Xəbər lenti

“Rusiya müxtəlif ölkələrdə atom elektrik stansiyaları inşa edir. Bundan Rusiya milyardarla dollar qazanc götürür. Rusiyanın Türkiyədə inşa etdiyi atom elektrik stansiyası rəsmi Bakının da diqqətini cəlb edə bilərdi. Azərbaycan özünü elektriklə təmin edir. Kiçik su elektrik stansiyaları inşa edilir. Ancaq görünür, hakimiyyət öz qarşısında daha böyük iqtisadi hədəflər qoyduğundan, bunun üçün daha çox enerjiyə malik olmaq haqqında da düşünür”.

Bunu Strateq.az-a şərhində politoloq Elxan Şahinoğlu Rusiyanın Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikməsi barədə təklifini dəyərləndirərkən bildirib.

Xatırladaq ki, Rusiya mətbuatı “Rosatom“dövlət korporasiyasının Azərbaycan prezidenti İlham Əliyevə ölkədə AES tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif etdiyi barədə məlumat yayıb.

E.Şahinoğlu xatırladır ki, əslində 1980-ci illərin ortalarında Gəncədə atom elektrik mərkəzinin tikintisi planlaşdırılıb:

“Ancaq 1986-cı ildə Çernobıldakı dəhşətli qəzadan sonra Gəncədəki tikinti başlamadan dayandırıldı. Mümkündür ki, rəsmi Bakı atom elektrik stansiyasının tikintisi ilə bağlı Rusiyanın müvafiq nazirliyi ilə danışıqlara başlasın. Ancaq onu da unutmamalıyıq ki, belə bir stansiyanın tikintisi bizi Rusiyadan asılı vəziyyətə salacaq. Çünki həm mütəxəssislər Rusiyadan cəlb olunacaq, həm də mərkəzin daimi işlək vəziyyətdə olması qonşu dövlətdən asılıdır. Qarşımızda Ermənistan nümunəsi var. Ona görə də qərar vermək üçün tələsmək lazım deyil. Birincisi, özümüz üçün müəyyənləşdirməliyik ki, atom elektrik stansiyası bizə nə dərəcədə lazımdır? Əgər lazımdırsa Rusiyadan başqa digər dövlətlərə müraciət etməliyikmi? Məsələn, Yaponiya və Fransa da müaisir texnlogiyalara əsaslanaraq müxtəlif dövlətlərdə atom elektrik stansiyaları tikir. Yəni belə bir stansiya bizə vacibdirsə, tender keçirilməlidir. Türkiyə də belə edib. Türkiyə Yaponiya ilə də ortaq mərkəz tikəcək”.

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 408          Tarix: 13-12-2018, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma