olaraq, qoca alman filosofu bu iki yapon şəhərini xilas edə bilmədi.

Husserldən 24 il sonra, 1959-cu ildə ingilis realist yazıçısı və fiziki, kimyagəri Çarlz Snou Avropada modern elmin uğurlarını göylərə qaldıran konfranslar verdi. Snou yaşadığımız dünyada iki tip kültür növü ayırd edirdi: Bəşəri kültür və elmi kültür. Bəşəri kültür dedikdə ədəbi, fəlsəfi irsi, elmi kültür dedikdə modern elmi irsi əsas götürən iki düşüncə formasını nəzərdə tuturdu. Snounun iddialarını oxucularımız üçün anlaşılan şəklə salsaq, deyə bilərik ki, XIX əsrə qədər inkişaf etmiş dünyada burjuanı, elitanı bəşəri kültür formalaşdırırdı, XIX əsrdən sonra isə elmi kültür öz burjuasını, elitasını formalaşdırmağa başladı. 

Snouya görə canı, ruhu ədəbi-fəlsəfi məzmunda olan ənənəvi mədəniyyət gücü sürətlə tükənən bir dövlət kimi davranır - astagəllikdəki etibarı sayəsində özünü saxlaya bilir. Snou həm də bəşəri kültürlə elmi kültürü əxlaqi sağlamlığına görə də fərqləndirirdi; dünyanın bəşəri kültürə söykənən cəmiyyətlərində elmi kültürü yuxarı başa keçirən cəmiyyətlərə nisbətən insan həyatının daha ucuz tutulduğunu, əxlaqın mənəvi məsuliyyətdən arındırılıb gündəlik bazarlıqlara cəlb edildiyini, bəşəri kültürə mənsub ölkələrdə intellektual zümrənin ikiüzlü, yalançı olmalarını iddia edir, elmi burjuanın bəşəri burjuadan əxlaqi cəhətdən daha sağlam olduğunu vurğulayırdı.

İnsan həyatının sükanı XVI əsrdən sonra elmi kültürün əlinə keçməyə başladı, min il idi bu sükandan din və fəlsəfə adlı iki qolu ilə bərk-bərk yapışan bəşəri kültür insanlığın tarixdə irəlilədiyi yolu bura qədər tanıyırdı, XVI əsrdən sonra yol gələcək zamana uzanırdı, bəşəri kültür isə bu yoldan xəbərsiz idi; onun bircə çarəsi qalmışdı, bizi, yəni insanlığı yenidən geriyə qaytarmaq. Bəşəri kültürün tör-töküntüləri bu gün də o fikirdədirlər; xoşbəxtlik keçmişdədir! Vəbanın üç-dörd ildə 75 milyon insanı yox etdiyi və bu xəstəliyin allah cəzası sanıldığı o kütbeyin zamanlarda. Postmodernizm bir vəba nostaljisidir, həm də!  

Fransa inqilabından və XIX əsrdən başlayaraq bəşəri  kültür elm kültürə qarşı bir cəbhə aşdı.

Romantizm və Mühafizəkarlıq adlı biri gənc və başdanxarab, digəri qova və kin dolu iki əsgərin qan-tər içində döyüşdüyü bir cəbhə. Və bu günə qədər Qaşekin “Yaxşı əsgər Şveyk”i kimi nə üçün döyüşdüklərini heç özləri də bilməyən bu iki əsgər yalnız uniformalarını dəyişərək, şəkildən-şəklə düşərək dünyanın, insanlığın gələcəyi ilə vuruşur. Hətta elmi kültürün başına qaxınc olar iki Dünya müharibəsinin baş verməsinin səbəblərində də köhnə dünyanın bu iki əsgərinin əli var idi. Bu gün də dünyanın əksər münaqişə ocaqlarında iki kültürün - bir-birilərinə güzəştə getməyən bəşəri kültürlə elmi kültürün - döyüşü gedir. 

Yaşadığımız islam coğrafiyası özünün bəşəri kültürü ilə elmi kültürü inkar etməkdədir. Fəlsəfəni də sıxışdırıb öz ruhundan çıxarmış islam burjuası təkbaşına elmi kültürə qalib gələcəyini düşünür və olan milyonlarla günahsız müsəlmana olur. 

Halbuki Çin, Hindistan kimi daha qədim inanaclara və mədəniyyətlərə sahib olan ölkələr gələcəyə gedən qatarda yer tutmaq üçün özlərinin bəşəri kültürlərinin yerini sürətlə elmi kültürə verməkdədirlər.  

Bu gün dünyanın inkişaf etmiş ölkələrinin elitasını, üst kəsimini elmi kültürün nümayəndələri təmsil edir. Bəşəri kültürdən bərk-bərk yapışan, elmə tapınsaq, allaha xəyanət etmiş olarıq qorxusu ilə yaşayan ikinci, üçüncü sort ölkələrdə isə hələ də burjuaziyaya – burjua demək, bilmirəm nə qədər doğrudur - gedən yol dinə, ənənəyə, yalandan da olsa, sığınmaqdan, özünü ənənə düşkünü kimi qələmə verməkdən keçir. 

Və dünyada bəşəri kültür dəllallığı edən bu ölkələrin həm kasıb, həm varlı sakinləri bir yol tapıb öz ölkələrindən elmi burjuanın hakim olduğu ölkələrə köçmək istəyirlər. İstər təhsil proqramları, istərsə də ödənişli vətəndaşlıq yolu ilə öz vətənlərini tərk edirlər. Bəşəri kültür artıq öz bəşərinə belə fayda vermir. 

Qərbdə XIX əsrin burjuası olanlar bu günün həm maddi, həm mənəvi yoxsullarına çevrilsələr də, Şərqin bizə aid hissəsində yalnız mənəvi yoxsullaşma baş verib, dini burjua, ya da dindən yararlanan burjua maddi cəhətdən də yoxsullaşmamaq üçün yoxsulluğun özünü ilahiləşdirməklə məşğul. Tanrının yoxsulların dərdindən hayıl-mayıl olması təbliğatı kasıbların qarnından kəsib varlıların cibinə doldurur. Bu gün Türkiyədə elmi kültürə mənsub aydınların ən çox və acıyaraq istifadə etdikləri söz “Garibanizm”dir, yəni broyler yetimçilik təsərrüfatı. 

Elmi kültürümüz olmadığı üçün funksionallığını itirmiş bəşəri kültürümüz bizi nəinki xilas edə bilər, bəlkə də, çıxış yolu kimi cənnət nostalgiyamızı şiddətləndirib yox olmağımızı sürətləndirər. Sinqapur, Malayziya kimi Şərq ölkələri vaxtında bunu anlamış ölkələrdir. 

Azərbaycada elmi elitanı təmsil edənlərin özləri belə bəşəri kültürün yetirmələridir; adam həm fizika elmləri doktorudur, həm həci. Həm “Cogito, ergo sum” deyir, həm “Allahu əkbər”. Cəmiyyət də bilmir, onun hansı dediyinə inansın. 

Bu cür qeyri-müəyyənliklə bizi gələcəyə buraxmazlar. Ümumiyyətlə, müsəlmanlar elmi kültürə öz qəlblərinin və evlərinin qapılarını açmasalar, müasir həyat şərtləri ilə ayaqlaşa bilməyən islam kültürü öz mənsubları tərəfindən inkar olunmağa başlayacaq. Hətta bu gün “əsl islam o deyil” kəlməsinin klişeləşməsini də bu böyük inkarın ilk qığılcımı kimi görmək lazımdır. “Əsl islam” axtarışları bizi ancaq keşmişə aparır. Sualın bu şəkildə qoyuluşu onu göstərir ki, “əsl islam” günümüzə gəlib çıxa bilməyib. Onun gələcəyə necə gedəcəyini isə, yəqin ki, bir allah bilir.

Gündəlik həyatımıza gəlincə, həyatımızın hər anı xristianlığın elmi kültürünün yaradıcılığı ilə doludur. Başımızı namazdan qaldıran kimi, biz öz evimizdə xristian dünyasına giririk. Ən ağır xəstəmiz xristian dünyasında müalicə olunur, ən yaxşı qızımızı xristian oğlana ərə vermək istəməsək də, o, özü bu oğlanı “ağ atlı”sı kimi arzulayır. Ən savadlı gənclərimiz xristan universitetlərində oxumağa gedir və geri qayıtmır. Ən varlı adamlarımız xristian ölkələrindən ödənişli vətəndaşlıq alır. Çünki bu gün xristian ölkələrində ən müqəddəs yer kilsə binası deyil, universitet binasıdır. Çünki bu gün xristian dünyasında söz sahibi bəşəri kültür deyil, elmi kültürdür. 

Dünyanı ələ keçirmək bu deyilsə, bəs nədir? Azərbaycan tarixçiləri Yaqub Mahmudov, Elvira Lətifova və Arzu Məmmədovanın birlikdə yazdığı “XIX əsrdə çarizmin şimal-qərbi Azərbaycanda pravoslavlaşdırma siyasəti və pravoslav kilsələrinin tikilməsi tarixindən” kitabında yazdığı bir faktı söyləməklə bitirirəm bu yazını. “Keşiş David Utayevin inqiloy kilsələrinin keşişi İradion Okropiridzeyə göndərdiyi məlumat: “Çox böyük hörmətlə xəbər vermək istəyirəm ki, bizim tərəfimizdən bir az əvvəl xaç suyuna (vaftiz) çəkilən mərhum Şirəli bəy Mirzə Səlim bəy oğlu Əliyevin (Xristianlığı qəbul etdikdən sonra Aleksandrın) meyiti bu il 21 martda (yəni Novruz bayramı günü) tatar (yəni türk) qəbiristanlığına aparılmış və Aleksandr adı verilən mərhumun nəşi ayindən sonra pravoslav adətinə uyğun dəfn olunmuşdur”.

Söhbət müsəlmanların meyitlərini belə xristinalaşdırmaq istəyən missionerlikdən gedir. Dirilər, onsuz da, gələcəyi xristian dünyasında axtarmağa başlayıblar artıq. \\Oxu




Ana səhifəyə qayıt        Baxış: 82          Tarix: 16-10-2019, 23:52      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent