Xəbər lenti

REAL Partiyasının sədri, ötən ay həbsdən azad edilmiş İlqar Məmmədov vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edib. O bildirib ki, hazırkı vəziyyət parlamentin buraxılması və yeni demokratik seçkilərlə parlamentin formalaşdırılması zərurətini yaradır.

İlqar Məmmədovun bu təklifinin siyasi partiyalar tərəfindən necə qarşılandığına gəlincə, birmənalı münasibət yoxdur. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib: “Referendumun nəticələrinə görə mövcud hakimiyyətlə konstitusiya arasında ziddiyyət var və növbədənkənar parlament seçkiləri keçirilməlidir”.

İlqar Məmmədovun irəli sürdüyü fikrin bundan əvvəl də dəfələrlə səsləndirildiyini vurğulayan Sərdar Cəlaloğluna görə, təklifdən asılı olmayaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi vacibdir: “İlqar Məmmədovun irəli sürdüyü fikir yeni deyil. Referendum keçirildikdən və yeni konstitusiya maddələri qəbul ediləndən dərhal sonra biz bəyanat vermişdik ki, referendumun nəticələrinə görə mövcud hakimiyyətlə konstitusiya arasında ziddiyyət var və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Vaxtilə prezident seçkiləri ilə bağlı bizim verdiyimiz bəyanata da qarşı çıxılırdı, amma sonradan həyata keçirildi”.

Deputat Fazil Mustafa isə “Yeni Müsavat”a bildirib ki, konstitusiya dəyişikliyi və növbədənkənar prezident seçkiləri parlamentin buraxılması və yeni parlament seçkiləri keçirilməsi zərurətini yaratmır. Növbədənkənar parlament seçkiləri keçirilməsinin vacibliyini söyləyənlərin mövqeyi əslində siyasi istəklərin reallaşdırılması arzusundan doğan siyasi məsələdir: “Siyasətlə həvəskar kimi məşğul olan insanlar hər dəfə bir mövzu üzərində fikir bildirməyə çalışırlar. Amma bir fikir bildirəndə onu konstitusiya ilə əsaslandırmağa əslində əsası olmayan cəhdlər edirlər. Konstitusiyada dəyişikliklərdə Milli Məclislə bağlı hər hansı bir dəyişikliyi nəzərdə tutan yeni müddəalar qoyulmayıb. Deputatın ”Etik qaydaları haqqında” Qanun qəbul olunması məsələsi qoyulmuşdu. Həmin qanun da qəbul olundu. Parlamentlə bağlı başqa bir məsələ nəzərdə tutulmayıb ki, təcili parlament seçkiləri keçirilməsi zərurətini yaratmış olsun. Milli Məclisin buraxılıb, yeni seçkilərin keçirilməsini əsaslandıracaq bir hüquqi və siyasi situasiya yoxdur. Konstitusiya dəyişikliyi də bunu ehtiva eləmir. Sadəcə ara-sıra bəzi şəxslər arzu etdikləri məsələni konstitusion tələb kimi göstərməyə çalışırlar. Fikrimcə, bu, doğru deyil”.

F.Mustafa xatırlatdı ki, Milli Məclis üzvlərindən bir neçəsi başqa vəzifələrə gediblər, bir nəfər vəfat edib. Cəmi 6 deputat yeri hazırda boşdur: “Bu da çox sayı əhatə eləmir. O baxımdan da növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti yoxdur. Amma siyasi məqsədəuyğunluq olarsa, əlbəttə, seçki vaxtından qabaq da keçirilə bilər. İndiki halda isə bunu zəruri edən hansısa konstitusion şərt yoxdur. Konstitusiya dəyişiklikləri Milli Məclisin fəaliyyəti ilə bağlı hansısa konseptual yenilik gətirməyib. Parlamentlə bağlı hər hansı dəyişiklik olmayıb, ili artırılmayıb, strukturu dəyişməyib, qanunverici orqan olaraq səlahiyyətləri artırılmayıb, heç bir əlavə funksiya verilməyib ki, yenidən seçimə ehtiyac olsun. Prezidentliklə bağlı belə dəyişikliklər vardı deyə seçkilər irəli çəkildi”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərindən sonra parlament seçkilərinin də irəli çəkilə biləcəyi, növbədənkənar parlament və bələdiyyə seçkilərinin eyni vaxtda keçiriləcəyi barədə indiyə qədər mediada xəbərlər yayılıb.

Bu barədə aprelin sonlarında məlumatlar yayılan zaman hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bəyan etmişdi ki, hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmdə deyil: “Birincisi, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Azərbaycan Konstitusiyasında dəyişiklik edilməlidir. Bunun üçün də ümumxalq səsverməsi keçirilməlidir. Konstitusiyada parlamentin hansı müddətdə fəaliyyəti ilə bağlı maddə var. Hətta parlament seçkilərinin hansı gün keçirilməsi də konstitusiya ilə müəyyənləşir. İkincisi, 2016-cı ilin sentyabrın 26-da keçirilən səsvermə ilə konstitusiyaya dəyişiklik edilib. Dəyişikliyə əsasən, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və qanunda nəzərdə tutulmuş digər məsələlərin öhdəsindən gələ bilmədikdə prezident Milli Məclisi buraxır. Amma hazırda gündəmdə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələ yoxdur. Yəqin ki, kimsə deputat olunmaq istəyir, ona görə də bu məsələni ortaya atıb”.

Hazırda fəaliyyətdə olan V çağırış Milli Məclisə seçkilər 2015-ci ildə keçirilib və deputatların səlahiyyət müddəti 5 ildir. Ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir. (Yeni Müsavat)

 




Ana səhifəyə qayıt        Baxış: 574          Tarix: 7-09-2018, 13:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma