Xəbər lenti

"Rəsmi Moskva başa düşməlidir ki, vasitəçidirsə, maliyyə-silah yardımı edə bilməz" - POLİTOLOQ

“Rusiya Azərbaycanın strateji əməkdaşı kimi bu addımı atanda bir sıra məqamları nəzərə almalı idi. Çünki bu razılaşma bizim üçün mənfi amildir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Rusiya ilə Ermənistan arasında silah alınması üçün imzalanan 100 milyonluq kredit müqaviləsini şərh edərkən deyib:

“Ermənistanla Azərbaycan arasında münasibətlər nə qədər gərgindirsə, Rusiya ilə bir o qədər yaxındır. Əməkdaşlığımızın inkişaf etdiyi bir dövrdə Rusiyanın bu addımı atması münasibətlərə zərbədir. Biz başa düşürük ki, Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir. Ancaq Rusiya da başa düşməlidir ki, burada münaqişə davam edirsə və bu münaqişənin həllində marağı varsa, belə addımlar atmamalıdır".

Ermənistana hansısa məqsədlə bağlı kreditlərin verilməsi bu ölkənin nə vaxtsa həmin vəsaiti geri qaytaracağı anlamına gəlmir. Çünki Ermənistanın belə bir iqtisadi gücü yoxdur. Bu sadəcə Rusiyanın regionda mövqeyini möhkəmləndirməsi və vassallığı gücləndirməsi ilə bağlı atılmış addımdır. Rusiya eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədridir. Rəsmi Moskva başa düşməli idi ki, Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan biri tərəflərindən hansınasa silah, maliyyə yardımı edə bilməz.

Rusiya hər zaman Ermənistana yardım göstərib və göstərməkdədir. Bu heç kimə sirr deyil. Bu yardımların arxasında isə sadəcə Rusiyanın mövqelərini möhkəmləndirmək və öz gücünü dünyaya nümayiş etdirmək niyyəti dayanır. Ermənistan burada Rusiyanın niyyətlərini həyata keçirən alət və yaxud hərbi baza rolunu oynayır. Rusiya da bu hərbi bazanı inkişaf etdirmək üçün vaxtaşırı müəyyən addımlar atır".

F.Sadıqov bildirib ki, Ermənistanın Azərbaycana qarşı düşmənçilik etməsi üçün kifayət qədər azadlığı və gücü yoxdur:

"Buna görə də kənardan yardım alır. Ancaq yardım edən düşünməlidir ki, bu addımlar Azərbaycanın mövqeyinə və Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərə ziddir. Buna görə də münasibətlərə dərin zərbə vurur”.




Ana səhifəyə qayıt        Baxış: 740          Tarix: 16-10-2017, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma