Xəbər lenti

“Gəncədə baş verən hadisə cinayətdir. Bu cinayəti törədənlər cəzasını çəkməlidir. Bu məsələni dini müstəviyə gətirmək yolverilməzdir. İstər sünnilik, istər şiəlik olsun, dəxli yoxdur, dini müstəviyə gətirmək zərərlidir. Bu hadisə olmamalı idi.

Strateq.az bildirir ki, bu sözləri musavat.com-a müsahibəsində KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, bu hadisə Mingəçevir hadisəsindən başlamış, icra başçısı Elmar Vəliyevin vurulması, sonra isə iki polis zabitinin qətlə yetirilməsi ilə davam edən prosesdir: “Məncə, bu prosesdə gizli və güclü bir əl var. Prosesi həmin gizli əl idarə edir. Həmin gizli əlin harada olduğu da əslində bilinir. Bunu tam məsuliyyətlə deyirəm. Azərbaycanda 25 ildir axşam saat 8-ə mitinq təyin edilməsi faktı olmayıb. İlk dəfə idi ki, hansısa gizli qüvvələr axşam saat 8-ə mitinq təyin edib, buna çağırışlar etdilər. Müxalifət qüvvələri olaraq bizlər yerlərdə olan üzvlərimizə müraciət edirdik ki, bu mitinqdə iştirak etməyin. Məncə, heç kim də iştirak etməyib. Çünki ortada çox suallar var idi.

KXCP sədrinin sözlərinə görə,  Gəncədə ölkə kənarından hansı qüvvələrin təsir güclərinin olduğunu bizdən yaxşı hakimiyyət orqanları, hüquq-mühafizə orqanları bilir.

O, yerli icra başçılarının fəaliyyətini də tənqid edib: Bir çox rayonların başçıları özlərini feodal kimi aparırlar. Şübhəsiz ki, belə məmurlar yerlərdə əhalidə ciddi narazılıq yaradırlar. Niyə icra başçısı qanunları heçə saymalıdır?! Niyə sakinləri özünün rəiyyəti hesab etməlidir?! Belə olanda əlbəttə ki, nə zamansa bir əks-təsiri də ortaya çıxır. İnsanları o həddə gətirib çıxarmaq lazım deyil ki, güc yoluna əl atmaqdan başqa yol qalmadığı qənaətinə gəlsinlər

M.Mirəlioğlu deyib ki, yaranmış vəziyyətdə təbii ki, siyasi qüvvələr, media, cəmiyyət öz vəzifəsini yerinə yetirir: “Sadəcə olaraq, bəziləri bilməlidirlər ki, bu ölkədə qatı radikal şiəlik məsələsini ictimai rəyə sırımaq, belə bir süni rəy yaratmaq olmaz. Bunu iddia edənlər zəhmət çəkib Azərbaycanda qatı radikal şiəliyin olduğunu göstərsinlər. Azərbaycanda radikal şiəlik yoxdur. Azərbaycanda bu, mümkün olan deyil. Kənardan ola bilsin ki, belə olmasını istəyənlər var, bu, başqa şeydir. Azərbaycan dövləti bu məsələlərdə bizim fikirlərimizə, mövqeyimizə məhəl qoyarsa, sözümüzü daha geniş müstəvidə deyərik. Təəssüf ki, müxalifət kimi bizi dinləmirlər, bizi görmək istəmirlər. Bizə qulaq asmırlar. Belə vəziyyətdə biz bir-iki media orqanının verdiyi suallara bir neçə cümləlik cavabdan başqa nə də bilərik? Lakin onu da buradan bəyan edirəm ki, dövlətçilik bizim üçün birincidir, hakimiyyət gəldi-gedərdi. Dövlətçiliyimizlə bağlı təhdid yaranarsa, təbii ki, çox ciddi addımlarımız olacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 449          Tarix: 13-07-2018, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma