Xəbər lenti

Qida zəhərlənmələri tərkibində bioloji və ya qeyri-bioloji toksinlər saxlayan ərzaqların qəbul edilməsi nəticəsində yaranan çox kəskin haldır. Qida intoksikasiyası da adlandırılan bu halın ən geniş yayılmış formaları mikrobla və müxtəlif kateqoriyalı kimyəvi maddələrlə olan zəhərlənmələrdir. Bu formalara zəhərli bitki və bəzi heyvanların qida vasitəsi kimi qəbul edilməsi nəticəsində yaranan zəhərlən mələr də aiddir.

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu barədə deyib: “Qida toksikonfeksiyaları patogen mikroblar və onların toksinləri ilə yoluxmuş qidaların yeyilməsi zamanı baş verir. Bu növ zəhərlənmələrin törədicisi əksər hallarda protey, stafilokoklar, klebsiyellalar, bağırsaq çöplərinin patogen ştampları və s. mikroblardır. Qidanın saxlanması, hazırlanması və istifadəsi zamanı sanitar-gigiyenik normaların pozulması ərzaqların yoluxmasına və onlarda toksinlərin toplanmasına səbəb olur.

Bəzi mikrobların toksinləri qaynatmaya qarşı dözümlüdür. Buna görə də hətta qaynadılmış xarab məhsullar zəhərlənməyə səbəb ola bilir. Əksər hallarda yoluxmuş qida xarab görünüşdə olur-rəngi, konsentrasiyası dəyişir, xoşagəlməz qoxu və dad yaranır. Xörəklərin qidaya yararlı olmadığını göstərən daha bir əlamət onun içində hava qabarcıqlarının olmasıdır. Lakin bir çox hallarda zəhərlənmə normal orqanoleptik xüsusiyyətlərə malik qidaların qəbulu zamanı baş verir.

Qida toksikoinfeksiyasının bir neçə xarakterik əlaməti var. Birincisi, xarab qidanın qəbulundan sonra zəhərlənmənin baş verməsi, ikincisi, qastroenterititn ilkin əlamətləri-təkrarlanan qusma, əziyyətli ürəkbulanma, güclü ishal. Qida toksikoinfeksiyası zamanı ishalla yanaşı bədən hərarətinin yüksəlməsi, titrətmə, əhvalın pisləşməsi kimi əlamətlər müşahidə olunur.

Üçüncüsü, xəstəlik 1-3 gün davam edir, əlamətləri yavaş-yavaş azalır. Zəhərlənmədən bir müddət sonra zəiflik, qarında sancılar və köp ola bilər”.

Qida toksikoinfeksiyası zamanı ilk yardım barədə məlumat verən həkim bunun üçün bir sıra tədbirlərin görülməsinin vacibliyini bildirib: “İlk növbədə mədənin ilıq qaynadılmış su və yaxud da iki faizli çay sodası məhlulu ilə yuyulması lazımdır. Həmçinin xəstəlik müddətində çox miqdarda su içmək məsləhətdir. Orqanizmin rehidratasiyası məqsədilə ev şəraitində məhlul hazırlamaq olar. Bunun üçün bir litr ilıq suya bir çay qaşığı xörək duzu, bir çay qaşığı çay sodası və iki xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır.

İlk günlərdə qida qəbulu məhdudlaşdırılmalı, asan həzm olunan qidalar az-az və tez-tez yeyilməlidir.

Tənəffüsün birdən-birə pozulması və əzələ zəifliyi, qan qarışıqlı güclü ishal, yüksək qızdırma, uzun müddət davam edən sulu ishal və orqanizmin susuzlaşması zamanı mütləq həkimə müraciət edilməlidir”.

 




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 31-10-2018, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma