Xəbər lenti

Milli Onkologiya Mərkəzinə tələsirəm. Yox, Allah qorusun, həkimlərin çağırışına görə deyil, vicdanımın səsi ilə. Atamı - ən yaxın müəllimimi və dostumu itirdiyim, mənim üçün çox ağır keçmiş ötən il belə mən insan kədəri və əzabı ilə dolu olan bu evin qapısını açmamışdım. Atam onkoloji xəstəliyin ən ağır forması – indifferent xərçəngə mübtəla olmuşdu. Onu Rasim Babayev kimi ən yaxşı azərbaycanlı onkoloqlar müayinə etmişdi, lakin göylərin təyin etdiyi ölüm hökmünə qarşı çıxa bilməmişdilər.

Lakin mən onlara inanmadım və faciəvi kliniki mənzərədən dəhşətə gələrək dünyanın ən yaxşı həkimlərinin yardımına tələsdim. Dünyanın ən qabaqcıl neyrocərrahlarından biri, Vaşinqton klinikasının baş nütəxəssisi Halük Dedeni tapdım və o, atamı əməliyyata götürməyə qərar verdi. Baş beynin cərrahiyyə üçün praktiki olaraq ən əlçatmaz olan hissəsində - uzunsov beyində əməliyyata. Lakin bu möcüzəyə qadir həkim belə canımı qurban verməyə hazır olduğum insanın Yer üzündəki həyatını uzada bilmədi. Əməliyyatdan sonra o, cəmi iki həftə yaşadı. Rasim Babayevin təsvir etdiyi, lakin “azərbaycanlı həkimdir” deyib inanmadığım (indi bizim həkimlərə kim inanır ki?) kliniki mənzərəni öz gözlərimlə gördüm...

O zamandan bəri məndə onkologiya sözünə və diaqnozuna qarşı bir gizli qorxu hissi yaranıb.

Lakin taleyin hökmü belə imiş ki, mən yenə də bu klinikanın qapılarını açdım. Lakin bu dəfə həkimlərin, yaxud xəstənin çağırışı və yalvarışı ilə deyil. Hər şey daha pis oldu.

Bizim son zamanlar daha çox köməksiz onkoloji xəstəni xatırladan qəribə cəmiyyətimizdə Aslan İsmaylov adlı tənqidçi-hüquqşünas yaşayıb çiçəklənməkdədir. Bu dəfə onun soyadında bilərəkdən səhv etdim. Əlbəttə, o yenə zəng edərək, “y” hərfindən sonra “ı” hərfinin yazılmalı olduğunu bildirəcək. Bu insanda məni hər zaman həddini aşan eqosentrikliyə qədər gəlib çıxan xəstə özünə vurğunluq heyran edib. Dünyamıza hələ də özünün fövqəltəbiiliyinə inanan insanlar gəlməkdədir. Onlar təbiətin cazibə qüvvəsinin tam mərkəzidir. Bu mərəzi Anton Çexov özünün unudulmaz “Qara rahib” əsərində qələmə alıb.

Dahi yazıçının bu hekayəsini oxuyun, orada özünə adekvat qiymət vermək bacarığından məhrum, təsəvvürlərinin əsiri olaraq tarixin dağıntılarından və kitablardakı nağıllardan zühur edən qəhrəmanların, daha doğrusu, uydurulmuş yalançı surətlərin diaqnozu təsvir edilib ki, həmin adamlar nədənsə bu dünyaya qalib gəlmək istəyirlər.

Aslan İsmaylov bizim qara rahibdir. Lakin bu gün söhbətimiz onun barəsində deyil. Toyuq yumurtaları, sonra “Xəmsə” restoranı və daha sonra metallurgiya andeqraundu ilə məşğul olan hüquqşünas barədə nə danışasan? Hiss edirsiniz? Hər yerdən pul qoxusu gəlir. Amma onların qoxusu yoxdur - Aes non olet! – imperator Vespasian buna inandırırdı. Mən A.İsmayılova tərəf çevrilmədim. Ora qoxurdu.

Lakin son müraciəti ona tərəf çevrilməyə vadar etdi. O, Onkoloji Mərkəzdəki dərddən danışdı. Ola bilsin ki, hardasa şüuraltı olaraq ürəyimdən bir hiss keçdi, gizli qorxu özünü büruzə verdi.

Aslan İsmayılov qəzəb hissini heç Onkoloji Mərkəzə də deyil, daha çox akademik Cəmil Əliyevə sarı yönəltmişdi. Mən A.İsmayılovun müraciətini dərc etdim. Lakin sonradan akademik Cəmil Əzizoviç – görkəmli ailənin üzvü, Azərbaycan elminin korifeyi, dahi Əziz Əliyevin oğlu özü zəng etdi. Mən Cəmil Əzizoviçi yarı sözdən anladım. Bu işdən yenə qoxu gəlirdi...

Cəmil Əliyev inanılmaz dərəcədə açıq və tolerant insandır və ədalətli tənqidə hazırdır. Bunu da yarı sözdən anladım. Lakin qoxu gələndə... Öz qorxularının, gizli düşüncələrinin əsiri olmaq, bizi içəridən ovan və özünə qəsdə sürükləyən təzadlar ruhunda olmaq nə qədər qorxuncdur. İnsanlar var ki, dünyanı öz ətraflarında görürlər. İnsanlar da var ki, günahı özlərində axtarırlar.

Mən günahı özümdə axtarırdım...

Qorxuların cəngində, gözlərimin önündə göylərin məhkum etdiyi və xilas yolu axtaran minlərlə insanın əzabı nəhəng Onkologiya Mərkəzinə daxil oluram.

71 yaşlı akademik Cəmil Əliyev nəhəng mərkəzin palatalarında xəstələrinə baxış keçirir. Budur, kabinetinin qəbul otağına yaxınlaşır – diqqətcil, zərif, ziyalı, qoxuların izi ilə hərəkət edən insanın ədalətsiz tənbehi ilə zədələnmiş insan. “Məgər bu qədər xəstənin məhz bizim klinikaya müraciət etməsi pisdir? – Cəmil Əliyev əsəbi halda deyir. – İnsanlar gəlirsə, deməli, bizə inanırlar”.

Bəli, doğrudan da, deməli, ona – Azərbaycan elminin canlı əfsanəsinə, böyük ailənin oğluna inanırlar.

Onun kabinetinə keçirik. Dərhal söhbətə başlayırıq. Onunla hər şey barədə - kədərdən, həyat və əzablardan, göylərin məhkum etdiklərindən danışmağa tələsirəm.

- Əvvəllər bir üçmərtəbəli binada yerləşirdik. İndi isə Mərkəzimizə baxın. Axı onkoloji xəstələrin müalicəsi kompleks yanaşma tələb edir. Xəstəni cərrah, kimya terapevti və radioloqdan ibarət qrup aparmalıdır. Birgə qiymətləndirmə olmadan xəstəni müalicəyə qəbul etməyə haqqımız yoxdur. Hər şey kollegial həll olunur. Bəziləri deyir ki, biz onkologiyada inhisar yaratmışıq. Biz inhisar yaratmamışıq, xəstələrə yazığımız gəlir. Baxın, xəstələr özəl klinikalara müraciət edir, onları cərrah müayinə edir və dərhal əməliyyata götürür. Bu necə ola bilər? Axı şişin sərhədlərinin həddi var. Onu kiçiltmək lazımdır və yalnız bundan sonra cərrahi müdaxilədən söhbət gedə bilər. Əməliyyat vaxtı metastazlar üzə çıxır. Nə etməli? Təbii ki, xəstə kimya terapiyası şöbəsinə köçürülməlidir. Bu metastazları aradan qaldırmaq üçün.

- Bu gün Azərbaycanda müşahidədə olan neçə nəfər onkoloji xəstə var?

- 50 mindən artıq xəstə müşahidədədir. Təəssüf ki, yayınan, özəl klinikalara, yaxud xarici ölkələrə - İrana, Türkiyəyə və digər ölkələrə müraciət edən xəstələr var. Mən sizə əminliklə bildirirəm – bu cür reanimasiya heç bir yerdə yoxdur. Mən bununla fəxr edirəm. Çox istəyirəm ki, buna baxasınız...

Onkologiya insanın özündən xəbərsiz inkişaf edən özünəməxsus xəstəlikdir. İnsan bu xəstəlikdən yalnız şişin sinir hüceyrələrinə sirayət etdiyi və ağrıların başladığı vaxt xəbər tutur. Əksər hallarda xəstələr həkimlərə iş işdən keçdikdən sonra müraciət edir.

- Azərbaycanlılar, ümumiyyətlə, həkimə o zaman müraciət edirlər ki, artıq çox gecdir. Qərb alimləri iddia edirlər ki, sağlam insanlar belə ildə bir dəfə onkomarkerlərə görə qan analizi verməlidir.

- Bəli, bu çox vacibdir. Həmin analizlər şübhə yaradır və mütəxəssis həkimi vadar edir ki, pasienti daha mükəmməl müayinə etsin. Bizdə onkomarkerlər ginekologiyada, prostat vəzinin, bağırsaqların patologiyasında onkologiyaya aid istənilən şübhəli vəziyyətlərdə yoxlanılır...

Dünya üzrə, ələlxüsus Azərbaycan üzrə statistika onkoloji xəstəliklərə yeni düçar olanların sayının artmasından xəbər verir. Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına əsasən, 2030-cu ilə qədər xərçəng xəstəliyinə yeni tutulanların sayı təxminən 70% artacaq və illik 21,6 milyon həddinə çatacaq (müqayisə üçün: 2012-ci ildə bu göstərici 14 milyon olub).

- Bu nə ilə bağlıdır? Bu cür artımı necə izah edə bilərsiniz?

- Bunu izah etmək çox çətindir. Hazırda onkologiyanın başlıca problemi qadınlarda süd vəzisinin xərçəngidir. Mərkəzimizdə bütün qadınların müayinəsi üçün skrininq proqram hazırlanıb. Bütün rayonlar üzrə səyyar skrininq müayinələr təşkil edilir. Şübhə yaranan kimi xəstə Onkologiya Mərkəzinə yollanır. Kişilərdə ilk yeri prostat vəzisinin xərçəngi tutur. Ağciyər xərçəngi ilə bağlı vəziyyət də ürəkaçan deyil.

Mən bunu yorulmadan deyirəm – 35 yaşından sonra qadınlar mütləq müayinə olunmalıdır. Ustrasəs, zəruri hallarda isə mammoqrafiya – süd vəzisinin invaziv müayinəsi aparılır.

- Son zamanlar Qərb alimləri daha çox onkologiyanın virus etiologiyalı olması versiyasına üstünlük verməyə başlayır. Misal üçün, mən atamın xəstəliyini tədqiq etmişəm – diaqnozu anaplastik ependimoma idi. Bu şişdə SV40 virusu aşkarlanıb. Düzdür, alimlər indiyə kimi bir suala cavab tapa bilmirlər – bu ilk səbəbdir, yoxsa şişin yaranmasından sonra törənən dəyişiklikdir...

- Demək çətindir. Lakin bununla birlikdə virus etiologiyası inkar edilmir, alimlər tərəfindən öyrənilir. Fəqət bütün bunlar hələlik tədqiqat mərhələsindədir. Bununla yanaşı, qeyd edim ki, elmi tədqiqatlar sahəsində sıçrayış bizə imkan verir ki, xəstələrin ömrünü 8-10 il uzadaq, bəzən isə ağır xəstəliyi müalicə edək. Həmçinin profilaktik tədbirlər həyata keçiririk: TV-də maarifləndirmə işi, bizim xüsusi briqadaların bütün müasir tədqiqat avadanlıqları ilə təchiz olunmuş xüsusi avtomobillərlə keçirdiyi rayon müayinələri. Bu profilaktika – çekap imkan verir ki, xəstəliklərin inkişafının və artmasının qarşısını alaq.

- Xəstələrin sağ qalma müddətinin faiz göstəricisinin statistikası varmı?

- Əlbəttə, statistika mövcuddur. Əməliyyatdan sonra xəstələrin sağ qalma faizi nəzərə çarpacaq dərəcədə artır. Residivlərin sayı azalır.

Təkrar edirəm, onkologiyada erkən diaqnostika həyati əhəmiyyətə malikdir. Bundan əlavə, xəstələr özlərinə baxmalıdır. Deyək ki, qadın öz süd vəzisinə nəzarət etməlidir. O, nəyinsə doğru getmədiyini sezib dərhal həkimə müraciət edə bilər.

- Amma axı daxili orqanlara, ələlxüsus da baş beyinə nəzarət etmək mümkün deyil.

- Bunun üçün xüsusi metodlar, ilk növbədə çekap var. Kişilər mütləq uroloqlara müraciət etməli, müayinə olunmalıdırlar. Eyni sözlər qadınlara da aiddir. Təəssüf ki, əksər hallarda xəstələr bizə gec müraciət edir.

Mərkəzimiz xüsusi yaddaş kitabçaları hazırlayıb ki, onları əhali arasında pulsuz yayırıq. Biz geniş təşviqat işi aparırıq və ümid edirik ki, bu maarifçilik işi öz bəhrəsini verəcək. İnsanlar bizə vaxtında müraciət etməyə başlayacaq.

- Bir tərəfdən, biz xərçəng xəstəliklərinin artmasından danışırıq. Digər tərəfdən isə, bəzi alimlər iddia edir ki, çox güman, söhbət diaqnostiikanın təkmilləşməsindən gedir. Başqa sözlə, əvvəllər belə avadanlıq yox idi və həkimlər xərçəngi aşkarlaya bilmirdi.

- Bütün dünyada artım tendensiyası müşahidə olunur. Lakin digər tərəfdən, əvvəllər bu cür ultrasəs müayinəsi, maqnit-rezonans tomoqrafiya aparatı, onkomarker analizi yox idi və buna görə də, hesab edirdilər ki, onkoloji xəstəliklər indiki qədər qlobal xarakter daşımırdı. Fəqət müasir müayinə avadanlıqlarının olduğu bir zamanda mübahisə də etmək olar – bu sözün əsl mənasında artımdırmı?

Biz böyük, müasir Uşaq Onkologiyası Mərkəzi tikmişik. Məqsədimiz xəstə uşaqları vahid klinikada cəmləşdirməkdir. Yenə inhisarçılıqdan danışmağa başlayacaqlar? Gərək nə qədər savadsız adam olasan ki, onkologiyada inhisarçılıqdan danışasan. Sadəcə olaraq, təbabətin bu problemli sahəsi sistemli analiz, müalicə və profilaktika tələb edir. Bax buna görə biz bunların hamısını vahid mərkəzdə cəmləmişik.

Budur, yeni poliklinika tikmişik. Gün ərzində 500-ə yaxın xəstə müraciət edir! Bununla belə, onlar hamısı onkoloji xəstə deyil. Onların hardasa 30 faizi xərçəng xəstəsidir. Yerdə qalan 70 faiz digər xəstəliklərdən əziyyət çəkir. Söhbət klinikamıza olan böyük etimaddan gedir. Yoxsa onlar başqa müəssisələrə müraciət edərdi. Bizə hər cür xəstələr müraciət edir – ginekoloji problemlərlə, qastritlə, xora ilə...

Biz unikal şüa terapiyası şöbəsi yaratmışıq. Orada unikal avadanlıqlar quraşdırılıb.

- Baxmaq olar?

- Şübhəsiz. Elə oradaca şüa terapiyası sahəsində mütəxəssislərin tədrisi üzrə mərkəz yaratmışıq. Mərkəzimiz Avropada 6-cı yeri tutub. Buraya başqa ölkələrdən mütəxəssislər gəlir və şüa terapiyası sahəsində təcrübə keçir, ixtisasartırma kurslarını dinləyirlər.

- Yadımdadır, professor, Türkiyənin ən yaxşı şüa terapevtlərindən biri Faruk Zorlu şöbəniz haqda çox tərifli sözlər söyləmişdi.

- Bizdə pozitron-emission tomoqrafiya var ki, bu da olduqca müasir avadanlıqdır. Onun köməyi ilə insan orqanlarındakı hətta ən uzaq metastazları da aşkarlamaq mümkündür. Oktyabrın sonlarından başlayaraq prostat xərçənginə düçar olmuş üç xəstəni radioaktiv maddənin köməyi ilə müalicə etməyə başlamışıq. Bu, təbabətdə inqilabdır. Prostat, qaraciyər və sümük xərçəngi xəstələrinin təxminən 70%-i bu üsulla sağalır.

Biz Almaniyadan mütəxəssisləri dəvət etmişik və bu preparatı onların nəzarəti altında tətbiq etməyə başlamışıq. PET (pozitron-emission tomoqrafiya) MAQATE-nin nəzarəti altındadır. Bizim mərkəz bu maddə ilə xəstələrin müalicəsi üçün sertifikat alıb.

Təsəvvür edirsinizmi, bizim Mərkəzdə 3 MRT var, lakin xəstələri müayinə edib çatdıra bilmirik, böyük növbə yaranır. Bu nəyi göstərir?

- Əlbəttə ki, izdihamla gəlirlərsə, etimadı göstərir...

- Bizi isə buna görə, gördüyünüz kimi, tənqid edirlər. Guya xəstələr saatlarla gözləyir. Bəs nə edək?

- Belə bir sual: Amerika təbabəti uşaqlıq boynu xərçənginə qalib gəlib. Başqa sözlə, təbabət onkologiyanın bu formasının virus etiologiyasını sübuta yetirib. Mədə və bağırsaq xərçəngi ilə mübarizədə böyük irəliləyiş var... Söhbətimizin əvvəlinə qayıtsaq, belə çıxır ki, xərçəng, hər halda, virus xarakterli törəmədir?

- Bu insan papillomavirusudur (böyük əksəriyyət hallarda cinsi yolla keçir). Məktəb yaşlarında artıq qız uşaqlarına peyvənd etməyə başlayıblar ki, uşaqlıq boynu xərçənginin qarşısı alınsın. O ki qaldı 100 faizlik sağalmaya, bu yenə də xəstəliyin inkişaf mərhələsindən asılıdır.

Təkrar edirəm, onkologiyanın yaranma səbəblərini izah etmək olduqca çətindir. Belə bir misal gətirim. Mən süd vəzisinin xərçəngindən əziyyət çəkən xəstəni əməliyyat edirdim. Süd vəzisini tamamilə kəsib götürmək lazım gəldi. Sonradan bədənin kəsilib götürülmüş yerinə bel əzələsini köçürdük. Bəs nə baş verdi?

5 ildən sonra əzələ toxumasının dərinliyində süd vəzisi xərçəngi aşkarladıq. Mən bu sualı müxtəlif elmi konqresslərdə aparıcı xarıcı mütəxəssislərə vermişəm. Hamı məəttəldir. Əzələnin altında tapsaydıq, fikirləşmək olardı ki, bu xərçəng hüceyrəsidir. Başqa yerdə aşkarlansaydı, deyərdim ki, xərçəng hüceyrəsidir, qalıb, yəqin hamısını çıxarmamışam. Burada isə bel əzələsindən süd vəzisi xərçəngi tapılır.

Fikirləşirəm – deməli, bu, mərkəzi sistem xəstəliyidir? Nə isə əvvəlcədən proqramlaşdırılmış bir təzahürdür?

Mədəni büsbütün kəsib çıxarırıq. Bəs niyə elə həmin yerdə xərçəng hüceyrələri peyda olur? Axı bütün orqanı çıxarmışıq?! Lakin müəyyən qədər ildən sonra residiv baş verir. Daha bir tapmaca!

- Xarici ölkələrdəki elmi mərkəzlərlə nə dərəcədə sıx əməkdaşlıq edirsiniz?

- Bir il ərzində Hyustondakı M.D.Anderson adına Onkologiya Mərkəzi bizə ciddi nəzarət edirdi. Yalnız bu yaxınlarda onlarla əməkdaşlıq haqqında müqavilə imzalamışıq ki, bu müqavilə çərçivəsində mütəxəssislərimiz müasir təbabətin bu qabaqcıl mərkəzində təcrübə keçirlər. Amerikalı mütəxəssislər də tez-tez bura gəlir.

Mən hələ Moskva, Avstriya, Türkiyə ilə sıx qarşılıqlı əlaqələrdən danışmıram...

Mütəxəssislərimiz azı il yarım – iki il aparıcı onkologiya mərkəzlərində ixtisaslarını artırırlar. Əgər bu cür qarşılıqlı mübadilə olmasa, öz gündəlik qayğılarımızda itib batarıq.

- Nəhayət, sonuncu sual. Nəyə görə insanın qavrama nöqteyi-nəzərindən həkimlik sənətinin ən çətin sahələrindən olan onkologiyanı seçmisiniz? Söhbətimizdən əvvəl bildirdiniz ki, uşaq onkologiyası şöbəsinə daxil olandan sonra uzun müddət özünüzə gələ bilmirsiniz, gözləriniz yaşarır. Sizi onkologiyaya gətirən nədir? Belə güman edə bilərdinizmi ki, onkologiya bəşəriyyətin başı üzərindən asılmış başlıca Damokl qılıncına çevriləcək? Axı sizin gənclik illərinizdə xəstəliyin belə diaqnostikası yox idi və problem bu səviyyədə qlobal xarakter daşımırdı?

- Sırf hadisələrin təsadüfi axarıdır. Mən Tibb İnstitutunun son kurslarında oxuyurdum, qohumumuz – deyərdim ki, çox koloritli, fenomenal şəxsiyyət olan professor Xəlil Tağıyeviç Abbasov isə mərkəzdə məşhur sovet onkoloqu akademik Nikolay Bloxinin yanında çalışırdı.

O, mənə bu xəstələrə necə kömək etməyin, onların həyatını necə uzatmağın mümkün olması barədə çox danışırdı. Axı onkoloji xəstələr özlərini itirilmiş, gələcəyə inamını itirmiş adam kimi hiss edirlər. Məhz Xəlil Tağıyeviçin təsiri ilə mən onkoloq olmaq qərarına gəldim. Onun rəhbərliyi altında əməliyyat etməyi öyrəndim, dissertasiyamı müdafiə etdim və bu ixtisas həyatımın mənasına çevrildi. Sonra Moskvaya getdim, orada doktorluq dissertasiyasını müdafiə etdim. Uzun müddət Moskvada yaşadım və çalışdım. Bax, mənim yolum belə olub.

- İndi isə, icazənizlə, biz də akademik C.Əliyevin Azərbayan təbabəti üçün nələr etdiyinə tamaşa edək. Mərkəzi gəzməyimizə icazə verirsiniz?

***

Akademiklə sağollaşandan sonra biz baş həkim Azad Kərimli ilə birlikdə nəhəng, müasir Mərkəzin dəhlizləri ilə irəliləyirik. Bir korpusdan çıxıb digərinə daxil oluruq. Bütün söhbətlərimiz iyirmi birinci əsrin taunu adlandırılan bu ağır xəstəlik barədədir.

- Həkim, siqaret çəkmək istəyirəm, - kədərli fikirlərlə A.Kərimliyə müraciət edirəm.

- Elə mən də çəkirəm, birlikdə gedək.

- Necə yəni? Onkoloqsunuz və siqaret çəkirsiniz? – təəccüblənirəm.

- Elə ötən həftə gənc, 35 yaşlı siqaret çəkməyən qadını əməliyyat etmişəm. Ağciyər xərçəngi! – A.Kərimli sakitcə cavab verir.

Onkoloq A.Kərimli tamamilə əmindir ki, siqaret çəkməklə bağlı bu cür iddialar uydurmadan başqa bir şey deyil. “Fikrimcə, bu fəlsəfi xəstəlikdir. Ümumiyyətlə, həyata fəlsəfi yanaşma həyatın özünü sadələşdirir”, - ölkənin məşhur onkoloqu düşüncələri ilə bölüşür.

Palataları, reanimasiya şöbələrini, həkimlərin kabinetlərini, dəhlizləri keçirik və hər tərəfdən bizə insanlar baxır. Göylərin məhkum etdiyi şəxslərin köməksiz, itirilmiş baxışları. Onlara yaxınlaşıram.

Yevlax rayonundan olan 63 yaşlı Şərqiyyə Əliyeva. Süd vəzisinin xərçəngi. Qulluqdan və həkimlərdən razıdır. Bakıdan olan 27 yaşlı Suzan Hacıyeva. Onun süd vəzisini kəsib götürüblər. Gözləri yaşlıdır. Sol tərəfdə 51 yaşlı Şəmkir sakini Zeynəb Əhmədovadır. Artıq metastazlar aşkarlanıb, həkimlər onun həyatı uğrunda səylə çalışırlar... Hər yerdə kədər və qüssə. Daxildə göynədən, dözülməz ağrı. Kədər və göz yaşı.

Yanımızda daha bir həkim var. Ona təxribat dolu sual verirəm: “Bəs deyirlər, burda sizdə rüşvətxorluq baş alıb gedir? Cəmil Əzizoviçi də inhisarçılıqda ittiham edirlər”. Həkimin cavabı da ədalətliliyi ilə və təxribat baxımından geri qalmır: “Düz deyirlər. Cəmil Əzizoviç gərək başqa məmurlar kimi yeni beş korpus deyil, şadlıq evləri tikdirərdi. Onda hamı razı qalardı!”

Şüa terapiyası şöbəsinə qalxırıq. Burada 50 milyon dollarlıq avadanlıq quraşdırılıb.

- Bəs Cəmil Əzizoviç bu qədər pulu dövlətdən necə ala bilib? – baş həkimdən soruşuram.

- O, prezidentdən şəxsən xahiş edib.

Daxili səsim dillənir: “Prezidentdən nəsə şəxsi bir xahiş də edə bilərdi. Lakin bütün bu xəstələrə lazım olan belə unikal avadanlığın alınmasında israr edib”.

Şüa terapiyası sahəsində məşhur professor İsa İsayevlə tanış oluruq. Canlara dəyən kişidir. Kabinetdə mənə öz kompüterinin monitorunu göstərir – orada isə saytımız açıqdır. Çox xoşdur!

Kabinetində xəstələr, xəstəliyin özü və həyat fəlsəfəsi barədə uzun söhbət edirik. Sağollaşarkən professor İsayev mənə kitab hədiyyə edir. Dahi həkimlərin aforizmləri. Hippokratdan sitatlar. Çıxışda rastıma gələn ilk səhifəni açıram: “Hami eyni cür doğulur və hamının bir ölümü var”.

- Gedək, xəstə uşaqların şöbəsinə baxaq, - baş həkim A.Kərimli mənə müraciət edir.

- Bacarmaram, artıq gücüm qalmayıb. Üzr istəyirəm, mən daha buna dözə bilmirəm...

Əziz həkim-onkoloqlar, bu qədər gücünüz və səbriniz olduğu üçün qarşınızda təzim edirəm!

Müəllif: Eynulla Fətullayev




Ana səhifəyə qayıt        Baxış: 1 869          Tarix: 7-11-2017, 10:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma