Xəbər lenti

AXC hökumətinə qarşı qaldırılmış 4 iyun qiyamından 25 il ötdü. 1993-cü ilin bu günlərində Gəncədə Azərbaycan ordusunun keçmiş komandiri Surət Hüseynov tərəfindən qaldırılan qiyamla bağlı hər il olduğu kimi bu il də müxtəlif mövqelər səsləndi.

Əksəriyyət Əbülfəz Elçibəy hökumətinin güc strukturlarının zəif, qətiyyətsiz olması nəticəsində S.Hüseynovun hakimiyyət dəyişikliyinə nail olduğunu düşünür. Qiyam vaxtı artıq daxili işlər naziri olmayan İsgəndər Həmidov da 4 iyun günləri müzakirə mövzusuna çevrilən şəxslərdən biri olur. Onun postunda qalacağı təqdirdə qiyamın qarşısını ala biləcəyi yönündə bəzi fikirlər var. Eyni zamanda nazir olmasa da, qiyam vaxtı Elçibəy hökumətinə İ.Həmidovun dəstək vermədiyi fikirləri də səslənir.

İ.Həmidov “Yeni Müsavat”a açıqlamasında barəsində gedən söz-söhbətlərə bu cür şərh verib: “Bizim hökumətin yıxılmasının əsas səbəbkarları Rusiya və İran idi. Bu ölkələr Azərbaycanın sərvətinə göz dikmişdilər. Biz 4 iyuna qədər Azərbaycandan rus qoşunlarının çıxarılmasına nail olduq. Bu da Rusiyanı çox qıcıqlandırırdı. Kreml Azərbaycanla bir əyaləti kimi danışmaq istəyirdi. Lakin rəhmətlik Elçibəy buna imkan vermirdi. Özünü müstəqil Azərbaycanın prezidenti kimi göstərirdi. Vahid Azərbaycan ideyasını da İran çox pis qarşılayırdı. O zaman hüquq-mühafizə orqanlarında kifayət qədər vətənpərvər şəxslər var idi. Məndə olan məlumata görə, qiyama qarşı hazırlanan əməliyyatı çox az sayda adam bilib. Bu əməliyyat qeyri-peşəkar insanlar tərəfindən hazırlanıb. O qədər hay-küy salmağa gərək yox idi. Nazir olmasam da, hadisələr olan kimi Daxili İşlər Nazirliyinə getdim. Əbülfəz bəylə də görüşdüm. O mənə sual verdi ki, bu işlərin qarşısını almaq olarmı? Mən də bunun mümkün olduğunu söylədim. Qan tökülüb-tökülməyəcəyini soruşdu. Dedim ki, vəziyyət o həddə çatıb ki, qan töküləcək. Sonradan Elçibəy məni yerimə qaytarmaq istədiyini söylədi və mən hazır olduğumu bildirdim. Mən hüquqşünasam, cinayət baş verəndə deyirlər ki, görün xeyrini kim götürür. Bu qiyamdan doğan dövlət çevrilişi ilə xeyri kimlərin götürdüyü məlumdur. Qiyam vaxtı hər zaman hökumətin yanında olmuşam. Sadəcə, Əbülfəz bəyin  Kələkiyə getməsindən xəbərim olmayıb. Ən düzünü Pənah Hüseyn deyib, ”bizim cinayətimiz bizim məğlubiyyətimizdir”. Hakimiyyətdən heç zaman bir addım aralı olmamışam. Mən nazir olardımsa, bu qiyama qarşı necə əməliyyat aparılacağı və bunun hansı nəticələr verə biləcəyinə gəlincə deyə bilərəm ki, vəzifədə olduğum vaxtlar kifayət qədər ağır əməliyyatlar keçirmişəm. Sadəcə, bu qiyamla bağlı qeyri-professional əməliyyatı əsas tuturam. Müdafiə Nazirliyində ruslarla əlaqəsi olan kifayət qədər şəxs var idi. Amma döyüşə hər an hazır olanlar da az deyildi. Sadəcə, Əbülfəz bəy dedi ki, bir uşağın göz yaşı min kürsüyə dəyməz. Ona görə qarşıdurmaya getmədi. Əgər Əbülfəz Elçibəy komanda versəydi, öndə özüm gedəcəkdim. O zaman şayiə çıxanda ki, mən nazir postuma qayıdıram, uşaqlar gedib Yevlaxda Yun zavodunu götürdülər. Daxili işlər və müdafiə naziri demokrat ola bilməz. Bunların işi başqadır. Hər bir dövlətdə qiyam olur. Bu da cinayətdir və yatırmaq mütləqdir. Qan axıdılıb, yaxud axacaq kimi şeylərə baxmaq lazım deyil. Məğlub olduqsa, demək, bu bizim cinayətimizdir. Qələbə çalsaydıq, bu gün mühakimə olunmazdıq. Çünki qaliblər hər zaman belə olur”.

 




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 5-06-2018, 15:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma