Xəbər lenti

 

Fələstin mövzusu çox ciddidir. Türkiyə uzun müddət Fələstin və onun xalqının tərəfindən çıxış edib. Ancaq burada Fələstin xalqı ilə Fələstinin hazırkı rəhbərliyini fərqləndirmək lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl Fələstinin “Sülh çeşməsi” əməliyyatına qarşı çıxmasından sonra Türkiyənin bu ölkə ilə bağlı mövqeyinin dəyişməsinin mümkünlüyü barədə danışarkən deyib.

“Fələstinə dair tarixi faktları xatırlatmaq istəyirəm. 1470-90-cı illərdə İspaniyada müsəlman və yəhudiləri məhv edirdilər. Osmanlı imperiyası onları müdafiə etdi və Fələstin ərazisində məskunlaşdırdı. Bu, türklərin fələstinliləri və ya yəhudiləri sevdiyi anlamına gəlmir. Türkiyə ədalət uğrunda vuruşur, ədalət isə Fələstin xalqının yanındadır. Fələstinlilərin torpağında iki dövlət yaradıldı – Fələstin və İsrail. Lakin İsrail mütəmadi olaraq Fələstindən torpaq almağa başladı. Bu, beynəlxalq hüquq və normaların kobud şəkildə pozulmasıdır. Fələstin xalqı haqlı olaraq öz torpaqları uğrunda vuruşur və Türkiyə də həmişə onların tərəfindən çıxış edib”, - ekspert bildirib.

Onun sözlərinə görə, Ankara yalnız Fələstinin maraqlarını müdafiə etməklə qalmır, həmçinin bu və ya digər məsələlərdə beynəlxalq hüquq və normaların gözlənilməsi mövqeyindən çıxış edir.

“Hər şeydən əvvəl Türkiyə bu torpaqlardakı müqəddəs müsəlman şəhərlərinin qorunması mövqeyindən çıxış edir. Səlahəddin Əyyubi dövründən sonra Qüdsü türklər qoruyublar. Odur ki, tarixi faktları nəzərə alanda hazırkı Fələstin rəhbərliyinin bəyanatı qeyri-ciddilikdən başqa bir şey deyil”, - ekspert qeyd edib.

Toğrul İsmayıl bildirib ki, sözügedən addım Fələstin rəhbərliyinə xaricdən çox ciddi təzyiq olduğunu göstərir:

“Rəhbərliyin qərarı fələstinlilərin mövqeyini əks etdirmir. Xalq başa düşür, türklərin onlara qarşı münasibətini görür və bu bəyanatla razılaşa bilməz. Türkiyə hətta bu bəyanatdan sonra da fələstinlilərin müdafiəsinə davam edəcək”.

Qeyd edək ki, Fələstinin “Sülh çeşməsi” əməliyyatına qarşı mövqe alması barədə məlumat hələlik rəsmən təsdiqlənməsə də, təkzib də edilməyib.




Ana səhifəyə qayıt        Baxış: 389          Tarix: 15-10-2019, 10:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma