Xəbər lenti

 

İtdirsəyi göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin iltihabıdır, ilkin olaraq göz qapağının kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır, sonra onun ətrafında şişkinlik və qızartı yaranır, göz qapağı şişir. İki-üç gündən sonra həmin sahədə sarı rəngli irinli "başcıq" əmələ gəlir, deşiləndən sonra içindəki irin xaric olur. Göz qapağında eyni zamanda bir neçə itdirsəyinin əmələ gəlib birləşməsi baş verəndə xəstənin ümumi vəziyyəti ağırlaşır, temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər yaranır.

İtdirsəyi keçib getməyəndə göz qapağının içərisində kiçik şiş kimi qalanda ona xalazyon deyilir. Xalazyon ağrı vermir, lakin kosmetik qüsura gətirib çıxarır və çətinliklə müalicə olunur.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, itdirsəyi çıxarkən bir neçə sadə üsulla onun qarşısını almaq olar. Məsələn, soğan, sarımsaq, qoz yarpağı və ya gül suyu gözə dəyməmək şərti ilə itdirsəyi çıxan nahiyəyə çəkilir. Çovdar unu, zeytun yağı və sarımsaq əzməsi qarışığından ibarət xəmirəbənzər kütlə itdirsəyini sağaldır. Təzə dəmlənmiş qara çaya pambıq batıraraq tampon qoyulur.

2 çay qaşığı peyğəmbər çiçəyi bitkisi yaxşı qaynanmış 1 stəkan suda dəmlənilərək 1 saat saxlanılır, alınan çıxarışdan gözə islatma qoyulur.

1 xörək qaşığı üyüdülmüş güldəfnə toxumu az miqdarda qaynar su ilə qarışdırılır və alınan kütlə dörd-beş qat tənzifin üzərinə qoyulur. Soyuyandan sonra gözə islatma qoyulur.

Tənzif parçası gənəgərçək yağında isladılır, gözə qoyularaq bir gecə saxlanılır. Prosedurun iki-üç dəfə təkrar olunması itdirsəyinin sağalması üçün kifayət edir.

Əzvay yarpağı xırda doğranır, üzərinə 1 stəkan soyuq su tökərək 8 saat otaq temperaturunda saxlanır və süzülür. Alınan çıxarışla gündə 2-3 dəfə gözlərə 15 dəqiqə islatma qoyulur.

Gülxətmi çiçəyi və evkalipt yarpağının dəmləmələrini də itdirsəyi çıxan gözə qoymaq olar.




Ana səhifəyə qayıt        Baxış: 933          Tarix: 30-08-2017, 21:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma