Xəbər lenti

 

“Oturaq həyat tərzi bu gün qaçılmaz bir haldır. Son dövrlər oturaq həyat tərzinin yaratdığı piylənmə problemi pandemiya halını alıb”.

Ovqat.com-un məlumatına görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi, daxili xəstəliklər üzrə mütəxəssis Xəyyam Eyvazov deyib.

Mütəxəssis bildirib ki, oturaq həyat tərzi nəticəsində yaranan piylənmələr ürək-qan damar xəstəlikləri, şəkərli diabet, hətta xərçəngin inkişafı baxımından risklidir: “Oturaq həyat tərzinin ziyanlarını çoxları bilsə də, bununla mübarizə aparmaq hələ də mümkün deyil. İş rejimləri, texnologiyaların sürətli inkişafı hərəkətliliyi məhdudlaşdırır, biz bir növ oturaq həyat tərzi keçirməyə məcbur oluruq. İnsanların çoxu günün əksər saatlarını ofis şəraitində, kompüter önündə keçirirlər, bu isə təbii ki, hərəkət məhdudluğu yaradır”.

Həkim hesab edir ki, ən azı 3 ay oturaq həyat tərzi keçirənlərdə piylənmə prosesi başlayır və bu tədricən ciddi piylənmə ilə nəticələnir.

Onun sözlərinə görə, oturaq həyat tərzi keçirənlər üçün gündəlik ən azı 30 dəqiqə, həftəlik 150 dəqiqə fiziki aktivlik normal sayıla bilər. Bu, orta fiziki aktivlikdə yaşayanlar üçün kifayətdir. 

X. Eyvazov bildirib ki, piylənmə və şəkərli diabetin yaradığı maneələri fiziki aktivliklə dəf etmək mümkündür.

Mütəxəssis qeyd edib ki, qadınlarla bağlı aparılan araşdırmalar göstərir ki, fiziki aktivliyi olan qadınlarda süd vəzi xərçənginə aktiv olmayanlarla müqayisədə 25 faiz az rast gəlinir: “Fiziki aktivliklə hətta süd vəzi, eləcə də digər orqanların xərçənginə qarşı profilaktiki olaraq mübarizə aparmaq, onları önləmək olar”.

Həkim onu da deyib ki, bir çoxları fiziki aktivlik barədə yanlış təsəvvürə malikdirlər: “Məsələn, yolda, dəniz sahilində iti olmayan addımlarla hərəkət etmək aktivlik sayılmır. Eləcə də qadınların ev şəraitində gündəlik gördükləri işlər aktivliyə misal ola bilməz”. Aktiv hərəkətə misal olaraq sürətli yerişi göstərən həkim bu zaman əsas şərtin ürək döyüntülərinin sayının artması olduğunu qeyd edib: “Bu, hər kəs, o cümlədən ürək- damar xəstələri üçün vacib haldır. Amma ürək-damar xəstələri üçün bu hərəkətlilik birdən-birə olmamalıdır”.

X. Eyvazov onu da əlavə edib ki, bir xəstənin çəki indeksi, bədən çevrəsi normaldırsa, həmin şəxsin dieta proqramlarına müraciət etməsi, arıqlamaq istəyi sağlamlığa zərər verə bilər: “Bir şəxsin çəkisi normaldırsa, onun arıqlaması normal sayılmır. Bu, ağır nəticələrə gətirib çıxara bilər”.

Sağlam qidalanma rejimi barədə danışan X. Eyvazov deyib ki, gündə 3 dəfə qidalanmaq normadır: “Bəziləri guya artıq çəkidən azad olmaq üçün gündə bir dəfə qidalanır, bu, tamamilə yanlışdır. Əksinə gündə bir dəfə qidalanan insanlar kökəlməyə meylli olurlar və onların sağlamlıqları üçün ciddi problemlər yaranır”.

Həkim daha çox lifli qidalardan istifadə etməyi tövsiyə edib: “Artıq çəkidən azad olmaz üçün karbohidratı tamamilə qida rasionundan çıxarmaq olmaz. Sürətlə çəki itkisi üçün bir çox hallarda proteinli qidalara üstünlük verilir, bu, tamamilə yanlışdır və orqanizm üçün ciddi fəsadlar yarada bilər. Meyvə-tərəvəzlərə, göyərtilərə üstünlük vermək daha məqsədəuyğundur. Bir boşqab yemək yeyiriksə, boşqabın yarısının tərəvəzə olması məsləhət görülür”.  

Mütəxəssis qidalanmada çörəyin roluna da toxunub: “Çörəkdən tamamilə imtina doğru deyil. Sadəcə, asan həzm edilən karbohidratları rasiondan çıxarmaq lazımdır”.

X. Eyvazov onu da vurğulayıb ki, artıq çəkili insanların qısa müddətdə sürətli çəki itirmələri yanlış yanaşmalardan biridir: “Həftədə 1, ayda isə 4 kiloqram arıqlamaq  norma hesab edilir”. Axşam yeməyindən imtina olunmasını məqbul saymayan mütəxəssis, axşam vaxtı yüngül qidalara üstünlük verməyi tövsiyə edib.




Ana səhifəyə qayıt        Baxış: 894          Tarix: 21-09-2017, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma