Xəbər lenti

Azərbaycan İnsan İnkişafı İndeksinə (İİİ) görə 189 ölkə arasında 80-ci yerdədir. İndeksi BMT-nin İnkişaf Proqramı açıqlayıb. Bu indeksə insan inkişafının durumunun təhlili daxildir – indiki durumdan tutmuş, insan inkişafı indikatorlarının uzunmüddətli tendensiyalarına qədər. İndeks səhiyyə, təhsil və gəlirlilik üzrə ölkələrin uğurlarını ölçür.

İİİ-nin başında Norveç, İsveçrə, Avstraliya, İrlandiya və Almaniya durur. Ən aşağı yerləri isə Niger, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Çad və Burundi tutub.

Qonşulardan Rusiya 49, İran 60, Gürcüstan 70, Ermənistan 83-cü yerdədir.

Birləşmiş Ştatlar 13-cüdür. 189 ölkədən 59-u ən yüksək inkişaf qrupunda, 38-i ən aşağı qrupdadır. Səkkiz il öncə bu rəqəmlər uyğun olaraq 46 və 49 idi.

Azərbaycan insan inkişafı indeksinə görə ən yüksək deyil, yüksək qrupda yer alıb. Bu ölkədə orta ömür uzunluğu 72,1 ildir. Adambaşına düşən ümumi milli gəlir 15 min 600 dollardır.

İndeksdə ölkələr üzrə gender bərabərliyini əks etdirən statistika da yer alıb. Məsələn, qeyd olunur ki, parlamentdəki yerlərin cəmi 16,8 faizini qadın deputatlar tutub.

Əmək bazarında qadınların iştiraklılıq göstəricisi 62,9, kişilərinki 69,5-dir.

Azərbaycanda rəyi soruşulanların 57 faizi təhsilin, 38 faizi səhiyyənin, 57 faizi həyat səviyyəsindən razılığını bildirib. Qadınların 63, kişilərin 87 faizi özünü təhlükəsiz hesab edir.

Seçim azadlığına gəlincə, qadınların 69, kişilərin 67 faizi bu hüququndan məmnun olduğunu dilə gətirib.

Ümumilikdə isə, Azərbaycanda həyatından məmnunluq indeksi 5,2-dir. Bu göstərici 0-10 ballıq şkala üzrə dəyərləndirilir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 323          Tarix: 18-09-2018, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma