Xəbər lenti

"Azərbaycan Türkmənistanın mühüm tərəfdaşıdır".

Trend-in məlumatına görə, bunu Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov Türkmənbaşı şəhərinin Beynəlxalq hava limanında işgüzar məsləhətləşmələr zamanı deyib. Prezidentin sözlərinə görə, yüksək səviyyədə əldə olunan ikitərəfli sazişlərin uğurla həyata keçirilməsi üçün müvafiq qurumların müntəzəm fəaliyyəti vacibdir.

Türkmənistan prezidenti bildirib: "Xəzər dənizi dostluq və beynəlxalq əməkdaşlıq dənizi olmalıdır, onun məkanında sülh və beynəlxalq qarşılıqlı fəaliyyətə yönəlmiş miqyaslı işlər görülməlidir".

Xatırladaq ki, yanvar ayının sonunda xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfəri çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb. Görüş zamanı iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin XİN-lərarası məsləhətləşmələrin vacibliyi qeyd olunub.

Nazirlər Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında Strateji Tərəfdaşlığa dair Bəyannamənin imzalanması ilə əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qədəm qoyduğunu bildiriblər.

Həmçinin Azərbaycan və Türkmənistanın digər sahilyanı dövlətlərlə birlikdə Xəzər dənizində dostluq, əməkdaşlıq və qarşılıqlı anlayışı təşviq etdiyi vurğulanıb. Nazirlər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 2-02-2018, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma