Xəbər lenti

  AĞAYEV NADİR (Nadir Mirələkbər oğlu Ağayev, d. 13.03.

1938 Salyan ş.)

 

ABŞ Dövlət Departamentinin siya-hısına daxil edil­miş 47-ci Sovet dissi-denti, Sovetlərin psixiatriya terroruna mə­­ruz qalmış insan. Əsərlərini bəsit texniki vasitələrlə az tirajda çoxaldıb (özbasım - samizdat) yayan müəllif.

 

 

Dülgər ailəsində doğulub, anası evdar qadın olub. On iki uşaq­lı ailənin sonbeşiyidir. 1957-ci ildə Bakıda 199 saylı orta mək­­təbi bitirərək Azərbaycan Politexnik İnstitutunun Memarlıq Fa­­kültəsinə qəbul olunub. 1963-cü ildə ali təhsilini başa vur­duq­da gənc mütəxəssis kimi təyinatla Qazaxıstan Sovet Sosialist Res­pub­likasında işləməyə göndəriblər. Almatıda Kənd Tikinti La­yihə İnstitutunda işləyib. Orada çalışarkən Qazaxların həyat səviyyəsi, ya­şayış tərzi ilə maraqlanıb. Öyrəndikləri onu hey­rət­lən­dirib. Öl­kədə Qazaxlarla ikinci sinif insan kimi dav­ra­nıl­ma­sının, rəhbər iş­lərdə rusdillilərin çalışdırıldığının, Qazax dilinin ida­rə və təş­kilat­lar­dan tamam sıxışdırılıb çıxarıldığının şahidi olub. Qazaxların çoxluq təşkil etdiyi bir respublikada Qazax dilli ye­ganə məktəbin Almatı şəhərində olmasını, Sovetlərin bey­nəl­mi­ləlçilik siyasətinin ruslaşdırmaya gətirib çıxardığını görüb. Burada qalarsa, özünün də, övladlarının da ruslaşacağını anlayıb. Buna görə də, təyinat müddətinin bitməsini gözləmədən 1964-cü ildə Bakıya dönüb.







1964-1971-ci illərdə Azərbaycan Kənd Tikinti Layihə İnsti­tutunda mühəndis kimi işləyib. Qısa müddətdə işgüzarlığı ilə kollektivin rəğbətini qazanıb. Onu layihə üzrə baş mühəndis və­zifəsinə keçiriblər. 1966-cı ildə isə Azərbaycan SSR-də 2000-ci ilədək kompleks planlaşdırma qrupuna rəhbər təyin ediblər. 30-a yaxın layihəyə rəhbərlik etməklə yanaşı, 1967-ci ildə Azər­bay­can Elmlər Akademiyası Memarlıq və İncəsənət İnsti­tu­tun­dan dissertasiya mövzusu götürüb.

Dissertant kimi elmi işi üzərində işləməklə yanaşı, dostları və iş yoldaşları arasında 1964-cü ilin oktyabrında Nikita Xruş­şov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra totalitar rejimin sərt­ləşməsini müzakirə edir. Ölkədə baş verənləri irəliyə deyil, ge­riyə dönüş kimi qiymətləndirir. Ölkədə insanların biganə­ləş­diril­diyini, repressiyaya məruz qalanların müdafiə edilmədiyini, birpartiyalı sistemin faciələrə yol açdığını, milli respublikaların hüquqlarının pozulduğunu söyləyir.

1964-cü ilin sonlarında DTK-nın tapşırığı ilə milis böl­məsinə aparırlar. Apardığı söhbətlərdən xəbərdar olduqlarını bil­di­rirlər. Hədələyirlər ki, onun söhbətlərinin mayasında antisovet, antisosialist təbliğat var. Əksfikirli bir adam öz işini nə qədər yax­şı bilsə də, onu rəhbər vəzifədə saxlamaq olmaz. Söy­lə­dik­lə­rinə antisovet, antisosialist donu geydirib istədikləri vaxt onu həbs etdirə bilərlər. Xeyli çək-çevirdən, hədə-qorxudan sonra on­dan izahat alıb buraxırlar.

Nadir Ağayev səhərisi gün işə gələndə görür ki, onu və­zi­fə­sindən uzaqlaşdırıb, mühəndis vəzifəsinə keçiriblər. O, yuxarı orqanlara şikayət edir, qanuni haqqını tələb edir. İki ay sonra is­tə­yinə nail olur. Lakin cəmiyyətdəki nöqsanları tənqid etməkdən əl götürmür.

Dissertasiyasını tamamlasa da, oxuyub müzakirə etmirlər. İşdə də vəziyyət getdikcə gərginləşir. Adamları ona qarşı qal­dı­rırlar. 1971-ci il mayın 5-də rəhbərlik onu məcbur edir ki, ərizə ya­zıb işdən çıxsın. O, ərizə yazmasa, tələ qurulacağından, böh­tana məruz qalacağından çəkinərək işdən çıxmaq haqqında ərizə yazıb rəhbərliyə verir. Beləliklə də, 1975-ci ilədək işsiz qalır.

İşsiz olduğu müddətdə siyasi təbliğatla ardıcıl məşğul ol­maq imkanı əldə edir. Adamlardan təcrid etmək üçün ona hədə-qor­xu gəlir və haqqında mülki cinayət işi qaldırırlar. O, bir müddət yuxarı orqanlara ərizə və şikayət etməklə özünü qoruya bilir. Təzyiqlərdən yaxa qurtarmaq və elmi işini müdafiə etmək məq­sədilə 1975-ci ildə Moskvaya yola düşür. Orada yerli partiya-sovet orqanlarının yarıtmaz işindən Sov.İKP Mərkəzi Ko­mitə-sinə, SSRİ Ali Sovetinə, SSRİ Baş Prokurorluğuna, Moskva­dakı beynəlxalq təşkilatların nümayəndəliklərinə şikayət məktubları göndərir.

Azərbaycandan göndərilmiş DTK əməkdaşları aprel ayı­nın 13-də onu Moskvada tutaraq Bakıya gətirirlər. Evində ax­ta­rış aparıb əlyazmalarını və sənədlərini götürürlər. Özünü isə Ba­yıldakı 1 saylı İstintaq Təcridxanasına göndərirlər. Haqqında Azər­baycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi­nin birinci hissəsilə cinayət işi açırlar. Onun əlyazmalarındakı fikirlərini və adamlarla söhbətlərini respublika rəhbərliyindən na­razılıq, qanunlara əməl edilməməsinə, saxtakarlığa etiraz kimi deyil, antisovet təbliğat kimi qiymətləndirirlər.

İstintaq təcridxanasında saxlandığı bir ayda ondan is­tə­dik­ləri izahatı ala bilmədiklərinə görə Bakı şəhər 2 saylı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Dispanserinə gön­də­rir­lər. Həkim ekspertlər Nadir Ağayevin psixi xəstə olmadığı qə­ra­rına gə­lirlər. Belə olduqda onu yenidən istintaq təcridxanasına qay­ta­rır­lar. Oradan da hakim qarşısına çıxarırlar. Hakim onu mü­ha­kimə etmək əvəzinə öyüd-nəsihət verir. Buyurur ki, Azər­baycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci kati­binin adına məktub yazaraq səhvə yol verdiyini, peşman olduğunu, bir daha kommunist partiyası və Sovet hökuməti əleyhinə təbliğat apar­ma­ya­cağını bildirsin. Üzürxahlıq edərək bağışlanmasını xahiş et­sin. Belə edərsə, ona cəza verməz, əksinə, münasib bir işlə təmin edil­məsinə, ailəsinin güzaranının yaxşılaşdırılmasına yardımçı olar.

Lakin Nadir Ağayev nə DTK əməkdaşlarının, nə də ha­ki­min fikri ilə razılaşır. O, haqlı olduğunu, heç bir qanunsuzluğa yol vermədiyini, respublikada rüşvətxorluq, saxtakarlıq və is­teh­sal edilən məhsulların həcmini həqiqətdə olduğundan çox göstərməyin bir yoluxucu xəstəliyə çevrildiyini söyləyir.

Nadir Ağayev görür ki, qanunvericiliyə əməl edilmir. Məh­­kəməyə dövlət ittihamçısı kimi prokuror çıxmır, istintaq qay­da­larına əməl edilmir, vəkilin iştirakı olmadan hakim onunla is­tə­diyi şəkildə söhbət edir, sonra da protokol tərtib edir. Bu min­valla onu 4 dəfə hakim yanına gətirirlər. 5-ci dəfə hakim ya­nına gətiriləndə o bildirir ki, bir daha məhkəməyə gəlməyəcək. Ha­kim ailə üzv­lə­rinə və ona hökmü oxuyacağını söyləyir. 4-5 saat gözləsələr də, hakimi görə, məhkəmənin hökmünü ala bil­mir­lər.

Nadir Ağayevə məhkəmənin hökmünü 1 saylı İstintaq Təc­ridxanasında verirlər. Hökmdə göstərilir ki, Nadir Ağayev SSRİ-ni həbsxanalar ölkəsi, Sovet Azərbaycanını da Rusiyanın müs­təmləkələrindən biri adlandırır. Azərbaycanda ruslaşdırma si­yasəti yürüdüldüyünü və bu işin həyata keçirilməsində milli kadrlardan – partiya-sovet işçilərindən, məhkəmə, prokrorluq, mi­­lis və dövlət təhlükəsizliyi orqanlarında çalışanlardan istifadə edil­diyini, sözdə demokrayiyadan dəm vurulsa da, gerçəklikdə de­mokratiyadan əsər-əlamət olmadığını söyləyir. Yazılarında da bu fikirləri təbliğ etməyə çalışır.

Məhkəmənin hökmü ilə Nadir Ağayev 3 illiyinə 5 saylı İslah Əmək düşərgəsində “islah olunmağa” göndərilir. O, yuxarı təş­kilatlara şikayət etməyin mənasız olduğunu başa düşür. Bu­ra­dan qurtarmağın yeganə yolunu onda görür ki, həbsxana qay­da­larına əməl etsin, istehsalatda ona tapşırılmış işləri artıqlaması ilə və yüksək keyfiyyətlə yerinə yetirsin. Tapşırılan işləri vax­tın­da görən, nizam-intizamlı və “islah olunmuş” məhbus kimi onu cə­za müddətindən 14 ay əvvəl həbsdən azad edirlər. Bundan xə­bər tutan DTK əməkdaşları prokurorluq orqanlarına təzyiq gös­tərir. Azərbaycan Respublika prokurorunun müavini 1977-ci ilin 28 aprelində məhkəməyə göndərdiyi məktubda Nadir Ağayevin vaxtından əvvəl azad edilməsini qanunsuz sayılır. Neftçala rayon məh­kəməsi prokurorluğun protestini təmin edir.

Nadir Ağayev həbsxanaya getməkdənsə, qaçaq yaşamağa üs­tün­lük verir. 2 aya yaxın Bakıda gizləndikdən sonra Qaza­xıs­ta­nın Aktyubinsk vilayətinə gedir. 2 aya yaxın orada yaşadıqdan sonra Krasnoyarsk diyarına gedərək Yenisey çayı ətrafında, Tay­qada günəmuzd işləməklə gününü keçirir. Ucuz işçi qüvvəsi kimi ondan istifadə etdiklərindən qeydiyyata düşmür.

1978-ci ildə müəllimə işləyən xanımını DTK-ya çağıraraq ona təzyiq göstərirlər. Məcbur edirlər ki, antisovetizmi, millət­çi­li­yi təbliğ edən, qanunlardan qaçan adamdan uzaq olsun, ondan boşansın. Ailəsinin dağıldığından xəbər tutan Nadir Ağayev Ba­kı­ya gəlir. Onu 1978-ci il iyul ayının 15-də həbs edərək Bakı şə­hər 2 saylı Məhkəmə Tibbi Psixiatriya Dispanserinə göndərirlər. 49 gün burada “müalicə” edildikdən sonra həkimlər onun sağ­lam olduğu haqqında rəy verirlər.

Onu yenidən həbsxanaya salırlar. 18 ay sonra isə Moskva­da­kı Serbski adına Məhkəmə Tibbi Ekspertiza və Patoloji Ana­tomiya İnstitutuna göndərilir. Sovetlər Birliyində qəddarlığı ilə ad çıxarmış DTK şefi Feliks Dzerjinskinin qızı, DTK generalı Mar­­­qa­rita Talsenin rəhbərlik etdiyi bu müəssisədə insanlar üzə­rin­­də hər çür qanunsuz təcrübələr aparılırdı. Buradakı “müayinə” və “pro­filaktik müalicə”dən sonra Nadir Ağayevi sax­ta diaqnozla Dnep­ropetrovsk şəhərində DİN nəzdində olan xüsusi tipli ruhi xəs­təxanaya (psixkonslagerə) məcburi müalicəyə göndərirlər. O burada 9 il məcburi “müalicə” olunur.

Verilən işgəncələr, üzərində aparılan təcrübələr nə qədər ağrı-açılı olsa da, Nadir Ağayev özü kimi nahaqdan “müalicəyə” gön­dərilmiş insanların özkeçmişlərini öyrənir, onları yazıya alır, bir surətini özündə saxlayır, başqa surətlərini müxtəlif yollarla ta­nış­la­rına göndərir. Milliyətçə Alban olan, Moskvadakı Albaniya sə­fir­li­yinin işçisi İsmail Farkanın burada azərbaycanlı Mehdiyev so­ya­dı ilə saxlandığından xəbər tutur. Onun və özünün haqqında gön­dər­dikləri hüquq müdafiəçilərinin diqqətini daha çox çəkir. Bu adam­ların nahaqdan ruhi xəstəxanaya salınması beləliklə ic­ti­mailə­şir.

1988-ci il noyabr ayının 26-da 10 il 5 ay həbsxana və ruhi xəstəxanada min bir əziyyət çəkən Nadir Ağayev azad edilir. O, öz hüquqlarını tapdalayanlarla mübarizəyə başlayır. 1989 –1990-cı illərdə Moskvadakı iki mötəbər həkim komissiyasından sənəd ala bilir ki, heç vaxt ruhi xəstə olmayıb. Buna baxmaya-raq, So­vet məhkəməsi ona bəraət vermək, qanunsuz yerə ona əziyyət ve­rənləri cəzalandırmaq istəmir.

Amerikanın Dövlət Departamenti Beynəlxalq İnsan Haq­la­rını Müdafiə Təşkilatı ilə razılaşdırmaqla Sovetlər Birliyindən olan dissidentlərin sırasına Nadir Ağayevin də adını daxil edir. Bu siyahıda Nadir Ağayev 47-ci sırada durur.

Helsinki İnsan Haqları Təşkilatının köməyi ilə Nadir Ağa­ye­və yeni suverenlik aktı qəbul etmiş Azərbaycan Res­pub­li­ka­sı­nın Ali Məhkəməsi 1992-ci il martın 10-da bəraət hökmü verir. 

Sovet DTK-nın zülmündən qurtardıqdan sonra içtimai-siyasi fəaliyyətini genişləndirir. Azərbaycanda Xalq Cəbhəsinin dayaq dəstələrinin yaradılmasında fəal iştirak edir. Sonra fikir ayrı-lığına görə bu təşkilatdan uzaqlaşır.

Sovet dövründə geniş yayılan siyasi lətifələri, həbsxana xa­tirələrini, ruhi xəstəxanada tanış olduğu dissident və Sovet ideo­logiyasından fərqli düşünənlərə verilən işgəncələrdən bəhs edən kitabçalar hazırlayaraq özbasım (samizdat) yolu ilə çap edə­rək yayır. Onu Azərbaycan Milli Qurtuluş Təşkilatının Mərkəzi Şurasına üzv seçirlər. 1990-cı ilin ilk günlərində təşkilat par­ti­ya­ya cevriləndə oradan uzaqlaşır.

Özünün nahaqdan tutularaq həbsxanalara və ruhi xəs­tə­xa­nalara salınmasında Azərbaycan Kommunist Partiyasının və bu par­tiyaya 13 il rəhbərlik etmiş Heydər Əliyevin də rolu oldu­ğu­nu söyləyən Nadir Ağayev 1992-ci ildə Yeni Azərbaycan Par­ti­yası ya­radılanda onun fəallarından birinə çevrilir. Keçmiş partiya-so­vet məmurlarının yaratdığı bu partiyanın pərdəarxası məqsədi Heydər Əliyevi yenidən hakimiyyətə gətirmək idi.

Nadir Ağayev onu və onun kimi yüzlərlə insanı faciəyə məh­kum etmiş kommunist məmurlarla birləşərək demokratik qüv-vələrə qarşı sərt mübarizə aparır. Heydər Əliyev hakimiyyətə gəldikdə Nadir Ağayevi Binəqədi rayon İçra Hakiminə müavin tə­yin edirlər. O burada işlədiyi az müddətdə çox eybəcərliklər gö­rür. Gördükləri haqqında partiyanın mərkəzi aparatına, res­pub­lika prezdentinə məlumatlar verir, təcili tədbirlər görül­mə­si­ni tələb edir. Onun yazdıqlarına və dediklərinə reaksiya ve­ril­mədiyini gördükdə 1995-ci il avqustun 8-də Yeni Azərbaycan Par­tiyasının üzvlüyündən çıxdığını elan edir.

İctimai-siyasi fəaliyyətini davam etdirən Nadir Ağayev Azər­­baycan Siyasi Repressiyanın Günahsız Qurbanları Assosa­si­yası İdarə Heyətinə üzv, Beynəlxalq İnsan Hüquqları Cə­miyyə­tinin Azərbaycan Milli Bölməsinə sədr müavini, Helsinki Və­tən­daş Assambleyası Azərbaycan Milli Komitəsinin sədr müavini seçilir.

Sovet dövründə Azərbaycan Kommunist Partiyası və onun bi­rinci katibi Heydər Əliyevə qarşı olan, 1992-ci ildə onun ye­ni­dən hakimiyyətə gəlməsi uğrunda fədakarlıq göstərən, de­mok­ratik qüvvələrə qarşı mübarizə aparan Nadir Ağayev 1995-ci ildən, vəzifədən uzaqlaşdıqdan sonra Heydər Əliyevin əleyhinə da­nışmağa və yazmağa başlayır. Heç bir qaynaq göstərmədən Heydər Əliyevin valideynlərinin başqa millətlərdən olduğunu təbliğ edir və bu mövzuda “Fəlakətlərimizin baiskarı” adlı kitab yazaraq yayır.

Hazırda Bakıda yaşayan Nadir Ağayev 4 övlad atasıdır. Onun övladlarından ikisi öncəki evliliyindən, ikisi də həbsdən çıxdıqdan sonrakı evliliyindəndir.




Ana səhifəyə qayıt        Baxış: 1 941          Tarix: 20-02-2019, 20:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma