Xəbər lenti

ABŞ-da Rusiya ilə sövdələşmə təhqiqatının əsas mövzularından biri – Tramp Tower görüşünün arxasında duran şəxs, Rob Goldstone email yazdığına görə peşman olduğunu dilə gətirib.

Donald Trampın seçki komandasının üzvləri 2016-cı ilin iyununda Hillari Klintona ləkə yaxmaq üçün bir rusiyalı hüquqşünasla görüşüblər. Britaniyalı publisist Rob Goldstone BBC-yə bildirir ki, material son dərəcə ümumi xarakter daşıyırdı və o, bundan utanır.

Tramp komandasının Rusiya ilə iddia olunan əlaqələrinə xüsusi prokuror nəzarət edir. Prezident isə bütün iddiaları təkzib edib və təhqiqatı dəfələrlə “cadugər ovu” adlandırıb.

Trampın 2013-cü il Miss Universe Gözəllik Müsabiqəsində iştirakının təşkilində Goldstone mühüm rol oynayıb. Sözügedən səfərdən sonra prezident özü təkzib etsə də, onun hoteldə fahişələrlə vaxt keçirməsi və bunun lentə alınması kimi əsassız iddialar yayılıb.

Rob Goldstone Trampın komandasına müştərisinin adından hazırki məşhur emaili göndərən zaman azərbaycanlı-rusiyalı müğənni Emin Ağalarovunpublisisti kimi fəaliyyət göstərib.

Emin və Araz Ağalarovun vəkili ötən il musiqi agenti Rob Golstonenin emaillərdə verdiyi məlumatın yalnış olmasında israr edib. Ağalarovlar onların Rusiya hökuməti və Tramp kampaniyası arasında vasitəçilik etdikləri iddiasını rədd ediblər.

“Emaildə deyilir ki, Rusiyadakı müştərim mənə zəng edib və bir vəkilin əlində Demokratların Rusiya tərəfindən qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı Hillari Klintonu ittiham edə biləcək məlumat var”, Goldstone BBC-dən Nick Bryanta deyib.

Prezidentin oğlu kiçik Donald Trampın cavabı isə Goldstonenin dediyinə görə, belə olur: “Sən deyən düzdürsə mən bunu sevirəm, xüsusilə də yayın sonuna doğru”.

Goldstone deyir ki, görüşdə Kreml ilə əlaqəsi olan hüquqşünas Nataliya Veselnitskaya materialı təqdim edib, amma bu, son dərəcə ümumi ləkə idi. O, bundan kifayət qədər utanc hissi keçirir.

Görüşün əhəmiyyəti ilə bağlı suala cənab Goldstone belə cavab verib: “Düşünürəm ki, görüşün hər hansısa sözləşmə əhəmiyyəti daşımasına inanmaq çətindir“.

Lakin o, görüşün təşkili üçün göndərdiyi emailə görə təəssüflənir:

“Ötən 12 ay ərzində yaşadıqlarımı nəzərə alsam, indi həmin emaili yazardımmı, həmin emaili oxuyardımı? Yox, yox, yox və düşünmədən “sil” düyməsini sıxardım“.

Tramp komandasının qələbə üçün Rusiya ilə əlaqəsi olub-olmadığı barədə təhqiqata xüsusi prokuror Robert Muller rəhbərlik edir.

Tramp Tower görüşünün nə dərəcədə ABŞ kampaniya qaydalarına zidd aparıldığı ilə bağlı araşdırma çərçivəsində cənab Goldstone təhqiqatçılar tərəfindən dindirilib.

Onun sözlərinə görə, Mullerin təhqiqatçıları ilə bir neçə saat vaxt keçirib və təhqiqatçıların ona marağının yeganə səbəbi görüşdəki tək müstəqil səs olması olub – “ortalıqdakı qəribə qəhrəman”.

Lakin Goldstone deyir ki, təhqiqatçılar daha çox böyük məsələlərdə maraqlı idilər: “Donald Tramp ilə Ağalarovların münasibəti və Ağalarovlar, Kreml və münasibətlər, bu münasibətlər içində Rusiya ilə Donald Trampın əlaqəsi”.

Emin Ağalarovun atası Araz Moskvada yaşayır və daşınmaz əmlakların tikintisi və satışı ilə məşğul olan biznesmendir. O, həm də 2013-cü il Moskvada keçirilən Miss Universe yarışında Trampın biznes partnyoru olub. Eləcə də, Rusiyada həyata keçməyən Tramp Tower layihəsi üzrə cənab Tramp ilə tərəfdaş olmağa çalışırdı.

Prezident Trampın Moskvada fahişələrlə lentə alınmasına dair əsassız iddialar Steele Dosyesidə toplanıb.

“MI6”-nın keçmiş kəşfiyyatçısı Kristofer Steele, Trampın Rusiya ilə əlaqələrini göstərən dosye tərtib edir. Bu isə Trampın prezidentliyə namizədliyini istəməyən Respublikaçıların Steeleni işə götürməsindən sonra baş verib.

Goldstone deyir ki, Trampın həftəsonu təyyarə ilə gəlişindən sonra qayıtmasına qədər beş saatdan artıq vaxt olmayıb – səhər saat ikidən yeddiyə qədər. Bu halda isə  Tramp otel otağında olduğuna görə onu görməyib.

O, BBC-yə söyləyib: “Hadisə həmin vaxt ərzində baş verə bilərdi, lakin qəribədir ki, heç kim bu haqda heç vaxt danışmayıb. Ən azından bu barədə dedi-qodu eşidə bilərdim, inanıram. Bundan əminəm.”

Keçmiş britaniyalı jurnalist 1960-cı ildə Mançester şəhərində doğulub və Tramp Tower hekayəsi ortaya çıxana qədər haqqında çox da eşidilməyən bir şəxs olub. O, 1987-ci ildə Oui2 Entertainment ictimai əlaqələr şirkətinin əsasını qoyub.

Dediyinə görə, BB King, Riçard Branson və EMI Music Publishing kimi musiqi sənayesinin böyük adları ilə çalışıb və Maykl Ceksonun 1987-ci il Avstraliya turnesində iştirak icazəsi verilən yeganə jurnalist olub.

Oui2-nin Emin Ağalarovun musiqi menecerliyini apardığına görə o, Moskvada 2013-cü il Miss Universe Müsabiqəsində iştirak edib.

Goldstone Nick Bryanta müsahibəsində, Mançesterli işçi sinfinə mənsub bir şirkətin bu cür mühüm tədbirlərdə iştirakının tamamilə inanılmaz olduğunu deyib.

(BBC Azərbaycan)

 




Ana səhifəyə qayıt        Baxış: 361          Tarix: 26-09-2018, 15:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma