Xəbər lenti

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtın Rəsul Rza küçəsində, Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında bir neçə köhnə, qəzalı tikililərin söküntüsü aparılır.

BŞİH-dən “Report”a daxil olan məlumatda bildirilib ki, hazırda sinaqoqun yaxınlığındakı Rəsul Rza küçəsi 40 ünvanında mövcud 3 mənzilin söküntüsü həyata keçirilir. Onlardan biri qəzalı vəziyyətdə olan 2 otaqlı mənzil uzun illər xaricdə yaşayan vətəndaşa və həmin mənzilin 1 otağı isə bu sinaqoqun ravvini Moşe Kuşona məxsusdur. Mənzil mülkiyyətçiləri ilə danışıqlar aparılıb, onlara mövcud qanunvericiliyə uyğun olaraq, mülkiyyət sənədləri təqdim olunduqdan sonra alqı-satqı müqaviləsinə uyğun, Maliyyə Nazirliyi tərəfindən müəyyən olunan miqdarda kompensasiya vəsaitinin onlar üçün açılacaq hesaba keçiriləcəyi barədə izahatlar verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Dağ Yəhudiləri icması rəhbərliyi və üzvlərinin xahişləri əsas götürülərək sökülən tikililərin hesabına məbədin ümumi memarlıq ansamblının sahəsinin genişləndirilməsi və burada digər dini ayinlərin yerinə yetirilməsi üçün istifadə olunacaq köməkçi məbəd tikilməsi nəzərdə tutulub.

Məlumatda qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən şəhərin mərkəzində köhnə, istismar müddəti keçmiş, qəzalı vəziyyətdə olan yaşayış və digər təyinatlı tikililərin sökülməsi və burada yaşayan sakinlərə müvafiq kompensasiyaların ödənilməsi ilə köçürülməsi işləri davam etdirilir.

Qeyd edək ki, BŞİH bir sıra yerlərdə, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində ümumilikdə 3 hektar sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb.

 




Ana səhifəyə qayıt        Baxış: 478          Tarix: 8-10-2018, 17:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma