Xəbər lenti

 

Qarabağ probleminin diplomatik yolla həllinə olan ümidlər azaldıqca, problemin müharibə yolu ilə həlli ehtimalı daha çox aktuallaşmaqdadır. Hətta bəzi siyasilər hesab edir ki, Azərbaycan müharibəyə başlayacağı təqdirdə yalnız Qarabağı deyil, sovet dönəmində Kremlin diktəsi ilə ermənilərə verilən digər tarixi torpaqlarımızın da azad edilməsinə nail olmalı, tarixi ədaləti bərpa etməlidir.

Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli problemin yeganə həll yolunun müharibədən keçdiyini vurğulamaqla yanaşı, bu məsələdə bəzi incəliklərin fərqinə varmağın zəruriliyini də qeyd etdi:

“Hesab edirəm ki, Qarabağın qaytarılması yalnız müharibədən keçir. Azərbaycan tərəfi antiterror əməliyyatlarına başlamalıdır. Vaxt gözləmir. Buna artıq hüquqi əsaslar da vardır. Çünki Ermənistan bizim torpaqlarımızı işğal edibdir və işğalçı dövlətdir. Biz öz torpaqlarımızı qaytarmalıyıq. Bundan sonra isə Zəngəzur, Göyçə, İrəvan məsələsi gəlir... Yəni, Qarabağda antiterror əməliyyatları uğurla başa çatdıqdan sonra biz Dağlıq Qarabağa muxtariyyat məsələsini müzakirə edə bilərik. Amma bir şərtlə...Ermənistan ərazilərindən qaçqın düşmüş həmvətənlərimizə də muxtariyyat verilməlidir. Bütün bunlar ardıcıl olaraq yerinə yetirilməlidir. Bu həm də beynəlxalq hüququn prinsiplərinə uyğundur. Amma ilk olaraq Göyçə, Zəngəzur və başqa məsələləri qoysaq, biz Qarabağda antiterror əməliyyatları keçirə bilmərik...

Bu gün Ermənistan da istəyər ki, biz Qarabağda antiterror əməliyyatları keçirmədən öncə Ermənistan ərazilərində qalan tarixi torpaqlarımızı qaytaraq. Ondan bar-bar bağıracaqlar ki, Azərbaycan bizim əraziləri işğal edibdir. Dünyanın iri dövlətlərinə də bələdsiniz. İndi onlar Ermənistanı canı-dildən müdafiə edirlər. Onda görün necə hay-haray çəkərlər... Amma ilk olaraq Qarabağda antiterror əməliyyatlarına başlasaq, bizə dinə bilməyəcəklər. Çünki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.

Bu günlərdə ABŞ kimi supergüc bu məsələni bir daha gündəmə gətirdi və Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə suçladı. Təəssüf edirəm ki, Azərbaycan Xarici İşlər nazirliyi yaranan situasiyalardan uğurla istifadə edə bilmir. Amma bütün ümidimiz hər gün güclənən Azərbaycan ordusunadır. Azərbaycan Baş komandanınadır. Biz Qarabağda antiterror əməliyyatlarını həsrətlə gözləyirik!!! Bizim uğurumuz məhz bu əməliyyatlardan asılıdır!!!”

 

Seymur ƏLİYEV




Ana səhifəyə qayıt        Baxış: 422          Tarix: 23-08-2019, 00:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma