Xəbər lenti

 

Kişi xəstələndisə, işi bitdi - bu zərbi-məsəl dünyada bir çox xalqlarda məşhurdur.

İş ondadır ki, kişilər nə qədər güclü olsalar da xəstəlikləri daha ağır keçirir, öz sağlamlıqlarının qeydinə qadınlardan az qalır, həkimə getmir, getsə də müalicəsini etmir, ümumiyyətlə, onlara heç vaxt heç nə olmayacağına inanırlar.

35 yaşdan sonra kişiləri gözləyən ən geniş yayılmış xəstəliklərlə sizi tanış edirik.

Bu xəstəliklərin yaranmasının qarşısını almaq üçün nələr etməlisiz?

1. Ürək-damar xəstəlikləri

Dünyada kişilərin qəfil və erkən ölümünə səbəb olan birinci amildir. 20 il əvvəl 45 yaşdan sonra riski artan bu sistem pozuntuları müasir kişilərdə artıq 35-37 yaşından büruzə verir.

Sağlam olmayan qidalanma və həyat tərzindən pis xolesterin qanda artır, damarlar tutulur, ateroskleroz və damarlarda tromblar yaranır, nəticədə infarkt və insult olur.

Niyə qadınlarda bu risk daha azdır? Qadın hormonları olan estrogenlər qadınların ürək-damar sistemini çox yaxşı qoruyur. Lakin menopauzada (orta hesabla 45-50 yaşdan sonra) bu hormonların ifrazı kəskin azalır və bu zaman qadınlarda da ürək-damar xəstəlikləri artır.

2. Ağciyərlərin şişləri

Hazırda 35 yaşdan sonra artıq ilk rüşeymlərini atan ən bədxassəli xəstəlikdir. Ağciyər xərçəngi yaşı 50-dən çox olan kişilərdə aşkar olunsa da, xəstəlik ən azı 10 il əvvəldən başlayır. 2 sm-lik şiş 5 ilə formalaşır. İlkin mərhələdə tapılmır, gizli gedə bilir, aşkarlananda bir çox hallarda artıq 3-4-cü dərəcə olur ki, bu da kişinin həyatını əhəmiyyətli dərəcədə qısaldır.

Siqaret çəkmək, zərərli vərdişlər və iş şəraiti (kimyəvi maddələrlə işləmək və s.) kişiləri risk qrupuna daxil edir.

3. Prostat şişləri

Hər 7 kişidən birində aşkarlanır, düzdür vaxtında aşkarlansa müalicəyə tabe olur. Şiş çox gec inkişaf edir, metastaz verməsi zəifdir. Əvvəlcə xoş xassəli şişlərlə başlaya bilir. Həkimlər artıq 40 yaşlara doğru hər bir kişinin prostat müayinəsi və PSA analizi verməsini vacib hesab edir.

İndiki kişilərin oturaq həyat və iş şərati prostat şişlərini aktivləşdirir.

4. Dəri xərçəngi - Melanoma

50 yaşa kimi qadnlarda bu xəstəlik daha çox rast gəlinsə də, sonra risk qəfildən kişilərin zərərinə dəyişir. Hazırda dəri örtüyündə, xüsusən bel və üzdə, burunda dəri xərçəngi aşkarlanan kişilərin sayı getdikcə artır.

Bu səbəbdən onkoloqlar 35 yaşdan sonra hər bir kişiyə təhlükəli xalları müayinə edib, dərindən təhlil edilməsini vacib hesab edirlər. Kişilər qadınlardan fərqli olaraq günəşdən qorunmur, xüsusi kremlərdən istifadə etmir, günəşin altında uzun müddət qalmağı xoşlayır ki, bu da onların xeyirinə deyil.

5. Diabet

Azərbaycanda 35 yaşdan sonra qanda şəkərin kəskin qalxması diaqnozu qoyulan kişilərin sayı artır. Çünki kişilər daha zərərli qidalanır, bədən çəkisinə nəzarət etmir, getdikcə kökəlirlər. Ona görə 35 yaşdan sonra ildə 1 dəfə gizli şəkər analizi vermək mütləqdir.

Bir bəla - ALKOQOLİZM

Bunu xəstəlik kimi qeyd etmək təbii ki, olmaz. Amma Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, məzh alkoqol kişilərin vaxtsız, qəfil ölümünə səbəb olan xəstəliklərin əsasını qoyur, kişilərin 40 yaşından sonra əmək fəaliyyətini 70% azaldır.

Spirtli içkilər mədəaltı vəz, mədə, qaraciyər xərçəngi, sirrozuna səbəb olur, 50 yaşdan sonra psixi pozuntulara, Alsheymerə, içkidən hədsiz asılılığa gətirib çıxarır. Qadınlar daha az içdiyindən onlar kişilərdən daha çox yaşaya bilir.
Ona görə yuxarıda sadalanan bir çox xəstəliklərdən qorunmaq üçün də birinci növbədə içki adlı bəladan uzaq durmaq lazımdır. \\Medicina.az




Ana səhifəyə qayıt        Baxış: 386          Tarix: 12-09-2019, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma