Xəbər lenti

Devid Obern

Eurasianet.org (ABŞ),14.11.2018

 

Vaşinqton İrandan neft ixracının tam kəsilməsinə nail olmağı məqsəd qoyub. Bu, Cənubi Qafqaz respublikalarından heç birinə birbaşa toxunmur, çünki İran neftini idxal etmirlər. Amma hər üçü bu və ya digər dərəcədə İran təbii qazının tədarükündən asılıdır, belə ki, baş verənlər, ən azı, sanksiyaların miqyası məlum olanadək hökm sürəsi qeyri-müəyyənlik hər halda onlara da toxunacaq.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqtonun İranı təcrid səylərinə dəstək əldə etmək cəhdiylə hər üç ölkəyə səfər edib, amma səfərinin nəticələri birmənalı olmayıb. Səkkiz ölkə, o cümlədən Türkiyə Vaşinqtonun noyabrın 5-də qüvvəyə mindirdiyi yeni sanksiyalar zərfindən çıxdaş olunsa da, Qafqaz dövlətlərindən heç biri bu sıraya daxil olmayıb.

Həm xam neft, həm də təbii qaz ixrac edən, habelə arabir İrandan qaz idxal edən Azərbaycan ən qəliz duruma düşüb. Azərbaycan İranla müəyyən ölçüdə quru və dəniz sərhədinə, həmçinin Xəzər dənizində birgə işlənməsi haqda bu ilin martında müqavilə imzalanan bir neçə işlənməmiş neft və qaz yataqlarına malikdir.

İndi bu yataqların işlənməsi az ağlabatan görünür, amma başqa ortaq layihələr artıq o səviyyəyədək inkişaf edib ki, bunları hətta Vaşinqton da dayandıra bilməz.

Azərbaycanın əsas qaz yatağı Şahdəniz Britaniyanın neft nəhəngi BP-nin başçılıq etdiyi konsorsium tərəfindən işlənilir. Ancaq İran milli neft şirkətinin (NIOC) də orada 10 faizlik payı var.

Şahdəniz hazırda Avropa Birliyinin dəstəyi ilə çoxdan planlaşdırılmış, Avropanın Rusiya enerji daşıyıcılarından asılılığını zəiflətməli olan  Cənub Qaz Dəhlizi (CQD) üçün yeganə qaz qaynağıdır.

Vaşinqton Şahdəniz və CQD haqda öz mövqeyini hələ avqustda aydın ifadə edib: ABŞ Maliyyə nazirliyi “təbii qaz hasilatı, habelə təbii qazın Azərbaycandan Türkiyə və Avropaya nəqli üçün boru kəməri çəkilməsi və istismarı” üzrə fəaliyyət üçün İrana qarşı yönəlmiş sanksiyalardan müddətsiz azadlıq verib. Bu güzəşt sayəsində həmin layihənin həyata keçirilməsində nə BP, nə Azərbaycanın SOKAR dövlət neft şirkəti, nə də qalan üç payçını sanksiyalar təhdid edir.

Bundan başqa, Azərbaycan İrandan neft ixracatının kəsilməsinə görə dünya neft qiymətlərinin artımı, habelə təbii qazın, adətən, neftin qiymətlərinə bağlı olan qiyməti yüksələcəyi halda potensialca qazanc əldə edə bilər.

Xəzər bölgəsində energetika məsələləri üzrə mütəxəssis və Atlantika şurasının elmi əməkdaşı Con Roberts “Eurasianet.org”a deyib: “Azərbaycan Amerikanın İrana qarşı sanksiyalarından bəzi dolayı qazancları tam əldə edə bilər, çünki Fars körfəzində gərginliyin güclənməsi nəticəsində neft qiymətinin yüksəlməsindən udur”. Amma o, xəbərdarlıq edib ki, belə potensial  qazanclar proqnoza yatmır, çünki Bakının nəzarətində olmayan amillərdən asılıdır.

Roberts əlavə edib ki, Azərbaycanın durumu üstəlik bununla qəlizləşir ki, İran təbii qazının idxalatçısıdır.

Azərbaycan Naxçıvan eksklavında daxili istehlak üçün cüzi miqdarda İran qazı idxal edir. Bundan savayı, son illərdə Azərbaycana daxili istifadə üçün gərəkən və ehtimal olunduğu kimi, bu il Azərbaycandan 2,7 milyard mavi yanacaq idxal etməli olan Gürcüstan qarşısında öhdəliyi yerinə yetirmək üçün İran üzərindən tranzitlə Türkmənistan qazı daxil olur.

SOKAR-ın mətbuat katibi İbrahim Əhmədov “Eurasianet.org”a deyib ki, şirkət indi öz istehsalının artımı sayəsində İran üzərindən qaz idxalını dayandırıb.

Əhmədov bildirib: “İdxal edilmiş qazın önəmli bölümü yay dövründə anbarlarımızın doldurulması üçün işlədilib. Bu qaz sonra qışda daha yüksək tələbat dövründə ixracata göndərilib”.

SOKAR şirkəti indi anbarlarda 3 milyard kubmetrdən çox qaz olduğu, ilin sonunadək isə Rusiyadan əlavə tədarüklərin gözlənildiyi nəzərə alınmaqla kəsir proqnozlaşdırmır. Əhmədov deyib: “Gürcüstana qaz tədarükündə problem olmayacaq”.

Türkiyəyə bir qarış çıxışla İran və Ermənistan arasına qısılmış Naxçıvanın imkanlarını özünün coğrafu durumu məhdudlaşdırır.

Naxçıvana Türkiyədən qaz nəqli üçün boru kəmərinin qurulması haqda 2010-da Aankarayla saziş imzalanıb, amma boru kəməri indiyədək çəkilməyib və eksklav qabaqkı kimi İrandan mübadiləvi tədarükdən asılıdır.

Belə sazişlər Bakı tərəfindən Amerika sanksiyaları rejiminin hökmən pozulduğunu bildirmir. Əhmədov təsdiqləyib ki, SOKAR “ən yaxın vaxtlarda İranla pullu ödəniş nəzərdə tutan hər hansı tranzaksiya planlaşdırmır”.

Azərbaycandan Gürcüstana qaz ixracatı, doğrudan da, ziyan çəkməsə, onda Amerika sanksiyaları Qara dənizə çıxış sayəsində İranın neft məhsullarını idxal etməyə ehtiyacı olmayan Gürcüstana az toxunacaq.

 

Ermənistanın məhdud seçimi

 

Amma bunu dənizə çıxışın yoxluğu və bölgədəki siyasi təcridlə bağlı seçimi məhdud olan Ermənistan haqda deyə bilməzsən.

Ermənistanın özünün təbii resursları azdır, ölkəni 40%-dən çox elektrik enerjisiylə təchiz edən Metsamor AES köhnəlir və ölkənin enerji daşıyıcılarına tələbatının ödənilməsi getdikcə daha çox dərəcədə qaz idxalından asılı olur.

Ermənistan idxal qazının əsas hissəsini (Gürcüstan üzərindən) Rusiyadan alır, amma İrəvan 2017-də bundan başqa İrana elektrik enerjisi tədarükü əvəzində İrandan 400 milyon kubmetrə yaxın qaz idxal edib. 2017-nin sonunda İran qazının Ermənistana idxalının 25% artırılması və elektrik enerjisi ixracının simmetrik artımı haqda saziş barədə elan olunub. Hazırda bütünlükdə bu sazişin gələcəyi, habelə İran qazının Ermənistana tədarükü qeyri-müəyyəndir.

Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Anna Naqdalyan noyabrın 6-da Tvitterdə yazıb ki, onun idarəsi hadislərin inkişafını diqqətlə izləyir. O, məlumat verib: “Yeni sanksiyaların Ermənistana təsirinin əhatəli araşdırılması davam edir”. Naqdalyan bu məqalənin dərci anında “Eurasianet.org”un suallarını cavablandırmayıb.

Ermənistanın durumu bir də bununla ağırlaşır ki, bu ölkədə qaz borusu şəbəkəsinin önəmli bölümü Rusiyanın “Qazprom”una məxsusdur. “Qazprom”un müəyyən etdiyi qaz tədarükü qiymətləri haqda iki ölkə arasında çəkişmə çoxdan gedir.

İrəvan beləliklə İran idxalatından imtina etməyə məcbur olarsa, Rusiyadan daha çox asılılığa düşəcək, danışıqlardakı mövqeyi isə xeyli zəifləyəcək.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 310          Tarix: 15-11-2018, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma