Xəbər lenti

Amerikanın “kölgə MKİ” kimi məşhurlaşmış Stratfor kəşfiyyat-analitika mərkəzinin dünyada gedən siyasi-iqtisadi-hərbi proseslərlə bağlı proqnozları bir çox hallarda gerçəkləşdiyindən oxucularda, ekspertlərdə həmişə ciddi maraq doğurub. Qurum 2019-cu il üçün geniş və irihəcmli proqnozlar hazırlayıb. Həmin materialı hissə-hissə Strateq.az-ın oxucularına təqdim edəcəyik.    

 

Birinci hissə

Qısa icmal

 

Böyük dövlətlərin rəqabətinin güclənməsi. Birləşmiş Ştatlar rüsumlar, sanksiyalar, yeni texnologiyalara normativ maneələr tətbiq edərək, Tayvana getdikcə daha fəal dəstək verməklə və  Cənubi Çin dənizində daha inadla hərəkət edərək Çinə strateji həmləni gücləndirəcək. Eyni zamanda silahlanmaya nəzarət üzrə sazişlərin pozulması və əməl edilməməsi ABŞ, Rusiya və Çin arasında silahlanma qovğasının sürətlənməsinə gətirəcək. Gərgin geopolitik iqlim Polşa və Tayvan kimi zəif qonşu dövlətlərə əlverişli strateji imkanlar verəcək, amma tərəfsiz mövqe tutmağa çalışan Türkiyə, Hindistan və Vyetnam kimi orta dövlətlərə bir yığın problem yaradacaq.

Biznes üçün geopolitik risklərin güclənməsi. Birləşmiş Ştatlar milli təhlükəsizliyi bəhanə edərək Avropa, Yaponiya, Avstraliya, Kanada, Cənubi Koreya və Tayvandan Çin yatırımlarının yolunda daha uca maneələr qurmağı tələb edərək onlara çox güclü basqı edəcək. Bu, süni intellektdən başlayaraq 2019-cu ildə ortalığa çıxacaq 5G şəbəkələrinə qədər strateji sahələrdə elmi araşdırmalara və ticarətə təsir edəcək. Çinin aviakosmik sənaye və çağdaş yarımkeçiricilərin işlənməsi kimi önəmli sahələrdə başqalarına çatmaq səyləri korporasiyalar üçün riskləri yalnız artıracaq və ABŞ-ı kiberməkanda daha təcavüzkar siyasət yürütməyə vadar edəcək. Bundan başqa, korporasiyaların tədarük zəncirində qopmalar, cərimələrin çoxalması və informasiya sızması üzündən məhkəmə iddiaları olacaq.

Kürəsəl iqtisadiyyatda ticarətdə qiymət dəyişkənliyinin dəyərləndirilməsi. ABŞ-ın Ümumdünya ticarət təşkilatıyla qarşıdurması bu qurum daxilində mübahisələrin tənzimlənməsi prosesini iflic edə bilər, ölkələr bu üzdən aralarındakı ticarət ixtilaflarının aradan qaldırılması üzrə nəticəsi öncədən daha az bəlli ikitərəfli danışıqlar prosesi aparmağa vadar olacaq. Kanada, Meksika, Yaponiya və Cənubi Koreyanın Amerikanın avtomobillərə rüsumu azaltmaq məqsədilə faiz qoparmaq şansları daha böyükdür. Lakin AB-nin ABŞ-la ticarət danışıqları uğursuzluğa məhkumdur. Amerikanın Çinə qarşı əlavə rüsumları ticarətdə qeyri-müəyyənliyi gücləndirsə də, Ağ Evin ticarət siyasətinin bütünlükdə kürəsəl iqtisadiyyat üçün nəticələri yetərincə zəif olacaq.

İtaliya və Brexit üçün təşvişli ssenarilər. İtaliyanın meydan oxuyan populist hökuməti 2019-cu ildə avrozona üçün ən ciddi təhlükəyə çevriləcək, çünki bu ölkənin borcunun artması və kövrək bank sektoru haqda əndişələr güclənir. Romaya ən böyük intizama öyrətmək effektini Brüsselin hədələri deyil, maliyyə bazarları və istiqrazların gəlirliliyindəki böyük spredlər göstərəcək. Brüssel eyni zamanda Londonun şərtləri əsasında anlaşmasız Brexit-ə yol verməmək məqsədilə onunla danışıqlar aparacq. Amma Britaniya parlamentinin vetosu ölkənin Avropa Birliyindən nizamlı çıxışı  üçün ən böyük maneə olaraq qalır.

Antiiran kampaniyasında növbəti addımlar. Tehrana qarşı uzağa gedən sanksiyalar artıq tətbiq edildiyi və qüvvəyə mindiyindən Birləşmiş Ştatlar İranın bölgədə təcridi və ölkənin içəridən zəiflədilməsi üçün kampaniyanı sürdürəcək. Bu, Vaşinqton və Tehran arasında çəkişməni gücləndirəcək və konstruktiv dialoqa onsuz da kiçik şansları zəiflədəcək. Kral ailəsi içindəki və xarici dövlətlərdə varis şahzadə Muhəmməd bin Salmanın rəhbərliyindən narazılığa baxmayaraq, İrana qarşı müqavimət üzrə maraqların ümumiliyi ABŞ və Səudiyyə Ərəbistanı arasında strateji bağları yüksək səviyyədə bərkitməyə yardım edəcək.

Dünya bazarlarında enerji resurslarına təklifin artdığına diqqət. Səudiyyə Ərəbistanı və Rusiya qiymətlərin düşməsindən yayınmaqdan ötrü neft  hasilatı həcmini diqqətlə izləyəcək, habelə İran ixracatı qalıqlarının nəticələrini müşahidə edəcək. İraq və Liviya hasilatı artıraraq ABŞ-ın ixracat potensialı yükünü xeyli aşağı sala bilər. Birləşmiş Ştatlar 2019-cu ildə dünyanın aparıcı sıxılmış qaz ixracatçısı üçlüyündə öz yerini tutanda kürəsəl STQ bazarında önəmli dəyişikliklər baş verəcək.

Dağıdıcı güclərin Amerika qitəsindəki fəaliyyəti. ABŞ-ın müttəfiqləri və Braziliya və Kolumbiyanın simasında sərt xətt tərəfdarları Venesuela böhranının nəticələrini önləmək üzrə bölgədə onlar üçün qeyri-tipik qabaqlayıcı fəaliyyətə başçılıq edəcəklər. Çətin siyasi duruma düşmüş Argentina Braziliyann MERKOSUR ticarət blokunu yenidən qurmaq və formatlamaq cəhdlərinə qarşı çıxacaq. Təcavüzkar-populist gündəliyin yatırım risklərini gücləndirəcəyi Meksikada referendum hökuməti ciddi sınağa məruz qalacaq.

Efiopiya Afrika Roqasında böyük dəyişikliklər mühərriki kimi. Efiopiyanın iddialı fəaliyyət planı ona iqtisadi maraq doğurur və xarici dövlətləri Afrika Roqasına cəlb edir. Lakin indiki rəhbərliyin üzləşdiyi daxili çağırışlar və millətlərarası düşmənlik Əddis-Əbəbənin güc nəbzini yavaşıdacaq.

 

Bölüm: Kürəsəl tendensiyalar

 

Qısa məzmunu. Ölkələr indiki dünyada hava, yerüstü, dəniz yolları və kiberməkan sayəsində getdikcə daha çox qarşılıqlı bağlı olur. Kürəsəlləşmə ölkə və qitələri biri-birinə getdikcə daha möhkəm bağladığı bir zamanda xəritədəki sərhədlər və coğrafi maneələr müəyyən dərəcədə köhnəlir. Bu gün bir bölgədəki hadisə başqasında asanlıqla nəticələrə səbəb ola, bəzən isə bütün dünyaya təsir edə bilər. Biz aşağıda baxılan dönəmdə dünyada qərar alınmasına ən çox təsir edən hadisə və tendensiyaları incələyəcəyik.

 

Əsas tezislər

 

-ABŞ, Çin və Rusiya arasında böyük dövlət rəqabəti silahlanma qovğasını sürətləndirəcək və kiberməkandakı çarpışmanı kəskinləşdirəcək. Bu çoxalan təhdidlər şəraitində kürəsəl idarəçiliyi yoluna qoymaq çətin olacaq, çünki beynəlxalq sistemdə ziddiyyətlər dərinləşir.

-Halbuki ABŞ əlavə rüsumlar, normativ maneələr və sanksiyalar tətbiq etməklə Çinə qarşı strateji həmləni çoxaldanda, Tayvana dəstəyi gücləndirəndə və Cənubi Çin dənizində problemlər yaradanda Pekin Amerika alyanslarını zəiflətmək cəhdiylə özünün güclü iqtisadi rıçaqlarına bel bağlayacaq.

-Ağ Evin Ümumdünya ticarət təşkilatıyla savaşı mübahisələrin bu qurum çərçivəsində tənzimlənməsi prosesini dayandıra bilər, ölkələr bu üzdən bu qurum daxilində mübahisələrin tənzimlənməsi prosesini iflic edə bilər, ölkələr bu üzdən aralarındakı ticarət ixtilaflarının aradan qaldırılması üzrə nəticəsi öncədən daha az bəlli ikitərəfli danışıqlar prosesi aparmağa vadar olacaq.

-İranın neft ixracatı sanksiyaların basqısı altında azalacaq, ABŞ-da hasilat isə artacaq. 2019-cu ildə dünya iqtisadiyyatında dayanıqsız artım müşahidə olunacaq, Səudiyyə Ərəbistanı və Rusya isə qiymətlərin kəskin düşməsinə yol verməmək qəsdilə kürəsəl neft bazarlarındakı hadisələrə qabakı kimi operativ qıcıq verəcək. Bu arada STQ-nin kürəsəl bazarları daha dartışmalı olacaq, çünki Birləşmiş Ştatlar 2019-cu ildə sıxılmış təbii qazın əsas ixracatçıları arasında öz yerini tutacaq.

 

Yeni və narahat kürəsəl gerçəklik

 

Stratfor” nəşri bir ildən qabaqlar qeyd edib ki, ABŞ, Çin və Rusiya arasında rəqabətin  güclənməsi beynəlxalq sistemin müəyyənləşdirici özəlliyinə çevrilərək böyük dövlətlərin rəqabətinin cənginə keçən orta dövlətlər üçün çətin durumlar yaradacaq. Ticarət savaşları, kliberhücumlar, müdafiə strategiyasında dəyişikliklər və silahlanma qovğası dünyanı çox tezliklə əmin etdi ki, yeni və narahat kürəsəl gerçəklik meydana çıxıb.

2019-cu ildə böyük dövlətlərin rəqabəti yalnız güclənəcək. Ağ Ev Çinin tam bir sıra strateji sahələrdə irəliləməsini ikiqat enerjiylə önləyəcək. Pekin bu irəliləmə prosesində zərbələr alacaq, amma ABŞ-la tənləşmə əldə etmək üçün səylərin sürətləndirilməsi və fəallaşdırılması üçün indi heç vaxt olmadığı qədər vasitə və motivləri var. Şübhəsiz, Çin və Rusiyanın münasibətləri qəlizdir və böyük qarşılıqlı sevgi hiss olunmur, lakin 2019-cu ildə yaxınlaşma cəhdi onların narahat tərəfdaşlığındakı çəkişməni gücləndirəcək.

Bu yeni kürəsəl dinamika getdikcə daha  da qəlizləşən ərazidə öz yolunu tapmağa çalışan orta dövlətlərə və beynəlxalq biznesə böyük başağrısı yaradacaq.

2019-cu il Çini kip hörülmüş tədarüklər zəncirindən və Amerikanın mürəkkəb duruma düşmüş ən etibarlı müttəfiqlərindən təcrid etməyə can atan ABŞ-n imkanlarının hüdudlarını sərgiləyəcək, çünki bu müttəfiqlər, bir yandan, təhlükəsizlik sahəsində ABŞ-la möhkəm münasibət saxlamalı, o biri yandan isə Çinlə iqtisadi əlaqələri genişləndirməlidirlər. Avropanın böyük dövlətləri ikinci dərəcəli ziyanlardan yayınmaq üçün kürəsəl miqyasda AB-nin suverenliyini bərkitməyə çalışsa da, əvvəlki tək əsasən kürəsəl rəqabətdəki hadisələrə reaksiya verəcək. Polşa, Türkiyə və Tayvan kimi sərhədyanı ölkələrə gəlincə, siyasi iqlimin bəzi hallarda sərtləşdirilməsi hərbi alyanslar formalaşdıran zaman və güclü qəyyumlardan özəl iqtsadi mənfəət əldə edərkən onlar üçün əlverişli strateji imkanlar yaradacaq.

Öncül texnologiyalar və pozulan müqavilələr qarşıdakı illərdə hərbi cəbbəxanaların simasını və tərkibini dəyişəcək.

Öncül texnologiyaların sürətli inkişafı silahlanma üzərində nəzarət haqda müqavilələrin sabit pozulmasıyla çulğaşmada ABŞ, Rusiya və Çin arasında silahlanma qovğasını tezləşdirəcək. Vaşinqtonun OUMR haqda müqavilədən ağlabatan çıxması və SHS-3-ün (strateji hücum silahları-red.) qeyri-müəyyən taleyi Avropada fikir ayrılıqılarını gücləndirəcək, çünki Qərb ölkələri silahların çoxalması tələsinə düşməməyə çalışır, Rusiyaya bitişik Polşa, Baltikyanı, ola bilsin, Rumıniya kimi ölkələr isə Amerikanın hərbi güc və vasitələrini öz ərazilərində könüllü yerləşdirməyə hazırdır. ABŞ bu zaman Çinə güclü əks-tarazlıq cəbbəxanası qurmaq üçün fəaliyyət azadlığı əldə edəcək, çünki Pekin öz strateji niyyətlərindən çıxış edərək silahlanmaya nəzarət haqda belə paktlar bağlamamağa çalışır və sakit okeanın qərb bölümündə gücünü dayanıqlı şəkildə artırmağı sürdürür.

Böyük dövlətlər arasında bu rəqabətin ideoloji arşınları az gözədəyən olacaq. Birləşmiş Ştatlar Çin-Rusiya oxunun çağırışını qəbul edib və rəqabətə hazırdır, amma qeyri-standart taktikaya güvənir və təkbaşına hərəkət etməyə can ataraq bununla da müttəfiq kimi Vaşinqtona olduqca gərəkən bir çox orta dövlətləri özündən döndərmək riskinə gedir. Qərb cəbhəsi parçalanıb, Birləşmiş Ştatlar isə savaşdan sonra biçimlənmiş dünya düzənini yönəltmək qaydaları sistemini artıq fəal qorumadığından Çin Amerika həmləsini zəiflətmək üçün  orta dövlətlər arasında çoxlu fikir ayrılıqları tapacaq. Hətta daxili məsələləri tənzimləmək və xaricə ixrac üçün ÇXR-in mənimsədiyi rəqəmsal avtoritarizmə əsaslanan texnologiyalar Qərblə tərəfdaşlıq halında qaçılmaz siyasi liberalizmə əndişəylə baxan avtokratik meylli ölkələr üçün cəlbedici olacaq.

 

ardı var…

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 319          Tarix: 12-12-2018, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma