Xəbər lenti

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a müsahibə verib.  Strateq.azmüsahibəni oxucularına təqdim edir:

 

– Vahid bəy, Azərbaycanın müstəqilliyini ikinci dəfə elan etməsinin 27-ci ildönümü ərəfəsindəyik. İstiqlalçı deputat kimi sizin fikirləriniz maraqlıdır, indiki durumda Azərbaycanın  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ilə bağlı fikirləri necə qarşılayırsınız? Müstəqilliyimiz sarıdan narahat deyilsiniz ki?

– Müstəqilliyimizin uzunömürlü olması bizim ən böyük uğurumuzdur. Ola bilər ötən 27 ildə müəyyən çətinliklərimiz olub, daha böyük nailiyyətlər əldə edə bilməmişik, amma Azərbaycan iqtisadi-siyasi cəhətdən müəyyən qədər inkişaf edib, püxtələşib. Eyni zamanda insanlarımız müstəqilliyin nə olduğunu anlamağa, onun qədir-qiymətini bilməyə başlayıblar. Vətəndaşlarımız başa düşürlər ki, ölkəmizin müstəqilliyinin daimi, əbədi olması üçün nələri etmək lazımdır. Amma son vaxtlar bəzi mətbuat orqanlarında Azərbaycanın müstəqilliyinə xələl və zərər gətirən müəyyən məsələlər müzakirə obyektinə çevrilib. Çox təəssüf edirəm ki, bu müzakirələr elə Milli Məclisin iclasında da açılmaqdadır. Bəzi millət vəkilləri Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması ilə bağlı müsbət fikirlər səsləndirirlər. Bunu onunla əsaslandırırlar ki, əgər Azərbaycan KTMT-yə daxil olarsa, Dağlıq Qarabağ problemi həll olunmasa da, 5-6 rayon işğaldan azad oluna bilər. Əvvəla, bu, bir utopiyadır. Millət vəkillərinin siyasi cəhətdən belə bir fikir irəli sürməsinə mən müsbət yanaşmıram. Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət aparır və bunu dəfələrlə dövlət başçısı öz çıxışlarında qeyd edib. Digər tərəfdən, cənab prezident İlham Əliyev bütün çıxışlarının əvvəlində də, axırında da Azərbaycanın müstəqilliyini ön plana çəkir. Azərbaycanın KTMT-yə daxil olması Azərbaycanın müstəqilliyinə xələl gətirən amil olardı. Yəni bu təşkilata daxil olmaq Azərbaycanın, faktiki, hərbi bloka daxil olması deməkdir. Sabah istənilən vaxt Rusiya-hansı ki, Azərbaycanda Qarabağ problemini yaradıb-bu problemlə əlaqədar olaraq ölkəmizə qoşun da yeridə bilər. Ona görə də mən bu təklifin tamamilə əleyhinəyəm.

– Bəs Rusiyanın ətraf bir neçə rayonları geri qaytarmaq istədiyi barədə məlumatları necə dəyərləndirirsiniz?

– Mən bu rəyləri bölüşmürəm. Əgər Rusiya Qarabağı qaytarmaq istəyirdisə, 27 ildə müəyyən müsbət addım atardı.

– Amma son zamanlar Bakı-Moskva münasibətlərinin görünməmiş həddədək yaxşılaşması, Ermənistan-Rusiya əlaqələrininsə pisləşməsi nikbin fikirlərə əsas verir…

– Mən hələ müsbət addımlar hiss etməmişəm. Rusiya böyük dövlətdir, bizim iqtisadi, siyasi, humanitar, mədəni əlaqələrimiz yüksək səviyyədədir. Dövlət başçıları mütəmadi ya Azərbaycanda, ya da Rusiyada görüşürlər. Bu mənada elə bir problemimiz yoxdur. Amma Azərbaycanın müstəqilliyinə xələl gətirən addımı atmaq bizə başucalığı gətirməz. Üstəlik, cənab prezidentin də müstəqilliyimizin toxunulmaz olması ilə bağlı prinsipial mövqeyi ortadadır. Bir vaxtlar belə fikirlər səslənirdi ki, Azərbaycan Gömrük İttifaqına daxil olmasa, ölkəmizdə ciddi iqtisadi problemlər yaranacaq. Nə oldu? Azərbaycan Gömrük İttifaqına daxil olmadı, heç bir ciddi problem də yaranmadı. İkinci tərəfdən, unutmaq olmaz ki, Rusiya dövlətinin Azərbaycana müəyyən təhdidləri həmişə olub, bu gün də var. Bu gün biz TANAP-TAP layihəsini həyata keçiririk. Rusiyanın imkanı olsaydı, bu layihənin reallaşmasına imkan verməzdi. Yaxşı ki, ABŞ, Avropa dövlətləri, Türkiyə bizi müdafiə etdi və bu layihə həyata keçirilir, 2020-ci ildə tam  istifadəyə veriləcək. Ona görə də siyasilərimiz belə məsələlərdən danışanda bir qədər ehtiyatlı olmalıdırlar, əhalini çaşdırmamalıdırlar.

– Belə yanaşma var ki, Rusiya, nəhayət, “buz”u qırıb məsələnin həlli ilə bağlı addım atacaq, bununla da özünün zədələnmiş reputasiyasına müsbət çalarlar əlavə edəcək. Bu optimizmi bölüşürsünüzmü?

– Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından  çıxıb. Artıq bu məsələ ilə Avropa dövlətləri, ABŞ məşğuldur. ATƏT-in Minsk Qrupuna da heç kəsin inamı qalmayıb. Amma bu, faktdır ki, ABŞ, Avropa, Rusiya, Türkiyənin Azərbaycanda maraqları var.

– Dediklərinizdən belə anlaşılır ki, Rusiya Qarabağ tənzimlənməsi ilə bağlı addım atsa, Qərb buna imkan verməyəcək..

– Bəli. Biz NATO ilə əməkdaşlıq edirik, amma bu Alyansa daxil olmaqla əlaqədar heç bir söz-söhbət getmir. Çünki NATO-ya daxil olsaq, bu dəfə Rusiya tərəfdən müəyyən təzyiqlərə məruz qala bilərik. Necə ki, Gürcüstan, Ukraynada hadisələr baş verdi. Ona görə də ən düzgün yol Azərbaycanın balans siyasətini davam etdirməsidir. Biz niyə orduya hər il dövlət büdcəsindən 3-4 milyard vəsait ayırırıq? Çünki ordumuzu gücləndiririk. Azərbaycan ordusunda bu gün istənilən silah növləri mövcuddur, yeniləri də alınır, hərbçilərimizin əhval-ruhiyyəsi çox yüksəkdir. Yəni torpaqların azad edilməsi yalnız hərbi yoldan keçir. Tarixdə hələ görünməyib ki, sülh yolu ilə işğaldakı torpaq azad edilsin. Mən həmkarlarıma da tövsiyə edirəm ki, bu məsələlərdən danışarkən ehtiyatlı olsunlar. Fikir verirəm, deputatlar bir-birini ittiham edirlər ki, filankəs “5-ci kolon”un nümayəndəsidir, filankəs Türkiyənin… Mən bütün fikirlərə hörmətlə yanaşıram, hər kəsin öz fikri var. Amma millət vəkili Azərbaycanın müstəqilliyinə xələl gətirən hər hansı addım atmamalı, hər hansı bir açıqlama verməməlidir. Bu barədə danışanda da baxmaq lazımdır ki, Azərbaycanda hansı siyasət həyata keçirilir. Əgər doğrudan da Azərbaycanda KTMT-yə üzvlüklə bağlı hər hansı siyasət aparılırsa, problem yoxdur, onun üzərində də fikirləşmək olar. Mən öz fikrimdə yenə də qalıram, Azərbaycan KTMT-yə üzv ola bilər, bir şərtlə: bizim torpaqlarımız son metrinə qədər işğaldan azad olunsun! Ondan sonra biz oturaq, baxaq ki, müşahidəçi statusu ilə bu quruma üzv olacağıq, yoxsa tam üzv şəklində. Özü də unutmayaq ki, vaxtilə mərhum prezident Heydər Əliyev bu qurumda qalmağı məqsədəuyğun saymadı. Birdəfəlik əhali bilməlidir ki, dövlət başçısının əsas strateji mövqeyi bundan ibarətdir: Azərbaycan Qoşulmamaq Hərəkatının üzvüdür, ona görə də bu məsələ birdəfəlik qapanmalıdır. Özü də gələn il Bakı Qoşulmamaq Hərəkatının sammitinə ev sahibliyi edəcək. Bunları nəzərə almaq lazımdır. Azərbaycanın dövlət başçısı mütəmadi olaraq xaricə səfərlər edir, ölkə prezidentlərini Azərbaycanda qəbul edir, müstəqil siyasətini ortaya qoyur. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva isə bu yaxınlarda ilk rəsmi səfərini İtaliyaya etdi. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, xarici ticarətdə birinci yerdə gedir. Bu səfərlərdə əsas məqsəd budur ki, Azərbaycan dünyada öz mövqeyini daha da möhkəmləndirsin, daha da inkişaf etdirsin.

– Parlamentdə növbəti dəfə kreditlərlə bağlı məsələ qaldırdınız və dövlət başçısına müraciət etdiniz. Konstitusiya Məhkəməsinin qərarından sonra gözləntiniz nədən ibarətdir?

– Mən çıxışımda iki məsələyə diqqət çəkdim. Birincisi, biz 2016-cı ildə əmanətlərin tam sığortalanması haqqında qanun qəbul etmişik. Bu qanunun qüvvə müddəti 3 ildir, yəni 2019-cu ilin martında qanun qüvvədən düşəcək. Mən Mərkəzi Bankın sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri ilə, həmçinin banklarla danışdım. Onlarda da fikir belədir ki, bu qanunun müddəti uzadılmalıdır. Bu qanunun qəbulunda məqsəd ondan ibarət idi ki, bank sistemində sağlamlaşdırma prosesi aparılsın. Çox təəssüf ki, müəyyən işlər görülsə də, ciddi sağlamlaşdırmaya nail olmamışıq. Özü də banklarda 8,5 milyard manat əmanət varsa, onun təxminən 40 faizindən çoxu 3 il müddətinə qoyulub. Yəni insanlar görsə ki, həmin müddət uzadılmayıb, vəsaitlərini banklardan çəkə bilərlər. Onsuz da bank sistemində kapitallaşma yaxşı deyil, bu sahədə müəyyən problemlər var, bundan sonra daha ciddi problemlər yarana bilər. Odur ki, mən cənab prezidentdən xahiş etdim ki, həmin qanunun icrasını müəyyən qədər uzatsın. Bu təşəbbüsün əleyhinə çıxan maliyyə qurumları da var, mən adlar çəkmək istəmirəm, amma səhv addımdır. Hesab edirəm ki, sərəncamla bu qanunun vaxtı uzadılmalıdır. Mənim toxunduğum ikinci məsələ dollar kreditləri ilə bağlı idi. Söhbət əsasən 1,8 milyard manatdan bir az artıq vaxtı keçmiş kreditlərin taleyindən gedir. Konstitusiya Məhkəməsinin qərarında qeyd olundu ki, dollar kreditlərindəki məzənnə ilə ödəməlidirlər. Belə çıxır ki, guya məhkəmə bu qərarlar bankları müdafiə etdi. Xeyr, bankları müdafiə etmədilər, həm əhali, həm banklar çox pis vəziyyətdə qoyuldu. Mən oxudum ki, hakimlərdən biri İsa Nəcəfov hətta bu qərarın əleyhinə səs verib. Ona da öz minnətdarlığımı bildirirəm. Çünki Konstitusiya Məhkəməsi əhali üçün çox əhəmiyyətli bir qərar qəbul etməliydi. Biz uzun müddətdir ki, mən və mənim həmkarım Əli Məsimli bu məsələ ilə əlaqədar müraciətlər etmişik. Əvvəl dollarla olan kreditlərlə bağlı 14 səhifəlik təkliflər vermişdik. İki ay bundan qabaq isə biz ikimiz cənab prezidentə bank sisteminin sağlamlaşdırılması, o cümlədən dollarla olan kreditlərlə əlaqədar rəsmi müraciət etdik. Biz demədik gəlin bu dəqiqə banklara vəsaitlər verək. Biz dedik ki, Mərkəzi Bank qiymətli kağızlar vasitəsilə banklara müəyyən vəsaitlər verə bilər. Banklar müəyyən müddətdə vəsaitdən bazarda istifadə etməklə öz problemlərini həll edə bilərlər, dollarla olan kreditlər də bağlanar. Sonra onlar vəsaiti tədricən qaytararlar. Bu təkliflərimizə də hələlik cavab almamışıq. Şəxsən mən minlərlə müraciət alıram. Bəzən o müraciətlərlə əlaqədar bank rəhbərliyinə, yaxud digər qurumlara müraciət edirəm, insanlara müəyyən güzəştlər edirlər. Amma indi Konstitusiya Məhkəməsi belə bir qərar verməklə çox ciddi problem yaradıb. İnsanların onsuz da bu vəsaiti qaytarmaq imkanları yoxdur. Əgər indiyədək müəyyən qədər vəsaiti banklara  qaytarıblarsa, bundan sonra o da mümkün olmayacaq. Çünki artıq dollar kreditləri ilə bağlı qərar verilib. Yəni pis vəziyyət yaranıb. Bu qərarın qəbul olunmasına ehtiyac yox idi.

– Bəs prezident bu qərarı ləğv edə bilərmi?

– Niyə edə bilməz? Prezidentin ixtiyarında olan məsələdir. Bu, çox ciddi problemdir. Özü də təkcə bank sisteminin, əhalinin problemi deyil, ümumiyyətlə, Azərbaycanın maliyyə bazarının problemidir. İndi düzdür, neftin qiyməti çox yüksəkdir, artıq 85 dolları keçib. Neftin qiyməti bizdə yüksək olanda digər məsələlər, ümumiyyətlə, yaddan çıxır. Sabah neftin qiyməti kəskin aşağı düşəndə biz problemlərlə üz-üzə qala bilərik. Təkcə dollar kreditləri ilə bağlı problemi yox, ümumiyyətlə, vaxtı keçmiş kreditlər məsələsini həll etmək lazımdır.

– Valyutadəyişmə məntəqələri ilə bağlı müəmma da qalır…

– Bəli, o məsələ də həll olunmayıb. Vaxtilə qanun qəbul olunanda 50 min söhbəti var idi, biz ona etiraz etdik, dedik lazım deyil. Qoy insanlar bu məntəqələri açıb işlətsinlər. Amma təəssüf ki, qərar qəbul olundu və insanlar da məntəqələri açmır. Bunun səbəbi nədir? Qanun var, prezidentin sərəncamı var, açılması üçün problem yoxdur. Qonşu Türkiyədə bu məntəqələr bankların daxilində fəaliyyət göstərir. Amma onlar lazım olanda şənbə-bazar da işləyirlər. Bizdə turist axını çox yüksək olduğu üçün bu məsələ ilə bağlı şikayətlər var, ona görə də bu məntələrin açılmasına çox böyük ehtiyac var. Özü də təkcə paytaxtda yox, bölgələrdə də…

Elşad PAŞASOY

 




Ana səhifəyə qayıt        Baxış: 164          Tarix: 5-10-2018, 13:27      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent