Xəbər lenti

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda ölkədən çıxışına məhdudiyyət qoyulmuş 11 nəfərlə bağlı qərar çıxarıb. Onların əksəriyyəti jurnalistlər və hüquqşünaslardır.

Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, ərizəçilərə münasibətdə İnsan haqları və əsas azadlıqların müdafiəsinə dair Konvensiyanın 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) maddəsi və 4 saylı protokolun 2-ci (sərbəst hərəkət etmək azadlığı) maddəsi pozulub. Bu hüquq pozuntusuna görə şikayətçilərin hər birinə 5 min avro mənəvi təzminat ödənilməsinə qərar verilib. Məhkəmə xərclərinə görə isə şikayətçilərə 1000 avro ödənilməlidir. Kompensasiyanın ümumi məbləği 64 min avrodur.

Ərizəçilər arasında jurnalistlər və hüquqşünaslarla yanaşı, REAL Partiyasının Məclis üzvü Azər Qasımlı, Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, Fransada sığınacaq almış Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev də var.

Digər ərizəçilər Aynurə İmranovaGülər MehdizadəRövşanə RəhimovaƏnnağı Hacıbəyliİzolda AğayevaAynurə HeydərovaAytən ƏləkbərovaDilarə Vəliyevadır.

Avropa Məhkəməsi hazırda Türkiyədə yaşayan jurnalist A.İmranovaya münasibətdə Konvensiyanın 13-cü maddəsinin pozuntusunu tanımayıb. Belə nəticəyə gəlib ki, yerli məhkəmələr onun ölkədən çıxışıyla bağlı məsələyə mahiyyəti üzrə baxıblar, sadəcə, ərizəni təmin etməyiblər. Digərlərinin işinə isə məhkəmələr baxmaqdan imtina edib.

Ə.Hacıyeva və hüquqşünas R.Rəhimovaya isə xərclərə görə 1000 avro ödənilməsi nəzərdə tutulmayıb. R.Rəhimovanın vəkili özü olub. Ə.Hacıyeva isə xərclərlə bağlı sübut təqdim edə bilməyib.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 366          Tarix: 13-12-2018, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma