Xəbər lenti

Fəxrəddin Mehdiyev

(Hüquqşünas)

Professor İlham Rəhimovun elmi ictimaiyyətə təqdim etdiyi “Ölməz ölüm cəzası”  monoqrafiyası  hüquq elmini, xususilə kriminologiya elmini zənginləşdirən, böyük nəzəri və praktiki əhəmiyyətə malik olan əsərdir. 

Hörmətli alimimizin yeni monoqrafiyası cinayət hüququ və kriminologiyanın bu istiqamətdəki yaradıcılığının davamıdır. Beləki, alim İlham Rəhimov son illərdə “Cinayətkarlıq və cəza” (2012-ci il)  “Cinayət və cəzanın fəlsəfəsi” (2013-cü il),   “Cəzanın əxlaqiliyi haqqında “ (2016-ci il)  adlı monoqrafiyalarını elmi ictimaiyyətə təqdim etmişdir. Həmin əsərlərdə cinayət və cəzanın hüquqi, fəlsəfi, psixoloji, sosioloji aspektləri tədqiq edilmişdir.

“Ölməz ölüm cəzası” monoqrafiyasında alim yaradıcılıq ənənələrini davam etdirərək, ardıcıllıqla ölüm cəzasının tarixini, fəlsəfəsini, sosiolojiyasını, psixologiyasını  təhlil etmişdir. Monoqrafiyanın maraqlı cəhətlərindən biri ondan ibarətdir ki, alim “Ölüm cəzasının gələcəyi” adlı yekun fəsildə bu problemə  dünyada, ayrı-ayrı ölkələrdə kriminogen durumun tendensiyalarından aslı olaraq konkret yanaşma  tələb etdiyini əsaslandırmışdır.

Ölüm cəzasının tətbiqi məsələsi çox mübahisəli mövzu olaraq qalmaqdadır. Ölüm cəzasının tətbiqinin ədalətliliyi, əxlaqiliyi, faydalılığı və s. barədə onun tərəfdarları və əlehdarlarının öz arqumentləri vardır. Maraqlıdır ki,  həmin arqumentlər də  özlüyündə ciddi suallar doğurur. Buna bir maraqlı tarixi hadisəni misal göstərmək olar: tarixçilər yazırlar ki, 1718-ci ildə Rusiya çarı I Pyotrun oğlu Aleksey atasına  qarşı qiyamda, sui-qəsddə ittiham olunur. Bu zaman I Pyotr cəza məsələsində tərəddüd edir və ona görə də ali ruhanilərə cəza məsələsində rəy bildirməyi  tapşırır. Ruhanilər uzun zaman məsələni müzakirə edirlər və müqəddəs kitablar əsasında bir-birinə zidd rəylər verirlər. Çara məsləhət görürlər ki, əgər “Əhdi – ətiqə“ əsasında hərəkət etməli olsa, oğlu ona xəyanət etdiyinə görə ölüm cəzasına məhkum olunmalıdır.  “Əhdi-Cədid”ə istinad olunsa isə oğlunu bağışlamalıdır. Bir- birinə zidd rəylər I Pyotru dilemma qarşısında qoyur və o, uzun zaman əzablı düşüncələrdən sonra nəhayət oğluna ölüm cəzası verir.

Ölüm cəzasını tətbiq edən ölkələrin arealı azalır. Lakin onun tətbiqi barədə mübahisələr davam etməkdədir və görünür,  bunun üçün hələ əsaslar mövcuddur.

Hazırki dövrdə 95 ölkə ölüm cəzasının bütün növ cinayətlər üzrə, 9 ölkə sülh vaxtında törədilən cinayətlərə görə ləğv etmiş, 35 ölkə isə onu ümumiyyətlə tətbiq etmir. Göründüyü kimi,  ölüm cəzasının praktikası azalır. Tarixilik baxımından bu, aparıcı tendensiyalara çevrilməkdədir. Misal üçün, İngiltərədə 19-cu əsrin əvvəllərində 200 cinayət növünə görə ölüm cəzası tətbiq olunurdu. Hətta bəzi xırda oğurluğa görə belə ölüm cəzası verilirdi.

Ölüm cəzasının tətbiqi prosesi cəmiyyətin və insanların inkişaf səviyyəsindən asılıdır. Həmin cəzanın tətbiqinə səbəb olan cinayət əməlləri aradan qalxmalıdır.  Həmin səbəblər, yəni, insan və insanlıq əlehinə nə qədər ki, amansız cinayətlər mövcuddur, bu cəzanın tətbiqindən geri çəkilmək məqsədəuyğun deyildir.

Çünki  ədalətlilik baxımından günahsız insanı amansızlıqla həyatdan məhrum edən şəxs, həmin andan da özünün yaşamaq hüququnu itirir və  kriminal, qeyri-insani əməllərə yol verdiyindən, cəmiyyətdə anti – əxlaqi nümunə yaradır.

Ölüm cəzasının tətbiqini qeyri – məqsədəuyğunluğunun bir arqumenti var və bu arqumentlə razılaşmaq olar.  Bu, məhkəmə səhvləridir. Məsələn, tədqiqatçıların bildirdiyinə görə, demokratik sistemə və müstəqil məhkəmə hakimiyyətinə malik olan ABŞ kimi dövlətdə səhvən 349 ölüm hökmüçıxarılmışdır, onlardan 23 ölüm hökmü icra olunmuşdur. Bu fakt, yəni məhkəmə səhvləri ölüm cəzasının tətbiqinə qarşı ən əsaslı, nəzərə alınmalı arqumentdir.

Bu baxımdan, monoqrafiyanın “Nəticə” hissəsində  müasir dövrdə ölüm cəzasının tətbiqinə kriminogen durumun tendensiyasına uyğun olaraq konkret yanaşma ümumiləşdirməsi maraqlıdır:

“Düşünürük ki, hazırki dövrdə ölüm cəzasının təkcə əxlaqi cəhətdən deyil, həmçinin sağlam düşüncə və ölkədə kriminogen vəziyyətin qiymətləndirilməsi baxımından faydalılığını daha dərindən tətqiq etməyə ehtiyac vardır. Bizim fikrimizcə,  ölüm cəzası yalnız zəruri və faydalı olduqda tətbiq edilməlidir. Bu mövqe həmin cəza tətbiqinə münasibətdə əxlaqiliyin yeganə dominant əsası olmadığını, ondan başqa “hər kəsə lazımı əvəzin verilməsini“ tələb edən ədalət prinsipinin lazım olduğunu ifadə edir“.   

“Həm ədalətlilik hissi, həm də sağlam düşüncə baxımından, iki nəfərdən çox şəxsin ölümü ilə nəticələnmiş ağırlaşdırıcı hallarda törədilən qəsdən adamöldürmə cinayətlərinə görə, təbii ki, əməlin subyektiv cəhətini nəzərə almaq şərtilə, ən yüksək cəza tədbiri kimi ölüm cəzasının tətbiq edilməsini düzgün hesab edirik.  Digər qəsdən adamöldürmə cinayətlərini törətmiş şəxslər üçün isə ölüm cəzası ilə yanaşı, ömrlük azadlıqdan məhrumetmə cəzasının da nəzərdə tutulmasını məqsədəuyğun hesab edirik“.

Cinayət və cəza hüquq elminin əbədi problemidir. Həmin problemə hər dövrün tarixi yanaşması olmuşdur. Professor İlham Rəhimovun monoqrafiyasında problem  müasirlik baxımından müxtəlif aspektlərdən ətraflı araşdırılmışdır. Ona görə də monoqrafiya hüquqşünaslar, filosoflar, sosioloqlar üçün qiymətli mənbədir.

 




Ana səhifəyə qayıt        Baxış: 448          Tarix: 19-09-2018, 11:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma