Xəbər lenti

Avropa Şurası 10 aydır apardığı istintaqı tamamlayıb və belə bir qənaətə gəlib ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.

Strateq.az RİA-Novosti-yə  istinadən bildirir ki, aprelin 22-də açıqlanmış 219 səhifəlik hesabatda iddia olunur ki, Azərbaycan, keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.

“Azərbaycanla bağlı fəaliyyətdə AŞPA-nın bir sıra üzvləri, eləcə də keçmiş üzvləri AŞPA-nın etika standartlarına zidd davranıb”, – hesabatda deyilir.

“Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var”, – sənəddə vurğulanır.

AŞPA 2017-ci ildə qurumun bəzi indiki və keçmiş üzvlərinin tənqidi yumşaltmaq üçün Bakının “avtokratik hökuməti”ndən bahalı hədiyyələr, kürü, xalçalar qəbul etməsi, Bakıda bahalı otellərdə qalmasıyla bağlı iddiaları araşdırmağa başlanıb.

Hesabatda etik normaları pozmuş deputatların adları da çəklir. Bunların içində AŞPA-nın sabiq rəhbəri Pedro Aqramunt, Səməd Seyidov, Tadeuş İvinski, Auqustin Konde, Sezar Florun Preda, Stefan Şennıx, Alan Dekste və Robert Uolter var.

AŞPA-nın rəhbəri Mikele Nikoletti sənədi yüksək qiymətləndirib.

Dünən keçirilən mətbuat konfransında Nikoletti deyib ki, məruzə nümayəndə heyətlərinin rəhbərlərinə təqdim olunacaq. Adları çəkilən deputatlara qarşı hansı tədbirlərin görüləcəyi ilə prosedur üzrə komitə məşğul olacaq.

Aprelin 23-də AŞPA-nın Fransanın Strasburq şəhərində yaz sessiyası başlanır və sözügedən hesabatı da müzakirəsi gözlənir.

 




Ana səhifəyə qayıt        Baxış: 612          Tarix: 23-04-2018, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma