Xəbər lenti

Taha Özhan

“Middle East Eye”

 

Dostum Camal Xaşuqciyə qarşı vəhşi cinayət haqqında yazmağı planlaşdırmırdım. Onunla iki həftə sonra bir konfransdakı paneldə görüşməli idik.

Bir həftə əvvəl İstanbuldakı Səudiyyə konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist İŞİD-ə bənzər qrupun qurbanı olub.

Bəziləri hesab edir ki, diplomatik qaydalarına əsasən, Səudiyyə ərazisi sayılan konsulluqda baş verənlər yalnız Səudiyyənin problemidir. Ancaq bu hadisə Səudiyyə Ərəbistanına məxsus diplomatik missiyaların istənilən potensial cinayət üçün səhnə ola biləcəyi təəssüratı yaradır.

 

Geosiyasi iqlim

Diktaturalar, İsrailin qırğınları, ABŞ müdaxilələri, terrorizm və Suriyadakı zülmlər Yaxın Şərq bölgəsinə xas anlayışlardır. Ancaq Xaşuqcinin öldürməsi, demək olar ki, bütün bu vəhşiliyin müxtəlif elementlərini birləşdirir.

Əsas geosiyasi iqlim, ilk növbədə, İŞİD zehniyyətini doğurub və nəticədə, İstanbulda, Səudiyyə konsulluğu içərisində Xaşuqcini öldürmək üçün iddia edilən üsullar yaranıb.

Yalnız bu zəhərli ekosistemi tamamilə başa düşə bilsək, Riyaddakı zehniyyəti, Vaşinqtonun təkəbbürünü, Tehranın inadkarlığını, Moskvanın döyənəkliyini, Təl-Əvivin irqçiliyini və Körfəz dövlətlərinin harınlığını başa düşə bilərik.

Riyaddakı iqtidar, prezident Donald Trampın təbirilə, ABŞ dəstəyi olmadan yalnız iki həftə hakimiyyətdə qala bilər, eyni məntiqlə, Xaşuqci də.

Söhbət təqsirsiz və müdafiəsiz bir adamın öldürülməsindən gedir.

Məsələ sadəcə təvazökar bir fəal və jurnalist olan Xaşuqcinin susdurulmasından deyil. O, Səudiyyə rejiminə heç bir real təhlükə yaratmayıb. Xaşuqci günahsız idi, günahsız insanlara qarşı məqsədsiz və sapqın qəsd edilib.

ABŞ və Avropa paytaxtlarında hakim zehniyyət cavabdehlikdən yayına bilməz. Bölgədəki əsas geosiyasi məsələlərdən qaçaraq və “qadınlar Səudiyyə Ərəbistanında avtomobil idarə edə bilsin və ya bilməsin” kimi sadə problemdən faydalanaraq, onlar toksik geosiyasi iqlimin bəslənməsində rol oynayıblar.

 

Sərsəm şahzadə

Bu arada, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti ilə birlikdə bölgədə, Yəmən və Fələstin, Suriya və Livana qarşı hiddətlənir. Bu sərsəm qəzəb oktyabrın 2-də İstanbuldakı Səudiyyə konsulluğunda da təcəssümünü tapıb.

Belə məsuliyyətsiz davranışın nəticələrinin İstanbulla məhdudlaşacağına dair heç bir zəmanət yoxdur; asanlıqla dünyanın digər bölgələrindəki Səudiyyə diplomatik nümayəndəliklərinə də genişləndirilə bilər.

Xaşuqci – Səudiyyə vətəndaşı və Vaşinqtonun siyasi və media elitasının dairələrində məşhur olan ABŞ sakini idi. Onun amansız qətlinin nəticələri dünya miqyasında əks-səda verəcək.

Camal Xaşuqcinin öldürülməsini planlaşdıran zehniyyətin onun ölümündən sonra dayandırılacağına dair heç bir zəmanət yoxdur. Səudiyyə Ərəbistanı, Tramp-Netanyahu oxunun təbii müttəfiqi olaraq, məsuliyyətlə hərəkət etməyi davam etdirəcək. Bu hadisə, həmçinin Riyadın günahı ucbatından Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinin ölümünü də potensial olaraq önə çəkir. Münasibətlərin qırılma nöqtəsini keçmişik və Riyad törətdiyi təxribatla bunda tam günahkardır.

 

Türkiyə-Səudiyyə əlaqələrinin ölümü?

Bu nöqtədən başlayaraq, Səudiyyə Ərəbistanın addımları ikitərəfli münasibətlərin taleyini təyin edəcək. Ancaq unutmamalıyıq ki, Xaşuqcinin öldürülməsinin təsiri Ankara-Riyad oxundan kənara çıxır. Dünya məsuliyyət daşımalı və müvafiq olaraq təpki verməlidir.

Tramp tacdar şahzadənin Yaxın Şərq siyasətlərinə yaşıl işıq yandırıb. Amma dünyanın qalan hissəsi buna izin verməməlidir.

Səudiyyənin tacdar şahzadəsi Trampın prezident seçilməsindən çox-çox əvvəl qlobal mərhələyə girib. Lakin Məhəmməd bin Salmandan fərqli olaraq, Tramp dünya miqyaslı meqalayihələri ilə tanınan məşhur şəxs idi. Adı demək olar ki, həmişə “Aramco” şirkəti ilə birlikdə xatırlanan gənc şahzadə isə təkcə Yaxın Şərqdə deyil, dünya siyasətinə yeni bir adamdır.

Qərbdə Məhəmməd bin Salman – Yaxın Şərq kimi çətin bir bölgəyə uyğun dəmir yumruqlu, uzunmüddətli hökmdar kimi nəzərdən keçirilib. Amma o, həmçinin səhm almaq fürsəti kimi qəbul olunub.

Şahzadə Səudiyyə Ərəbistanı milli neft şirkətinin – “Aramco”nun təxminən 5 faizini satmağı planlaşdırır. İlk səhm payının 100 milyard dollara qədər artırılması gözlənilirdi, lakin avqust ayından bəri “Aramco” ilə bağlı qeyri-müəyyənlik Səudiyyə hökumətinin disfunksiyası əlaməti idi.

Məhəmməd bin Salman keçən il varis-şahzadə təyin edilərkən, “New York Times”-ın şərhçisi Tom Fridman “Səudiyyə Ərəbistanında “Ərəb Baharı”nın başladığını və şahzadənin “cəmiyyət üçün böyük planları” olduğunu iddia edib.

İndi tacdarın “böyük planları” “Aramco” üçün uğursuz bir şəklində həyata keçirilib: lüks oteldə çox sayda xanədan üzvü və iş adamının həbsdə saxlanılması və ən sonda İstanbuldakı cinayət.

Xaşuqci yalnız Səudiyyə Ərəbistanı deyil, bütün Yaxın Şərq üçün daha yaxşı gələcəyin xəyalpərəsti idi.

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 426          Tarix: 11-10-2018, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma