Xəbər lenti

 

 Ləman Ələşrəfqızı

Gununsesi.org

Salam şair!

Bu məktubu sənə 2019-cu il oktyabrın 12-dən 13-nə keçən gecə yazıram. Sənin güllələndiyin tarixdə. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə deyilənlərə görə, 46 nəfəri güllələmişdilər, sən onlardan 14-cü idin. 82 il keçib o vaxtdan. Biz hələ də sənin ölümün haqqında dəqiq informasiya axtarışındayıq. Həm də sümüklərinin axtarışında. Az qala bir il olacaq ki, ehtimal edilən sümüklərin Müşfiqinki güman edilən sümüklərlə birlikdə ekspertizaya göndərilib. Yəqin, sür-sümüyün sızıldayır, necə olmasa torpaq altından gün işığına çıxıb, kütləvi qəbirdən laborator şəraitə düşüb, torpağın çürümüş iyi dezoksiribonukleinin iyinə qarışıb və çox güman ki, bütün bunların fonunda ovqatın da qarışmamış deyil. Deyə bilərsən ki, bu nə məktubdur yazırsan? Bilə-bilə ki, cavabı olmayacaq? Cavab üçün yazmıram şair, savab üçün yazıram. Yazıram ki, bu məktubu oxuyan yüz nəfər, min nəfər “ey qəhrəman övladı, şanlı Vətənin” deyə Əhməd Cavadı yada salsın, bir ağız “Çırpınırdı Qara dəniz”i zümzümə etsin. Bəlkə də kimsə əlinə bir kitab alıb sənin haqqında, ya qeyri birisi haqqında oxumağa da başladı. Oxusaq, bəlkə düzələrik şair, oxumuruq hər gün bir az daha cəhalətə sürüklənirik.

Xəbərin var, son 5 gündə Azərbaycanda 4 qadın qətlə yetirilib. Birinə 18 bıçaq, birinə 20 bıçaq vurublar. Birini əri yatdığı yerdə qantellə öldürüb, qısqanclıq zəminində. Guya kiminləsə yazışırmış. Əslində bu gün hamı bir-biri ilə yazışır, şair. Eyni yataqda ər öz həyatını, arvad öz həyatını yaşayır. Utancaq gəlinlər körpə uşaqlarını atıb başqasına qoşulub qaçırlar. Kişilər xəyanəti həyat tərzinə çevirirlər. Sizin zamanınızda xəyanət sözü ancaq Vətən sözü ilə assosiasiya olunardı, deyilmi? Əlbəttə, o daha pis ittiham idi. Amma ailə də kiçik dövlətdir və bu dövlətə xəyanət də bağışlanmaz hala gəlib.

Qadınlar daha əvvəlki kimi fədakar deyillər, şair. İndi ailə üçün özünü qurban verənlər azdır. Bu mənada, sənin Şükriyyənə gərək bu millət heykəl qoya, Əhməd Cavad.Bədənini murdarlayıb namusunu rus zabitlərindən qoruyan Azərbaycan qadınına. İndi onun xələfləri namusu ilə alverə başlayıb. Türkiyə, Dubay, Malayziya, Bakının göbəyi…Bir ay əvvəl Samsuna getmişdim. Sənin hacı Zeynalabdinin maliyyə dəstəyi ilə 2500 azərbaycanlı üçün məktəb inşa etdirdiyin Batumidən keçib, ta ki, Birinci dünya müharibəsində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin nümayəndəsi kimi addım-addım gəzdiyin yerlərdən keçdim. Artvendən, Rizədən, Trabzondan…Getdiyim avtobusda nə qadınlar vardı, nə qadınlar. Mən dodağı-yanağı silikonlu desəm anlamayacaqsan, damağı siqaretli desəm yetər məncə. Bir sözlə, sərhədlər Azərbaycan qadınını qolları arasına alacaq qədər genişdir. Deyəsən elə Azərbaycan kişisinin ürəyi də. Bu qadınların hər biri bir kişinin anası, bacısı, arvadı , qızıdır. Amma hamı namusdan danışır.

Bu gün bir partiya rəsmisi ilə müsahibəyə getmişdim. Azərbaycan qadınının seks köləsinə çevrilməsindən danışdı uzun-uzun. Prezident seçilərsə ilk işi fahişələrə ölüm hökmü olacaq dedi. Soruşdum ki, bəs hanı bu cəmiyyətin kişiləri? Qadını əxlaqsız olan cəmiyyətin kişisinin adı nədir? Onun cavabı olmadı bu suala, Əhməd Cavad. Səndən soruşuram, Şükriyyənin ərindən.

Daha bir sualım var. Gülləni ürəyindənmi vurmuşdular? Axı bu gecə güllələndiyin gecədir…




Ana səhifəyə qayıt        Baxış: 232          Tarix: 13-10-2019, 14:38      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent