Xəbər lenti

"Vestnik Kavkaza" informasiya agentliyi V.N.Karazin adına Xarkov Milli Universitetinin əməkdaşı, arxeoloq, bərpaçı, tarixçi Tatyana Krupa ilə söhbət edib. Bərpaçı alim öz müşahidələrinə əsasən bu qənaətə gəlir ki, İrəvan xanlığı dövrünə aid tarixi abidələr müasir Ermənistan hakimiyyəti tərəfindən sistemli şəkildə məhv edilir. 

Həmin müsahibəni "525-ci qəzet" Azərbaycan dilinə tərcümə edib. Onu oxuculara təqdim edirik:

 

– İrəvana səfəriniz zamanı nələri aşkar etdiniz, nələri müəyyənləşdirdiniz?

– Əvvəla, qeyd edim ki, mən Xarkovda erməni kirvələrimizin yanında böyümüşəm. Doğma bibimin həyat yoldaşı isə Bakıdan olan azərbaycanlı idi. Yəni heç bir tərəfə qarşı nifrət hissim yoxdur, əksinə, hörmətim və qarşılıqlı işləmək istəyim var.

İrəvanda dəfələrlə səfərdə olmuşam, abidələrə baxmışam. Bunu da deyim ki, məni səmimi qarşıladılar. Lakin məni təşvişə salan şəhər boyu gəzintilərim zamanı İrəvan xanlığına aid bir dənə də olsun abidəyə rast gəlməməyim oldu. Axı bu, tarixin böyük bir mərhələsidir. Mədəni irsin müdafiəsiylə məşğul olduğum üçün müşahidələrim məndə bir sıra sual yaratdı: axı niyə erməni kilsələrini, gözəl şəhərin müasir arxitekturasını görürəm, amma İrəvan xanlığı saraylarına aid arxeoloji qalıqlara belə rast gələ bilmirəm? Yalnız, belə deyək, fars məscidi(qeyd: İrəvan xanlığı dövründə tikilən Göy Məscid, azərbaycanlılara məxsusdur – 525) var, bəs qalanları hara yox olub? Bu regionda qədim zamanlardan daş tikililər mövcud olub. Orada Erebuni qalası, Teyşebaini qalası qalıb, bəs xan saraylarının qalıqları haradadır? Onlar müharibələr zamanı yoxa çıxa bilməzdilər: Birinci Dünya Müharibəsi zamanı Ermənistanda böyük hərbi əməliyyatlar keçirilməyib. İrəvana bomba tökülməyib, Spitakda baş verən zəlzələ kimi böyük faciə bu ərazidə yaşanmayıb. Bunlara baxmayaraq, XIX əsrə aid saray kompleks və məscidləri qalmayıb. Amma həmin dövrə aid adi tikililər mövcuddur və həm də çox yaxşı vəziyətdədir. Bunu da deyim ki, İrəvan xanlığının paytaxtında məscidlərin sayı mütləq çox olmalıydı. Məsələn, işğal altında olan Şuşada 17 məscid vardı. İrəvanda da məscidlərin sayı az olmamalıydı. Bəs onlar necə oldu? Belə nəticəyə gəlmək olar ki, onlar məqsədyönlü şəkildə erməni hökuməti tərəfindən dağıdılıb. Onların Osmanlı Türkiyəsi və Səfəvi İranıyla problemlərini nəzərə alsaq, bu məqsəd bizə aydın görünür. Bu abidələrdə dəqiq tarixi mənbələr vardı, amma onsuz da, Tbilisi İncəsənət Muzeyində XX əsrin əvvəllərində İrəvanın azərbaycanlı sakinlərinin fotoları, həmçinin, rəsmlər, o cümlədən, İrəvan sarayının şəkli qorunub saxlanılır. Lakin binaların özü dağıdılıb, deməli, İrəvanın keçmişi haqqında siyasi miflərin tarixə heç bir aidiyyəti yoxdur.

Heç bir tarixçi-alim İrəvanın Azərbaycanın böyük geoqrafik ərazisinə aid olmasıyla bağlı mübahisə etməz. Belə alınıb ki, indi həmin ərazi Ermənistan Respublikasıdır. Biz ona yalnız inkişaf və çiçəklənmə arzu edə bilərik. Bəs bu ölkə XVII-XIX əsrə aid mədəni irsi hara yoxa çıxarıb? Xanlıq paytaxtının saray kompleksləri, özü də müstəqil və dövlətli xanlığın sarayları – irsin məhv edilməsi doktrinası çərçivəsində və tarixi yaddaşın yox edilməsiylə yer üzündən silinib.

– Region tarixinin tam bir qatının məhv edilməsi cəhdini necə qiymətləndirirsiniz?

– Ukraynada VIII-X əsrlərin Xəzər Xaqanlığı mövcud olub. Ona görə də Ukrayna dilində bir çox türkizmlər qalıb və tarixin bu səhifəsini heç kim cırıb atmaq fikrinə düşməyib. Əgər indi bu periodu inkar etsəm, onun qalıqlarını dağıtsam, işlərimdə nəzərə almasam, tarixçi yox, ruhi xəstə, dəli sayılaram. Bundan əlavə, tarixi abidələri məhv etsəm, cinayətkara çevrilərəm. Ermənilərin bir çoxunun soyadı Mirzoyan, Əmirxanyan, Bəkiryandı. Bu soyadlar onların türk əsilliyinin göstəricisidir. Və bu, erməni irsinin bir parçasıdır. Necə ki, müasir Azərbaycan və Gürcüstan xalqlarının irsinə Urartu dövrü daxildir. Minilliklər boyu, poleolit dövründən bir xalqın dəyişmədən eyni qalmağını iddia etmək mümkün deyil, qədim urartulular müasir ermənilərlə eyni ola bilməz. Çünki bu torpaqlara başqa xalqlar da gəlib, evlənib, uşaqlar dünyaya gətiriblər.

Yenə də Ukraynayla bağlı bir misal çəkim: bizdə bəzi millətçilər hesab edirlər ki, Tripol mədəniyyəti qədim ukraynalılarındır. Axı onlar Kiçik Asiyadan gəlmə başqa xalq olub. Onların mərkəzi indiki Türkiyə ərazisi idi. Bəli, Tripol mədəniyyəti müasir ukraynalıların etnigenezində iştirak edib, lakin o, indiki ukraynalılarla eyni deyil. Çünki ondan sonra saltovlar, atlı xalqlar, türklər, peçeneqlər, kumanlar gəliblər. Erməni xalqının da etnogenezi eynən bu cür olub.

– Bu il Ermənistanda İrəvanın 2800 illiyini qeyd edirlər. Şəhər, erməni elmi mühitində Romadan qədim hesab olunur. Bunun tarixi sübutu varmı? Xan dövrünə qədər mədəni irs qalıbmı?

– Tarixi statistika, konkret vaxt siyasi mifin bir hissəsidir. Daha bir Ukrayna analoqu: Xarkovda Qızıl Ordanın izləri, e.ə. V əsrə aid erkən dəmir dövrünün abidələri var, lakin Xarkovun əsasının 1654-cü ildə qoyulduğu müəyyənləşdirilib. Bu, yazılı şəkildə Xarkovun şəhər kimi adının qeyd olunduğu ilk tarixdir. Ona qədər olanlar Xarkov deyil. Bunu da deməliyəm ki, üç min il bundan əvvəl İrəvanın bu və ya digər ad altında xatırlandığı hansısa tarixi sənədi görməmişəm, bilmirəm. İndiki İrəvan ərazisində e.ə. X-VII əsrlər Urartu dövrünə aid şəhər var, lakin o, Ereburi və Tayşebanidir. İrəvan şəhərinin bura heç bir aidiyyəti yoxdur. Şəhərin yaşını başqa dövlərə aid abidələrin tarixləri ilə yox, adının tarixi sənədlərdə ilk qeyd olunduğu vaxtla müəyyənləşdirirlər. Təəssüf ki, belə şeylər indi çox dəbdədir. Məsələn, Sevastopoldakı Balaklavanın iki min illiyini qeyd etmək kimi. İki min il əvvəl adının heç yerdə qeyd olunmaması qətiyyən vacib deyil. Əsas məsələ bunu elan etmək, qeyd etmək, büdcəni dağıtmaq, camaatı özünə güldürməkdir.

– Azərbaycan Respublikası prezidenti İlham Əliyevin "azərbaycanlılar tarixi torpaqlarına qayıtmalıdır" fikrinə münasibətiniz necədir?

– Əvvəla, mən çox gözəl başa düşürəm ki, Azərbaycan müasir dövlət kimi Ermənistanın ərazisinə iddialı deyil. Çünki bütün beynəlxalq səviyyələrdə belə deyir. Lakin artıq otuz ildir ki, Azərbaycanın dövlət nəzarəti altında olmayan işğal olunmuş torpaqlarının geri qaytarılması uğrunda mübarizədə olduğunu nəzərə alaraq, prezidentin İrəvan xanlığının Qafqazın ümumi tarixinin bir hissəsi olduğunu xatırlatması yerinə düşür.

Qeyd edim ki, Qarabağ, şübhəsiz, Azərbaycan torpağıdır. Azərbaycan Respublikasının formalaşma dövründə Qarabağ onun ərazizinə aid olub və indi də ora aiddir. Qarabağ muxtariyyatı və onunla qonşu olan işğal edilmiş bütün rayonlar Azərbaycana geri qaytarılmalıdır. Buna görə də Azərbaycan prezidentini müharibə elan edərək Ermənistanı ələ keçirmək niyyətində olduğuna görə ittiham etməyin məntiqi izahı yoxdur, bu, beynəlxalq hüquqa görə də, düzgün olmazdı. Sadəcə, Azərbaycanda həyata keçirilən hərbi reform və digər islahatlar ordu quruculuğunun sürətli inkişafına zəmin yaradıb və bu gün o, daha güclü hərbi vəziyyətdədir. Lakin digər tərəfdən, Azərbaycan torpaqlarının geri qaytarılması məsələsi hələ də həllini tapmayıb.

Tərcümə: "525.az"




Ana səhifəyə qayıt        Baxış: 732          Tarix: 21-02-2018, 14:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma