Xəbər lenti

«Əvvəllər şəhid ailələrinə çox cüzi müavinətlər verilib. Ona görə də hesab edirəm ki, indi şəhid ailələrinə 11 min manat məbləğində müəyyən edilən birdəfəlik müavinət tam ödənilməlidir».

Bunu hərbçi-hüquqşünas, 2000-ci illərdə Qarabağ uğurunda döyüşlərdə həlak olan insanların hüquqlarını məhkəmələr vasitəsilə müdafiə edən Telman Əbilov bildirib.

T.Əbilov vurğulayıb ki, onun toxunduğu məqamı Milli Məclisin bir sıra deputatları da dilə gətiriblər. O hesab edir ki, burada söhbət ölkənin ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olmuş 10 min nəfərə yaxın hərbi qulluqçunun hüquqlarının müdafiəsindən gedir: «Bununla bağlı 108 milyon manat həcmində vəsait də ayrılıb. Görünür, kimlərsə bu pula da əl qoymaq istəyir, yoxsa şəhid ailələrinə «yox» cavabını başqa cür anlamaq olmur».

Narazı vərəsələrin üz tutduqları dövlət orqanlarında məsələnin fərdi qaydada həllindən ötrü məhkəmələrə müraciət edilməsi ilə bağlı verilən tövsiyələrə gəldikdə isə, T.Əbilov bunu əsassız sayır: «Bu o halda ola bilər ki, şəhidin, ya itkin düşmüş şəxsin sənədləri bu statusu müəyyən etməyə imkan verməsin. Burada söhbət statusdan yox, neçə il əvvəl verilən cüzi müavinətdən gedir. Odur ki, bu müavinətlər indi tam olaraq həmin kateqoriyaya aid insanların ailə üzvlərinə ödənməlidir».

T.Əbilova görə, indiki halda icra orqanı müavinəti rəsmi olaraq ödəməkdən imtina edərsə, o zaman həmin qurumun hərəkətindən məhkəməyə şikayət vermək olar.

Xatırladaq ki, prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Ancaq bəzi həlak olmuş əsgər ailələri fərmanın icrasından narazılıq edirlər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Onlara məhkəməyə üz tutmaq tövsiyə edilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də narazıların fikirlərinə münasibət bildirib.

«1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında» Qanuna əsasən, varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib…», – deyə şirkət bəyan edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatlara görə, indiyədək 1223 hərbi qulluqçu üzrə 1509 vərəsəyə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul edilib. Nazirlik bildirib ki, komissiya həlak olmuş hərbi qulluqçulardan 9531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib. Proses davam edir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 522          Tarix: 12-12-2018, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma